Müxalifət və beynəlxalq ictimaiyyət Venesuelada Maduronun qələbəsini TANIMAYIB

Xəbərin çap versiyası
Tarix: 29-07-2024, 15:25


İyulun 28-də Venesuelada keçirilən prezident seçkilərinin qalibi elan olunub.

Civilazerbaijan.com
bildirir ki, Venesuelanın Milli Seçki Şurası Nikolas Maduronun seçkilərdə 51,2 faiz səslə qalib gəldiyini açıqlayıb. Milli Seçki Şurası səslərin hələ 80 faizinin hesabladığını qeyd edib.

Prezident sarayında tərəfdarlarının qarşısına çıxan Nikolas Maduro yenidən seçilməsinin sülh və sabitliyin zəfəri olduğunu bildirib. Maduro əlavə edib ki, o, bazar ertəsi “böyük milli dialoq” keçirmək üçün fərman imzalayacaq.

Müxalifət lideri Maria Corina Machado müxalifətçi namizəd Edmundo Qonzalesin səslərin 70 faizini qazandığını iddia edib:

“Venesuelanın yeni seçilmiş Prezidenti var və bu, Edmundo Qonzalesdir. Biz qalib gəldik və bunu bütün dünya bilir”.

ABŞ dövlət katibi Entoni Blinken Vaşinqtonun elan edilən nəticənin Venesuela xalqının iradəsini və ya səslərini əks etdirməməsindən ciddi narahat olduğunu qeyd edib. E.Blinken seçki orqanlarını səslərin ətraflı cədvəlini dərc etməyə çağırıb.

Venesuelanın qonşuları Argentina, Peru və Çili nəticələri tanımadıqlarını bildirib. Argentinanın Prezidenti Javier Miley venesuelalı müxalifətçi Edmundo Qonzalesi qalib sayıb:

“Məlumatlar müxalifətin sarsıdıcı qələbəsini göstərir və dünya Maduronun məğlubiyyətini etiraf etməsini gözləyir… Argentina növbəti hiyləni etiraf etmək niyyətində deyil və bu dəfə silahlı qüvvələrə ümid edir. Həmçinin, demokratiyanı və xalqın iradəsini müdafiə edəcək”.

Perunun xarici işlər naziri Xavyer Qonzales-Olaeçea Venesuelada keçirilən səsverməni “xalqın iradəsinə hücum” adlandırıb.

“Mən Venesuela hökumətinin törətdiyi saxtakarlıq modelini qəti şəkildə pisləyirəm”, –deyə nazir əlavə edib.

Çilinin xarici işlər naziri Alberto van Klaveren bildirib ki, beynəlxalq müşahidəçilər öz nəticələrini səsləndirməyənə qədər Çili hökuməti Nikolas Maduronun qələbəsini tanımayacaq. Çili prezidenti Qabriel Boric də “protokolların yoxlanılmasında tam şəffaflığa” çağırıb:

“Maduro rejimi başa düşməlidir ki, onun dərc etdiyi nəticələrə inanmaq çətindir… Biz yoxlanılması mümkün olmayan nəticələri qəbul etməyəcəyik”.

Bu, 2013-cü ilin aprelindən bəri Prezident vəzifəsini icra edən Nikolas Maduronun ardıcıl üçüncü prezidentlik müddəti olacaq. Nikolas Maduro 2013-cü ildən Uqo Çaves hökumətində xarici işlər naziri (2006-2013) idi.

Meydan TV-nin məlumatında qeyd olunur ki, 2013-cü ildə Uqo Çavesin ölümündən sonra o, Venesuela Prezidentinin səlahiyyətlərini icra edib.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz