Andriy Sibiqa: Kiyev və Moskva Vaşinqtonla ayrı-ayrı Sülh sazişləri imzalayacaq
Tarix: Bu gün, 15:19
"Ukrayna ABŞ ilə 20-bəndlik sülh planını imzalayacaq, ABŞ Rusiya ilə də ayrıca sənəd imzalayacaq".
Civilazerbaijan.com bildirir ki, bunu Ukrayna xarici işlər naziri Andriy Sibiqa "Yevropeyskaya Pravda"ya deyib.
"Məhz 20-bəndlik plandan danışırıqsa, bu, ABŞ və Ukraynanın imzalayacağı ikitərəfli sənəddir. Rusiya ilə də sənədi ABŞ imzalamalıdır. Hazırda məhz bu cür model müzakirə olunur, amma danışıqlar davam edir, bu, bir prosesdir", – o vurğulayıb.
Sibiqanın sözlərinə görə, sazişdə Aİ-nin imzası olmayacaq, ancaq "Avropa bizimlədir, o, sülh prosesində və təhlükəsizlik zəmanətləri üzrə razılaşmalarda iştirak edir". Nazir əlavə edib ki, gələcək razılaşmaların vacib elementləri Ukraynada xarici qoşunların mövcudluğu və "qabaqlayıcı paket"dir.
Sibiqanın dediyinə görə, prezident Volodimir Zelenski ərazi məsələsinin və Zaporojye AES-ə nəzarətin həlli üçün Vladimir Putinlə görüşməyə hazırdır.
Yanvarın 23 və 24-də Ukrayna, ABŞ və Rusiya təmsilçiləri Əbu-Dabidə görüşüb. Ukrayna prezidenti Zelenski ölkəsinin nümayəndə heyətinin hesabatını qəbul edəndən sonra yeni görüşlərin keçiriləcəyini açıqlayıb. Medianın yazdığına görə, Rusiya ordusunun Ukraynada irəliləmə tempi ötən ilin martındakı həddə enib, bu isə Kremli sülh danışıqlarında üstünlükdən məhrum edə bilər, AzadlıqRadiosunun məlumatında qeyd olunur.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər














