Bayden və Tramp arasında 2024-cü il seçkisinin ilk debatı keçirilib

Xəbərin çap versiyası
Tarix: 28-06-2024, 13:53


ABŞ Prezidenti Co Bayden və keçmiş Prezident Donald Tramp cümə axşamı gecəsi keçirilən debatın əvvəlindən fikir ayrılığı yaşadılar və ABŞ iqtisadiyyatı, xarici əlaqələr, abort hüquqları və Meksika sərhədindən ABŞ-a miqrasiya ilə bağlı məsələlərdə ciddi mübahisələr apardılar.

Civilazerbaijan.com
bildirir ki, debat CNN telekanalının təşkilatçılğı ilə baş tutub.

“Biz Üçüncü Dünya xalqı kimiyik və bu, utancvericidir,” Tramp CNN-in Atlantadakı baş qərargahında keçirilən debat səhnəsində televiziya tamaşaçılarına dedi.

“Artıq bizə hörmət edilmir" Tramp bildirərək, Baydeni günahlandırdı. "Onlar bizim axmaq olduğumuzu düşünürlər.”

Bayden isə bir anda Trampa baxaraq cavab verdi: “Bu, Amerika tarixindəki ən pis prezidentdir. Bu adamın Amerika demokratiyasına dair anlayışı yoxdur.”

Noyabrın 5-də keçiriləcək seçkilərə dörd aydan çox zamanın qaldığı bir vaxtda, Bayden-Tramp qarşıdurması ABŞ prezident seçkisinin ən erkən debatı oldu. Bu, həm də onların 2020-ci ildə Baydenin Trampı məğlub etməsindən öncə iki ay ərzində baş tutan iki debatının təkrarı idi.

Bu, ilk dəfə idi ki, ABŞ-ın iki Prezidenti arasında debat keçirilirdi. Və 2020-ci ilin oktyabrından bəri ilk dəfə idi ki, Bayden və Tramp eyni otaqda görüntülənirdi.

Tramp Baydenin 2021-ci ilin yanvarında baş tutan inaqurasiyasında iştirak etməmişdi və onlar o zamandan bəri, bir-birlərini tənqid edirlər.

Tramp son günlərdə Baydenin debata hazırlıqlarını lağa qoyub və onun 90 dəqiqə üz-üzə görüşə tab gətirməsi üçün tibbi dəstəyə ehtiyacı olduğuna işarə edib. Tramp Filadelfiyada keçirilən mitinqdə (əli ilə dırnaq işarəsi göstərərək) “Hazırda, əyri Co “hazırlaşmaq” üçün daxmaya gedib” deyib. “İndi o yatır, çünki onlar onun yaxşı və güclü olmasını istəyir.”

Tramp uzun müddətdir Baydenin “iki cümləni bir araya” gətirə bilmədiyini iddia edir. Ancaq bu yaxınlarda Tramp, tərəfdarlarını Baydenin Trampın onu təsvir etdiyi kimi ahıl kişidən daha qüdrətli biri ola biləcəyi ehtimalına hazırlayıb.

“Mən güman edirəm ki, o, layiqli debat iştirakçısı olacaq,” Tramp bir jurnalistə deyib. “Mən onu ciddiyə almamaq istəmirəm.”

Bayden isə öz növbəsində debat üzərində razılıq əldə edilmədən bir müddət öncə, may ayının ortalarında “Donald Tramp 2020-ci ildə iki debatda mənə uduzdu. O zamandan bəri o, debata çıxmayıb” deyib. Tramp bu ilin əvvəlində Respublikaçı rəqiblərinə qarşı bir neçə debatda iştirak etməyib.

“İndi özünü elə aparır sanki yenə mənimlə debat aparmaq istəyir,” Bayden deyib. “Gəl, günümü yaxşılaşdır, dostum.”

Debat zamanı studiyada izləyici olmayıb və iki namizədi çox az sayda yardımçı müşayiət edib. Birinci ledi Cill Bayden studiyada olub. Trampın həyat yoldaşı Melaniya orda olmayıb, amma Trampın vitse-prezidentliyə mümkün namizədi ola biləcək bir neçə Respublikaçı isə orada olub.

2024-cü il seçkisində prezidentliyinə iki namizəd ABŞ tarixindəki ən yaşlı prezidentlərdir. Demokrat Bayden 81, Respublikaçı Tramp isə 78 yaşındadır. Onlar ABŞ-ın 2025-ci ilin yanvarından başlayaraq necə idarə olunmalı və onun hərbi supergüc kimi dünya məsələlərində hansı rol oynamalı olduğuna dair çox fərqli fikirlərə sahibdirlər. Bayden Avropa müttəfiqləri ilə yaxın əlaqənin davam etdirilməsinə çağırır, Tramp isə ABŞ-ın təcridçi dünyagörüşünü müdafiə edir.

Bayden Qərb ölkələrini Ukraynanın Rusiyanın hərbi müdaxiləsinə qarşı mübarizəsinə dəstək vermək üçün bir araya toplayıb. Tramp isə ABŞ-ın Kyiv qüvvələrinə davamlı dəstəyi ilə bağlı şübhələrini dilə gətirib və bildirib ki, o, münaqişəni tez bir zamanda həll edə bilər, amma bunu necə edəcəyini deməyib.

Hər iki namizəd HƏMAS militantlarına qarşı müharibədə İsrailə dəstəklərini ifadə edib. Ancaq Bayden son zamanlarda İsrail Baş naziri Benyamin Netanyahunun Qəzzadakı müharibəni aparmaq şəklini və orada, fələstinlilər arasında tələfat sayını tənqid edib. Qəzza səhiyyə nazirliyinin məlumatına görə, Qəzzada ölənlərin sayı, əksəriyyəti qadın və uşaq olmaqla, artıq 37 mini keçib. Bayden atəşkəsə çağırış edib, Tramp isə deyib ki, İsrail HƏMAS-ı məğlub etmək üçün “lazım olanı etməlidir.”

Ümummilli rəy sorğuları Bayden və Trampa dəstəyin çox yaxın olduğunu göstərir.

ABŞ-da çox sayda siyasi analitik deyir ki, milyonlarla amerikalı artıq seçimlərini edib. Ancaq bir çox seçici onların hər ikisi sevmir və istəksiz bir şəkildə ikisindən birini seçə, üçüncü partiya namizədinə və ya müstəqil namizədə səs vermə, və ya heç səs verməyə bilər.

Hələ ki, qərar verməyən müstəqil seçicilər və ya seçki kampaniyasını yaxından izləməyən insanlar üçün isə debat onlara qərar verməyə və ya ən azından onları Bayden və ya Trampa doğru istiqamətləndirməyə yardım edə bilər. İkinci debat sentyabrın 10-na təyin edilib? Amerikanın Səsinin məlumatında qeyd olunur.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz