Viktor Orban parlament seçkilərində məğlub olub - BEYNƏLXALQ REAKSİYALAR

Xəbərin çap versiyası
Tarix: 13-04-2026, 12:48


Macarıstan baş naziri Viktor Orban aprelin 12-də keçirilən parlament seçkilərində uduzub. Onun başçılıq etdiyi "Fides" partiyası keçmiş müttəfiqi olan Peter Madyarın rəhbərlik etdiyi müxalif "Tisa" partiyasına məğlub olub.

Civilazerbaijan.com
bildirir ki, səsvermənin ilkin nəticələrinə görə, "Tisa" parlamentdə yerlərin 2/3-sini qazanıb, bu isə ona Orbanın həyata keçirdiyi islahatları ləğv etmək səlahiyyəti verəcək. Səsvermə günü axşam Orban telefonla zəng edərək Madyarı qələbə münasibətilə təbrik edib. Seçici fəallığının 80%-ə yaxın olduğu və bunun son 20 ildə rekord göstərici olduğu bildirilir.

Madyar yalnız 2024-cü ildə Orbana müxalif çıxışlar etməyə başlayıb. Onun seçki kampaniyası, əsasən, ölkədəki korrupsiyaya qarşı mübarizə, habelə Avropa İttifaqı (Aİ) ilə yaxınlaşmaya yönəlib.

Orban uzun müddətdir Aİ-nin Ukraynaya ayırdığı 90 milyard avro məbləğindəki kreditə veto qoyurdu. Madyar da seçki dövründə Ukrayna prezidenti Volodimir Zelenski ilə fikir ayrılıqlarının olduğunu deyirdi, lakin onun hakimiyyətə gəlişi Ukraynaya münasibətdə dəyişikliyə yol aça bilər. Eyni zamanda, Orbanın daxili və xarici siyasətinə görə Aİ-nin Macarıstana verməkdən imtina etdiyi maliyyə dəstəyini də Madyarın dövründə verəcəyi gözlənilir.

ABŞ prezidenti Donald Tramp, Rusiya prezidenti Vladimir Putin və İsrail baş naziri Benyamin Netanyahu ilə yaxın münasibətləri olan Orban seçki kampaniyası dövründə onların dəstəyini də qazanmışdı. Tramp bir neçə dəfə "Truth Social" platformasında macarları Orbana səs verməyə çağıran paylaşımlar edib. Vitse-prezident Ceyms Vens isə şəxsən Budapeştə səfər edərək Orbanla görüşmüş və onu dəstəkləyən çıxış etmişdi.

Orbanın Azərbaycan prezidenti İlham Əliyevlə də yaxşı münasibətləri var və ötən il birgə brifinqdə onu "dostu" adlandırmışdı. 16 ildir hakimiyyətdə olan Orban 2012-ci ildə həmin vaxt Macarıstanda erməni hərbçini öldürməkdə təqsirli bilinərək həbs olunmuş Ramil Səfərovun Azərbaycana ekstradisiyasına qərar vermişdi. Orbanın başçılığı altında Macarıstan hökuməti bir neçə dəfə Aİ tərəfindən Azərbaycana qarşı və ya Ermənistan lehinə qərarların qəbuluna veto qoyub.

2023-cü ildə Macarıstan Aİ-nin Ermənistan ordusuna 10 milyon avro yardım ayırmasına qarşı çıxıb. Eyni ildə Aİ-nin Azərbaycanın Dağlıq Qarabağda keçirdiyi hərbi əməliyyatı qınayan bəyanat verməsini də Macarıstan bloklayıb.

Beynəlxalq reaksiyalar

Qeyd edək ki, Macarıstanda keçirilən parlament seçkilərində qələbə qazanan "Tisa" partiyasının sədri Peter Madyar ilk səfərini Varşavaya edəcəyini deyib. Polşa baş naziri Donald Tusk ona güclü dəstək vermişdi. O, daha sonra Aİ maliyyəsinin buraxılması üçün Vyana və Brüsselə gedəcəyini açıqlayıb.

Amerikalı veteran diplomat Daniel Frid Macarıstanda seçkinin nəticəsini "çox böyük iş" adlandırıb, bunun Avropada və digər yerlərdə avtoritar tendensiyalara qarşı böyük təkan olduğunu deyib.

"Viktor Orbanın məğlubiyyəti qəbul etməsi göstərir ki, bu, müxalifətin istədiyi və Macarıstanda demokratiya tərəfdarlarının arzuladığı, ancaq baş verənədək heç kimin gözləmədiyi miqyasda bir qələbədir", – o vurğulayıb.

Bu seçkinin nəticəsini Aİ-nin 27 üzvü diqqətlə izləyirdi. Çünki Budapeştin blokda bir çox ölkələrlə münasibətləri problemlidir. Nəticə Vaşinqton və Moskva üçün də əhəmiyyətlidir, hər iki tərəfin son 16 ildə hakimiyyətdə olan Orbanla güclü əlaqələri var.

"Macarıstan Avropanı seçdi. Avropa isə həmişə Macarıstanı seçib. Bir ölkə öz Avropa yoluna qayıdır", – Orban məğlubiyyətini qəbul edəndən az sonra Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen bildirib.

Ukrayna Prezidenti Volodimir Zelenski Madyarı "inandırıcı qələbə" münasibətilə təbrik edib. "Konstruktiv yanaşma qalib gələndə bu, çox önəmlidir", – o, Telegram-da yazıb.

Orban hökuməti 2022-ci ildə Rusiyanın Ukraynaya genişmiqyaslı hücumundan sonra Rusiyaya qarşı sanksiyalarla bağlı bir çox qərarların qəbulunu ya bloklayıb, ya da zəiflədib. O, Aİ-nin Ukraynaya bəzi dəstəyini də önləyib. Yaxınlarda o, 2026 və 2027-ci illərdə Kiyevə ayrılması nəzərdə tutulan 90 milyard avroluq (105 milyard dollar) krediti dayandırıb. Aİ liderləri 2025-ci ilin dekabrında bununla bağlı ilkin razılaşma əldə etmişdilər.

Ötən ay Macarıstan polisi Avstriyadan Ukraynaya gedən yeddi ukraynalını saxlayıb, 80 milyon dollardan çox nağd pul və 9 kiloqram qızıl külçə daşıyan iki furqonu müsadirə edib. Bu addımdan öncə Orban Ukraynanı "Drujba" boru kəməri vasitəsilə Rusiya neftinin tədarükünü dayandırmaqda suçlayıb. Ukrayna isə bildirir ki, Rusiyanın zərbələri boru kəmərini zədələyib və təmir vaxt tələb edir.

Rusiyaya sızdırılan telefon zəngləri

Bütün bu sadalananlar seçki kampaniyasına təsir göstərib. Üstəlik, Macarıstanın xarici işlər naziri Peter Siyarto ilə bağlı telefon danışıqları da sızdırılıb. Bu danışıqlarda onun rusiyalı həmkarı Sergey Lavrovu Aİ-də yüksəksəviyyəli görüşlər barədə məlumatlandırdığı görünürdü.

Macarıstanın xarici işlər naziri əvvəlcə təkzib etsə də, sonradan danışıqların baş verdiyini təsdiqləyib. O deyib ki, Aİ görüşlərindən əvvəl və sonra təkcə Rusiya ilə deyil, İsrail, Serbiya, Türkiyə və ABŞ-dən olan həmkarları ilə danışır.

"Fransa demokratik iştirakın qələbəsini, Macarıstan xalqının Avropa İttifaqı dəyərlərinə bağlılığını və Macarıstanın Avropadakı yerini alqışlayır", – Fransa prezidenti Emmanuel Makron Madyarı qələbə münasibətilə təbrik edəndən sonra bildirib.

Madyar seçki kampaniyasında, əsasən, daxili məsələlərə, xüsusilə korrupsiyaya qarşı mübarizəyə fokuslanıb.

2025-ci ilin oktyabrında AzadlıqRadiosuna müsahibəsində xarici siyasətdə ehtiyatlı davranacağını deyib. Dediyinə görə, Rusiyadan mədən yanacağı idxalının tezliklə dayandırılması gözlənilmir. Aİ-nin 2027-ci ilədək Moskva ilə enerji əlaqələrini tam kəsmək üçün Macarıstan və qonşu Slovakiyaya təzyiq göstərir.

Hazırda Macarıstan təbii qaz ehtiyacının təxminən 95 faizini Rusiyadan idxal edir. 2025-ci ilin ilk yarısında isə neft idxalının təxminən 92 faizi Rusiyanın payına düşüb.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz