ABŞ və Ukrayna ikitərəfli təhlükəsizlik sazişi imzalayıb

Xəbərin çap versiyası
Tarix: 14-06-2024, 10:24

Foto: Kevin Lamarque, Reuters

ABŞ prezidenti Co Bayden və Ukrayna prezidenti Volodimir Zelenski cümə axşamı Birləşmiş Ştatlar və Ukrayna arasında tarixi ikitərəfli təhlükəsizlik sazişini imzalayıblar.

Civilazerbaijan.com
bildirir ki, ABŞ sazişi “Birləşmiş Ştatların hazırda və gələcəkdə Ukraynaya güclü dəstəyinə güclü siqnal” adlandırıb.

“Birləşmiş Ştatlar bu saziş vasitəsilə Ukraynanın hazırda özünü müdafiə etmək qabiliyyətini gücləndirməsi və gələcəkdə təcavüzün qarşısını alması üçün tərəfdaşları ilə işləyəcək”, müqavilənin imzalanmasından sonra açıqlanan bəyanatda deyilir.

“Bu yolla biz Avropanın və Amerikanın təhlükəsizliyinin əsasını təşkil edən Ukraynanın təhlükəsizliyini gücləndirəcəyik”, sənəddə qeyd edilir.

Birləşmiş Ştatlar və Ukraynanın bu 10 illik müqavilənin imzalanması ilə həm qısa, həm də uzunmüddətli perspektivdə Ukrayna üçün etibarlı müdafiə və çəkindirmə qabiliyyətinin yaradılması və saxlanması, Ukraynanın Avro-Atlantik regiona inteqrasiyasının sürətləndirilməsi və ədalətli sülhə nail olunması üçün əməkdaşlıq edəcəyi bildirilir.

Razılaşmada həmçinin gələcəkdə Rusiyanın Ukraynaya silahlı hücumunun baş verdiyi halda Ukraynaya dəstək məqsədilə müvafiq və zəruri tədbirlərin müəyyən edilməsi və Rusiyanın məsuliyyətə cəlb edilməsi üçün məsləhətləşmələrin aparılmasının planlaşdırıldığı deyilir.

“Bu saziş, eləcə də Ukraynanın sənayesi inkişaf etmiş ölkələrin Böüyk Yeddilər (G7) qrupunun Ukraynaya Dəstək Birgə Bəyannaməsi çərçivəsində tərəfdaşları ilə imzaladığı təhlükəsizlik sazişləri Ukraynanı NATO üzvlüyünə aparan körpünün əsas hissəsidir”, sənəddə bildirilir.

“Prezident Bayden keçən il Vilnüsdə dediyi kimi və NATO müttəfiqlərinin razılaşdığı kimi, Ukraynanın gələcəyi NATO-dadır” – deyə, sənəddə vurğulanır.

“Biz Ukraynanın təhlükəsizliyinə uzunmüddətli öhdəliklər götürmək üçün onların üzləşdiyi təcili təhdidləri aradan qaldırmaq və baş verə biləcək hər hansı təcavüzün qarşısını almaq üçün NATO prosesinin tamamlanmasını gözləmirik”, bəyanatda qeyd edilir.

“Biz bu gün mümkün olan ən aydın mesajı veririk: Birləşmiş Ştatlar Ukrayna xalqı öz azadlığını və demokratiyasını müdafiə edərkən onların yanındadır. Ukrayna ABŞ-Ukrayna tərəfdaşlığının davamlı gücünə arxalana bilər”, bəyanatda bildirilir.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz