Bu ölkədə yumurtanın qiyməti minimum əmək haqqından yüksək oldu

Xəbərin çap versiyası
Tarix: 1-05-2020, 13:59
Bu ölkədə yumurtanın qiyməti minimum əmək haqqından yüksək oldu


Aprelin 30-da Venesuela hökuməti 27 əsas ərzaq məhsulu üzrə yeni nəzarət qiymətləri müəyyən edib. Reuters agentliyi yazır ki, bu siyahıda yumurta, ət və kolbasanın qiymətləri prezident Nicolas Maduronun bu həftə müəyyən etdiyi minimum aylıq əməkhaqqından çoxdur.

Beləliklə, təxminən bir il sürən sərbəstləşmədən sonra hökumət yenidən ərzaq üzərinə sərt dövlət qiymətləri qoyulması sisteminə qayıdıb.

Maduronun sosialist hökuməti ABŞ sanksiyalaranın ardınca kəskin düşən neft qiymətləri və koronavirusa görə karantin şəraitində inflyasiyanı cilovlamağa çalışır.

CivilAzerbaijan.com bildirir ki, Ticarət naziri Eneida Layanın Twitter-də dərc etdiyi sənəddə yağ və süd tozu da daxil bir çox ərzaq məhsullarının qiyməti 400 min bolivardan yüksəkdir.

Bu, Maduronun bu həftənin əvvəlində müəyyən etdiyi minimum əməkhaqqından çoxdur. Yeni minimum maaş rəsmi məzənnə ilə 2 dollara bərabərdir. Bu sənəddə qiymətlər həm bolivar, həm də dövlətin nəzarətində olan Petros kriptovalyutasında verilib.

Özəl ərzaq məhsulları şirkətləri və sənaye qrupları xəbərdarlıq ediblər ki, qiymətlərə dövlət nəzarətinin tətbiq edilməsi borc içində olan OPEC üzvü Venesuelada ərzaq qıtlığı ilə nəticələnəcək.

Reuters yazır ki, hökumətin qiymətləri sərbəstləşdirdiyi son bir ildə supermarkertlərin təchizatı yaxşılaşmışdı, lakin inflyasiyanın 3,365 faiz təşkil etdiyi bir ölkədə əhalinin əksər təbəqələri üçün qiymətlər yenə də əlçatmaz olaraq qalırdı.

Bu da bildirilir ki, yeni qiymətlər bir qədər aşağı salınsa da, fərq cüzi olaraq qalır. (AzadlıqRadiosu)

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz