NATO sammitindən Ukraynaya dəstəklə bağlı BƏYANNAMƏ

Xəbərin çap versiyası
Tarix: 11-07-2024, 12:59


Vaşinqtonda keçirilən NATO sammitində iyulun 10-da qəbul edilən bəyannamədə deyilir ki, Ukrayna NATO-ya üzvlük üçün "dönməz" yoldadır. Alyansın 32 üzv ölkəsinin müzakirə etdiyi əsas məsələlərdən biri Rusiya təcavüzünə qarşı mübarizə aparan Ukraynaya dəstək olub.

Civilazerbaijan.com
bildirir ki, bəyannamədə Ukraynanın iqtisadiyyatda, demokratik islahatlarda əldə etdiyi proqres vurğulanır. Bunlar NATO-ya üzvlük üçün ilkin şərt sayılır. "Ukrayna bu həyati əhəmiyyətli işi davam etdirdikcə, biz də onun tam Avroatlantik inteqrasiyasını, o cümlədən NATO-ya üzvlüyünə dönməz yolda dəstəkləyəcəyik", - bəyannamədə yazılıb.

Bununla yanaşı, NATO-nun öncəki Vilnüs sammitində olduğu kimi, üzv ölkələr Ukraynanın təşkilata daxil olmaq prosesinin başlamasından ötrü konkret vaxt qoymayıblar. Bəyannamədə deyilir ki, müttəfiqlər arasında razılıq olunca və Ukrayna şərtləri yerinə yetirincə Kiyevə NATO-ya üzvlük dəvətnaməsi veriləcək.

Üzv ölkələr Rusiya təcavüzünə qarşı mübarizədə Ukraynaya yardım göstərməklə bağlı qəti niyyət ifadə ediblər.

Çin ilk dəfə tənqid olunur

NATO-nun yekun bəyannamasində ilk dəfə olaraq Çin Rusiyaya Ukrayna ilə müharibədə verdiyi "həlledici" dəstəyə görə tənqid olunur. Çindən tələb olunur ki, silahlanma üçün komponentlərin və Rusiya hərbi-sənaye kompleksinin işində həlledici texnologiyaların təchizatını dayandırsın. "Pekin Avropa tarixində son dönəmlərin ən irimiqyaslı müharibəsini öz maraqları və reputasiyasına mənfi təsir vurmadan dəstəkləyə bilməz", - NATO Çinə xəbərdarlıq edir.

NATO baş katibi Yens Stoltenberq bir daha vurğulayıb ki, alyans Ukraynanı davamlı dəstəkləyəcək: "Ukraynaya dəstək xeyriyyə işi deyil. Bu bizim öz təhlükəsizlik maraqlarımız çərçivəsində görülür".

Sammitin yekun bəyannaməsində deyilir ki, NATO proporsional ödəmələrin yardımı ilə gələn il ərzində Ukraynanın təhlükəsizliyi və qələbəsi üçün 40 milyard avro dəyərində baza maliyyəsi ayıracaq.

Niderland, digər NATO üzvləri Ukraynaya havadan müdafiə sistemləri, qırıcılar verəcəklər

Niderland "çox tezliklə" Ukraynanı "Patriot" havadan müdafiə sistemlərinin vəd olunan komponentləri ilə təchiz etməyə başlayacaq. Bunu ölkənin müdafiə naziri Vaşinqtonda NATO sammiti çərçivəsində AzadlıqRadiosunun müxbirinə deyib.

"Təchiz etdiyimiz "Patriot" sisteminin hissələrinə gəlincə, deyə bilərəm ki, onları çox tezliklə verəcəyik", - müdafiə naziri Ruben Bekelmans iyulun 10-da söyləyib.

"F-16-lara gəlincə... konkret tarix deyə bilmərəm. Bilirik ki, rusiyalılar və prezident Vladimir Putin, hamı F-16-ların nə vaxt veriləcəyi ilə maraqlanır", - o, sözlərinə əlavə edib.

Bekelmans onu da deyib ki, qabaqcıl qırıcı təyyarələr "mümkün qədər tez" veriləcək.

Rumıniyada təlim mərkəzi açılacaq

Nazir onu da vurğulayıb ki, ölkəsi və NATO müttəfiqləri ukraynalı pilotları F-16-ları sürməyə hazırlaşdırmaqdan ötrü Rumıniyada Avropa təlim mərkəzi açmaq üzərində "gərgin" işləyir.

Norveç iyulun 10-da bildirib ki, 2024-cü ildə Ukraynaya vəd etdiyi altı F-16-nı verməyə başlayacaq.

İyulun 10-da ABŞ dövlət katibi Antoni Blinken F-16-ların transferinin başlandığını söyləyib.

İyulun 9-da Niderland da ABŞ, Almaniya, İtaliya və Rumıniyanın Ukraynaya çox gərəkən havadan müdafiə sistemləri vermək vədlərinə qoşulub. Rusiyanın gündəlik dron və raket zərbələri ölkəni iflic edib, Ukraynanın enerji infrastrukturuna ağır zərbə vurub.

Zelenskinin hədəfi

Ukrayna prezidenti Volodimir Zelenski bu vədləri "Rusiyanın Ukrayna əhalisini, şəhərlərini və icmalarını terrorizə etmək qabiliyyətinin getdikcə azalacağının aydın əlaməti" adlandırıb.

Zelenski iyunun 11-də Berlində bir konfransda demişdi ki, Ukraynaya şəhər mərkəzlərini qorumaq üçün azı yeddi əlavə "Patriot" sistemləri lazımdır.

O, Vaşinqtona 9-11 iyul NATO sammitinə gələndə jurnalistlərə söyləyib ki, nümayəndə heyəti əlavə havadan müdafiə sistemləri və qırıcılar əldə etməyə fokuslanacaq.

AzadlıqRadiosunun məlumatında qeyd olunur ki, sammitdə Ukraynaya 2025-ci ildə 40 milyard avroluq (43 milyard dollar) hərbi yardım ayırmaq təklifi müzakirə olunur. Üzv ölkələr daha öncə alyansın baş katibi Yens Stoltenberqin təklif etdiyi çoxillik hərbi yardım paketini razılaşdıra bilməyiblər.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz