Avropada təkrar karantin olacaqmı?

Xəbərin çap versiyası
Tarix: 21-08-2020, 13:46
Avropada təkrar karantin olacaqmı?


Dünya Səhiyyə Təşkilatının (DST) rəsmisi deyir ki, insanların tətildən qayıtmasıyla koronavirusa yeni yoluxmaların qeydə alındığı Avropa ölkələrində təkrar karantinə ehtiyac yoxdur.

CivilAzerbaijan.com
bildirir ki, DST-nin Avropa bölümünün başçısı Hans Klugenin söyləməsinə görə, təməl ümummilli və əlavə hədəfli tədbirlər səhiyyə orqanlarının virusu lokallaşdıraraq kökünü kəsməsinə daha yaxşı şərait yaradır.

“Biz virusu idarə edərək iqtisadiyyatı ayaqda saxlaya, təhsil sistemini də aça bilərik”, – o, avqustun 20-də jurnalistlərə deyib.

Hazırda yeni yoluxmalar İtaliya, Fransa, İspaniya və Almaniyada qeydə alınır.

Avropa və Amerika

İtaliyada avqustun 20-də 845 yeni yoluxma təsdiqlənib ki, bu, maydan bəri ən yüksək göstəricidir. Fransa 4 min 700, İspaniya ondan da çox, Almaniya 1707 yeni yoluxma qeydə alıb.

Ancaq Amerika qitəsində yoluxmalar Avropadan qat-qat çoxdur. Avqustun 20-də Birləşmiş Ştatlarda 46 mindən çox yoluxma təsdiqlənib və onların çoxu Kaliforniya, Texas və Floridanın payına düşür. Braziliyada 49 mindən yoluxma baş verib. Hər iki ölkədə gündəlik ölü sayı mini keçir.

Johns Hopkins Universitetinin hesablamasına görə, dünyada yoluxma sayı 22,5 milyondan, ölü sayı 790 mindən çoxdur. Birləşmiş Ştatlarda 174 mindən, Braziliyada 112 mindən çox xəstə həyatını itirib.

Cənubi Koreyada avqustun 20-də açıqlanmış 324 yeni yoluxma rəsmiləri təlaşlandırıb. Bu, martın 8-dən bəri ən yüksək rəqəmdir.

“Vəziyyət çox ciddidir”, – Səhiyyə nazirinin müavini Kim Gang-lip brifinqdə deyib.

İndi hökumət ötən həftə Seulda siyasi yürüşə qatılanların, eləcə də iştirakçıları vilayətlərdən gətirən sürücülərin adlarını dəqiqləşdirməyə çalışır, nazir müavini söyləyib.

Cənubi Koreya xəstəliyi cilovlamaqdan ötrü intensiv izləmə və testlər həyata keçirib. Nəticədə bu Asiya ölkəsində indiyədək 17 minədək yoluxma, 309 ölüm qeydə alınıb.

İqtisadiyyatla bağlı bəd xəbərlər gəlir

Avqustun 20-də Birləşmiş Ştatlarda gələn iqtisadi xəbərlər də ürəkaçan olmayıb. İşsizlik ərizələri dolduran amerikalıların sayı 1 milyonu keçib.

Almaniya iqtisadiyyatı da karantinin, digər qadağaların acısını yaşamaqdadır. Maliyyə naziri deyib ki, ölkə 2021-ci ildə daha çox borclana bilər.

Hökumət şirkətləri və vətəndaşları pandemiyanın təsirindən qorumaqdan ötrü bir trilyon avrodan çox vəsait boyun olub. Bu vəsait kreditlər, qrantlar, daha qısa iş həftəsinə imkan verən subsidiyalı proqramlara ayrılır.

Virusun yayılmaqda davam etməsi isə vaksin yarışını qızışdırmaqdadır.

Rusiya Sputnik V vaksininin 40 mindən çox insana vurulduğunu açıqlaıb. Ölkə rəsmiləri vaksini təntənə ilə təqdim etsələr də, dünya üzrə mütəxəssislər ona şübhəylə yanaşıblar. Çünki vaksin 3-cü mərhələ sınaqdan keçirilmədən qeydiyyata alınıb, barəsindəki məlumatlar müstəqil alimlər tərəfindən nəzərdən keçirilməyib.

Meksikanın Xarici işlər naziri Marcelo Ebrard ölkəsinin azı 2 min Sputnik V dozası alaraq əhalisi üzərində sınaqdan keçirəcəyini açıqlayıb.

Bir sıra digər vaksinlər də kütləvi test mərhələsinə yaxınlaşır, ölkələr isə artıq öncədən milyonlarla doza sifariş etməkdədir, AzadlıqRadiosu-nun məlumatında qeyd olunur.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz