“Oğlum “Xaliq Faiqoğlu”nun qarajında faciəli şəkildə ölüb, maraqlanmırlar”
Tarix: 14-09-2020, 16:23
Gənc elə ilk iş günü həyatını itirib
"Hələ 18 yaşı tamam olmayan oğlum şirkətin qarajında elə ilk iş günü faciəli şəkildə ölüb. Şirkət isə deyir, oğlunu işə rəsmi qaydada götürməmişdik, ona görə də başına gələnlərin bizimlə əlaqəsi yoxdur”.
CivilAzerbaijan.com-un məlumatına görə, Lətafət Həsənova Meydan TV-yə danışır ki, gənc oğlu Təbriz Həsənov bu il avqustun 11-də sərnişindaşıma ilə məşğul olan "Xaliq Faiqoğlu” MMC-nin qarajında həyatını itirib. Bir aya yaxın vaxt ötməsinə baxmayaraq, şirkət bir dəfə də ailə ilə maraqlanmayıb, anaya təsəlli verməyib.
"İlk iş günü idi, üstümüzə meyiti gəldi”
Həsənovlar ailəsinin dolanışığı ürəkaçan olmadığına görə ailə bir müddət əvvəl Göyçay rayonu, Birinci Ərəb kəndindən Xırdalana köçüb, burada kirayə ev tutaraq yaşamağa davam edib. Dediklərinə görə, sosial durumuna heç cür çəki-düzən verə bilməyən ailə üzvlərinin hərəsi bir tərəfdə iş axtarmağa başlayıb. Əvvəlcə ana özünə iş tapıb, ötən ay isə Təbriz soraqlayaraq yaşadıqları evin yaxınlığında – "Xaliq Faiqoğlu” MMC-nin qarajında iş tapa bilib. Ana danışır:
"Mən onun işləməsinə razı deyildim, deyirdim, bu gün-sabah 18 yaşın tamam olacaq, əsgərliyə gedəcəksən, qayıdandan sonra işləyərsən. Mənə qulaq asmadı. Avqustun 11-də işdən gəldim, oğlum dedi ki, Təbriz üzbəüz qarajda özünə iş tapıb, bu gündən işə çıxıb. Həmin gün axşam saat 8-də getmişdi, işi də gecələr qaraja toplaşan avtobusları yuyub təmizləməkdən, dezinfeksiya etməkdən ibarət olub. Elə ilk iş günündə - bir neçə saatdan sonra Təbriz faciəli şəkildə dünyasını dəyişib”.
"Şirkətdən quru başsağlığına da gəlmədilər”
Ananın sözlərinə görə, o və digər oğlu hadisədən növbəti gün xəbər tutub: "Sabahı gün mən yatmışdım, zəng vurub oğlumu Abşeron Polis İdarəsinə çağırıblar. O da mənə heç bir söz demədən gedib. Orada deyiblər ki, Təbriz işlədiyi yerdə avtobusun altında qalıb, həyatını xilas etmək mümkün olmayıb. Oğlum mənə heç nə deyə bilməyib, gəlib, qonşulara deyib. Bir də gördüm qonşular bizə toplaşır, şübhələndim, oğlumun ölüm xəbərini də qonşulardan eşitdim. Hadisəni törədən adamı tutublar, ailəsindən iki nəfər yanıma başsağlığına da gəlmişdi. Mənə təsir edən odur ki, gənc oğlum faciəli şəkildə ölüb, ancaq şirkətdən yalnız meyiti gələndə iki nəfər gəlib, tez də çıxıb getdi. Dedilər, şirkətdən gəlmişik, heç bilmədim kimlər idi. Bu azmış kimi, şirkətdən mənə deyirlər ki, oğlunu tanımırıq, bizdə cəmi bir neçə saat işləyib, heç rəsmi qaydada işə də götürülməmişdi. Ona görə də bizlik heç nə yoxdur”.
"Xaliq Faiqoğlu” MMC-nin qarajı
Mənbə: Meydan TV
"Görüntüləri məndən gizlədirlər, şübhələrim var”
Lətafət Həsənova oğlunun ölümündə təsadüf, yaxud qəsd olmasından da şübhələnir: "Demirlər ki, təsadüfdür? Açsınlar kameraları, görüntüləri göstərsinlər, bir ana kimi ürəyim azca da olsa sakitləşsin ki, övladımı qəsdən öldürməyiblər. Gətirib meyiti atıb üstümə gediblər, bircə kəlmə deyiblər ki, səhlənkarlıqdan avtobusu üstünə sürüblər. Vəssalam. Apardım uşağı qoydum kənddə torpağın altına, gəldim. Elə bil belə də olmalıydı... Bir aya yaxındır tələb edirəm ki, mənə oğlumun öldüyü anın görüntülərini göstərin, müstəntiq deyir, istintaq bitəndə görəcəksən. Nə maraqları var axı, niyə gizlədirlər məndən? İstintaq aylarla davam edəcək, bitəndə də deyəcəklər, vaxt keçib, görüntülər silinib, yoxdur. Oğlumun başına nə gəlib, o gecə orda nə baş verib, hadisəni kim törədib, düzgün adamlardırsa, açsınlar kameranı, göstərsinlər mənə...”
Abşeron Rayon Polis İdarəsindən Meydan TV-yə bildirilib ki, avqustun 11-də saat 22 radələrində Xırdalan şəhəri ərazisində yerləşən avtobus qarajında, orada işləyən Şəki şəhər sakini Elgün Bədəlov idarə etdiyi "Daewoo” markalı avtobusu arxaya verərkən iş yoldaşı, Göyçay sakini Təbriz Həsənovu vurub. Təbriz Həsənov başından və bədənindən ağır xəsarətlər alıb. Xəstəxanaya aparılarkən yolda vəfat edib. Ölüm faktı üzrə istintaq müstəntiq Kərim Xələfovun icraatındadır.
Meydan TV müxbiri Lətafət Həsənovanın şirkətlə bağlı dediklərinə aydınlıq gətirməsi üçün "Xaliq Faiqoğlu” MMC-yə "Facebook” üzərindən ismarıc yazandan sonra şirkətdən müxbirlə əlaqə saxlayıblar. Şirkətin nümayəndəsi məsələyə şirkət tərəfindən münasibət bildiriləcəyini söyləsə də, 3 gün ötməsinə baxmayaraq, heç kim məsələyə münasibət bildirməyib.
"Xaliq Faiqoğlu” MMC 2002-ci ildən Bakıda sərnişindaşıma ilə məşğul olur.
"Gətirib meyiti atıb üstümə gediblər, bircə kəlmə deyiblər ki, səhlənkarlıqdan avtobusu üstünə sürüblər".
Mənbə: Meydan TV
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər