Avropa İttifaqından ayrılan Britaniyada dəyişəcək və dəyişməyəcək 7 ŞEY

Xəbərin çap versiyası
Tarix: 3-02-2020, 13:32
Avropa İttifaqından ayrılan Britaniyada dəyişəcək və dəyişməyəcək


Üç il, üç baş nazir və iki seçkidən sonra Britaniya Avropa İttifaqından (Aİ) ayrıldı.

CivilAzerbaijan.com
bildirir ki, hazırda 11 aylıq keçid dövrü başlayıb.

Bu müddət ərzində və sonra nələr dəyişəcək, nələr olduğu kimi qalacaq?

1. Britaniyanin Avropa Parlamentindəki deputatlarının səlahiyyətləri bitəcək

Avropa Parlamenti üzvlüyünü itirənlər arasında Brexit Partiyasının lideri və Britaniyanın Aİ-dən ayrılmasının memarlarından biri Nigel Farage da var.

Çünki Britaniya Aİ-dən ayrılan kimi İttifaqın siyasi qurum və agentlikləriylə bağlılığını itirəcək.

Keçid dövründə Britaniya Aİ qanunlarına əməl etməyə davam edəcək, qanunlarla bağlı uyğunsuzluqlara isə qərarverici orqan olan Avropa Ədalət Məhkəməsində baxılacaq.

2. Aİ -nin zirvə görüşlərində iştirak etməyəcək

Britaniyanın baş naziri Boris Jonson Aİ-nin zirvə görüşlərində iştirak etmək istəyərsə, xüsusi olaraq dəvət edilməsi lazim gələcək.

Britaniyanın nazirləri artıq Aİ toplantılarına qatılmayacaq və hər hansı qərarın, məsələn, balıq ovuyla bağlı məhdudiyyətlərin qəbulunda iştirak etməyəcəklər.

3. Ticarət mövzusu çox müzakirə olunacaq

Britaniya mal və xidmətlərin alış-satışı məsələsində dünyanın digər ölkələriylə danışıqlara başlaya biləcək.

Aİ üzvlüyü Britaniyaya Aİ və Kanada kimi ölkələrlə rəsmi ticarət danışıqları aparmağa imkan vermirdi. Brexit müdafiəçiləri iddia edirlər ki, ölkənin müstəqil ticarət kursu seçə bilməsi iqtisadiyyatın sıçrayışlı inkişafına səbəb olacaq.

Aİ və Britaniya arasında müzakirə ediləcək mövzu çoxdur. Keçid dövrü bitəndən sonra malların bahalanmaması və başqa ticari maneələrin olmaması üçün Britaniya-Aİ ticarət razılaşmasının imzalanması ən vacib məsələdir.

Belə bir razılaşma əldə edilərsə, keçid dövrü bitənə qədər anlaşmanın maddələri tətbiq edilməyəcək.

4. Britaniya pasportlarının rəngi dəyişəcək

Daha əvvəl mavi olan pasportlar 30 il sonra yenidən bərpa olunacaq, indiki tünd qırmızı pasportlar ləğv ediləcək.

Daxili işlər nazirinin miqrasiya məsələlərini kurasiya edən köməkçisi Brandon Lewis bu haqda hələ 2017-ci ildə məlumat vermiş və ilk dəfə 1921-ci ildə tətbiq edilmiş mavi pasportları "ikona" adlandırmışdı.

Yeni pasportlara keçmək üçün bir neçə ay lazım gələcək. Onların ilin ortalarına kimi hazır olacağı gözlənir.

Avropa İttifaqından ayrılan Britaniyada dəyişəcək və dəyişməyəcək


5. Brexit qəpikləri

Britaniya Brexit xatirəsi olaraq 31 yanvar tarixinin və "Sülh, rifah və bütün xalqlarla dostluq" sözlərinin yazıldığı 3 milyon ədəd 50 penslik sikkə hazırlanacaq. Bu pullar artıq dövriyyəyə buraxılıb.

Ancaq xalq bu məsələdə də ikiyə bölünüb. Aİ-də qalmaq tərəfdarı olan bəzi şəxslər sikkələri qəbul etməyəcəklərini açıqlayıblar.

Hökumət Brexit-in reallaşacağı 31 oktyabr tarixi üçün də sikkə zərb etdirmişdi, ancaq Britaniyanın Aİ-dən ayrılması təxirə düşdüyü üçün onları əritmək məcburiyyətində qaldı.

6. Britaniyanın Brexit komandasının fəaliyyətinə son veriləcək

Britaniya-Aİ müzakirələrində iştirak edən, razılaşma olmaması ehtimalı üçün hazırlıq işləri aparan komanda Brexit baş tutacağı gün fəaliyyətini dayandıracaq.

Brexit idarəsi 2016-cı ildə keçmiş baş nazir Theresa May tərəfindən yaradılmışdı.

Bundan sonrakı danışıqlarda iştirak edəcək kollektivin ünvanı baş nazirin iqamətgahının yerləşdiyi "Downing Street" olacaq.

7. Almaniya qanunu pozanları Britaniyaya verməyəcək

Hər hansı şübhəlinin Almaniyaya qaçması halında onun Britaniyaya qaytarılması mümkün olmayacaq. Almaniyanın konstitusiyası Aİ üzvləri xaric, ölkə vətəndaşlarının ölkədən qovulmasına icazə vermir.

Almaniya Ədalət Nazirliyinin nümayəndəsi BBC-yə müsahibəsində bildirib ki, "Britaniya Aİ-dən ayrılandan sonra əvvəlki qaydalar ona aid edilə bilməz".

Eyni məhdudiyyətlərin başqa ölkələr tərəfindən də tətbiq edilib-edilməyəcəyi məlum deyil. Məsələn, Sloveniya vəziyyətin qarışıq olduğunu bildirir.

Avropa Komissiyası isə məsələyə münasibət bildirmək istəmir.

Britaniyanın Daxili İşlər Nazirliyi deyir ki, Avropa Həbs Orderi bütün keçid dövründə qüvvədə olacaq (Bu o deməkdir ki, Almaniya Almaniya vətəndaşları olmayan şəxsləri ekstradisiya etmək haqqına malik olacaq).

Ancaq onu da qeyd edir ki, bir ölkənin qanunları şübhəliləri Britaniyaya qaytarmağa mane olursa, həmin ölkə "məhkəməni öz ərazisində davam etdirə və günahkarı cəzalandıra" bilər.

Nələr dəyişməyəcək?

Keçid dönəmi Brexit-dən dərhal sonra başlayacağı üçün bir çox şey dəyişməmiş qalacaq - ən azı 31 dekabr 2020-ci il tarixinə qədər.

Avropa İttifaqından ayrılan Britaniyada dəyişəcək və dəyişməyəcək


1. Səyahət

Təyyarələr, gəmilər və qatarlar əvvəlki qaydalarla hərəkət edəcək.

Keçid dövründə Britaniya vətəndaşları pasport yoxlanışı üçün Aİ vətəndaşlarına aid bölümlərdə növbəyə dura biləcəklər.

2. Sürücülük vəsiqələri və ev heyvanlarının pasportları

Etibarlı olduqları müddət ərzində qəbuluna davam ediləcək.

3. Avropa Tibbi Sığorta Kartı (EHIC)

Bu kartlar Britaniya vətəndaşlarına imkan verir ki, hər hansı qəza zamanı meydana gələ biləcək xəstəlikləri rəsmi quruluşlarda müalicə etdirsinlər.

Keçid dövründə kartlardan Aİ ölkələrində (o cümlədən, İsveçrə, Norveç, İslandiya və Lixtenşteyndə də) istifadə etmək mümkün olacaq.

4. Aİ ərazisində yaşamaq və işləmək

Keçid dövründə hərəkət azadlığı davam edəcək; indi olduğu kimi, Britaniya vətəndaşları Aİ ərazisində yaşamağa və işləməyə davam edə biləcəklər.

Bu, Britaniya yaşamaq və işləmək istəyən Aİ vətəndaşlarına da aiddir

5. Pensiyalar

Aİ ərazisində yaşayan Britaniya vətəndaşları pensiyalarını və illik artımları dövlətdən almağa davam edəcəklər.

6. Büdcəyə ayırmalar

Keçid dövründə Britaniya Aİ büdcəsinə pul ödəməyə davam edəcək. Bu, Aİ tərəfindən maliyyələşdirilən layihələrin davam etdiriləcəyi deməkdir.

7. Ticarət

Britaniya və Aİ arasındakı ticarət əlaqələri əlavə ödənişlər və yoxlamalar olmadan davam edəcək. (BBC)

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz