Venesuela ABŞ-a 50 milyon barel neft verəcək - TRAMP

Xəbərin çap versiyası
Tarix: 7-01-2026, 13:41


ABŞ prezidenti Donald Tramp Venesuelanın ABŞ-yə 30-50 milyon barel neft verəcəyini deyib. O, bu barədə yanvarın 6-da "Truth Social" platformasında yazıb.

Civilazerbaijan.com
bildirir ki, Trampın sözlərinə görə, neft bazar qiymətinə satılacaq və əldə olunan pul Venesuela və ABŞ xalqlarının "mənafeyi üçün xərclənəcək". O, planın dərhal icrası üçün Enerji Katibliyinə tapşırıq verdiyini əlavə edib.

Bundan bir gün öncə Venesuelanın vitse-prezidenti Delsi Rodrigez prezidentlik səlahiyyətlərini müvəqqəti icra etmək üçün and içib.

ABŞ-nin böyük neft şirkətlərinin nümayəndələrinin bu həftə Trampla görüşməsi gözlənilir. O, daha öncə bildirmişdi ki, ABŞ şirkətləri Venesuelanın enerji infrastrukturunu bərpa edə bilər. 300 milyard bareldən çox neft ehtiyatı olduğu deyilən Venesuela bununla dünya üzrə birinci yerdədir.

Yanvarın 3-ü səhər saatlarında ABŞ ordusu Karakasa zərbələr endirib, Venesuela prezidenti Nikolas Maduro və həyat yoldaşını tutaraq ABŞ-yə gətirib. Maduro narkoterrorçuluq və ABŞ-yə qarşı silahlı hücum planında təqsirləndirilir.

Tramp administrasiyası 2013-cü ildən hakimiyyətdə olan Maduronu Venesuelanın legitim prezidenti kimi tanımır. Maduro ötən il keçirilən səsvermədə yenidən seçildiyini iddia edib, lakin ABŞ və digər Qərb ölkələri həmin seçkini saxta adlandırıb və müstəqil müşahidəçilər seçkilərdə müxalifətin böyük üstünlüklə qalib gəldiyini bildiriblər.

Tramp uzun müddətdir Venesuelanın ABŞ-yə narkotik maddələr ixrac etdiyini iddia edir. ABŞ ordusu bu ölkədən olduğu və narkotik maddə daşıdığı deyilən qayıqlara beynəlxalq sularda zərbələr endirir və bunun nəticəsində onlarla insan həlak olur.

Trampın tənqidçiləri isə qayıqların narkotik maddə daşıdığına dair sübutların olmadığını deyirlər. Maduro da daha öncə ictimaiyyət önündə çıxışında Trampın əsl məqsədinin onu devirmək və ölkənin neft ehtiyatlarını ələ keçirmək olduğunu deyib.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz