Cavid Qurbanovun müavini meşə ərazilərini zəbt edir?
Tarix: 15-09-2020, 15:56
Qəbələ sakinləri "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini Vüsal Aslanovdan şikayətçidir.
Bu barədə cumhuriyyet.az-a rayon sakinləri məlumat veriblər.
Sakinlər bildirirlər ki, Vüsal Aslanov meşə ərazisi sayılan hektar yarım torpaq sahəsini zəbt edib. Bu ərazinin sənədləşdirilməsi üçün Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev də ona dəstək göstərir.
TOPAZ nəzarəti...
Şikayətdə qeyd olunur ki, Vüsal Aslanovun QSC sədri yanında xüsusi etibarı ilə seçilir. Hətta Cavid Qurbanov dəyəri yüz milyonlarla ölçülən biznesinin mühüm hissəsinin idarə olunmasını da ona həvalə edib.
Vüsal Aslanovun birbaşa nəzarət etdiyi bu cür biznes layihələrindən biri də "TOPAZ”dır.
Cumhuriyyet.az məlumat verir ki, "TOPAZ”-ın əsas səhm paketlərinə nəzarət edən "Turkcell” şirkəti "Azerinteltek”dəki payını satışa çıxartması barədə iki il öncə məlumat yayılıb. Daha sonra isə "Turksel” şirkəti "Azərinteltek” QSC-dəki 51 faizlik paketini 19,5 milyon avro qarşılığında (təxminən 38 milyon manat) "Baltech Investment LLC”-yə satması barədə açıqlama yayıb. Araşdırmalar zamanı məlum olub ki, adı xarici şirkət olan "Baltech Investment LLC” əslində "Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanova məxsusdur.
"TOPAZ” mərc oyunlarına qeyri-rəsmi Cavid Qurbanovun müavini Vüsal Aslanov nəzarət edir. Belə ki, QSC sədri öz müavininə bu işləri daha yaxşı bildiyi və vaxtı ilə "Azərinteltek” QSC-nin İdarə heyyətinin üzvü olması ilə əlaqədar futbol-mərc oyunlarından cavabdeh təyin edib.
V.Aslanov 2010-2014 illərdə futbol-mərc oyunlarına nəzarət edən "Azərinteltek” QSC-nin idarə heyətinin üzvü olub.
Məlumata görə, Cavid Qurbanovun müavini Vüsal Aslanov hər gün bir neçə dəfə "Azərinteltek” QSC-nin baş ofisinə gələrək işlərin hansı yerdə olmasını yoxlayır.
Məlumatda qeyd edilir ki, "TOPAZ” şirkətinin maliyyə məsələlərində Vüsal Aslanovun yardımçısı isə "Azərbaycan Dəmir Yolları” QSC-nin Maliyyə İdarəsinin müdir müavini Vəsilə Abdulovadır.
Qurbanovun dəmir maxinasiyası
Mediada yayılan məlumatlarda vurğulanır ki, "Azərbaycan Dəmir Yolları” QSC-də bir müddətdir ki, köhnə, istifadəyə yararsız vaqonlar doğranaraq, poladəritmə zavodlarına satılır. Ancaq tonu 130 manata satılan vaqonları 65 manatdan sənədləşdirirlər. Beləliklə də istifadəsi yararsız hesab olunan vaqonların satışından əldə olunan vəsaitin yarısı dövlətə, yarısı isə şəxsi ciblərə axır.
Poladəritmə zavodlarına satılan vaqonların sayı ilə bağlı dəqiq məlumat verməsə də, söhbətin 100 minlərlə tondan getdiyini bildirir. Bu işin başında "Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovun müavini Vüsal Aslanovun durduğunu iddia edirlir.
"Onun başçılığı ilə külli miqdarda vəsait mənimsənilməkdədir. Digər müavinlərin bundan xəbəri olsa da, Vüsal Aslanova heç kim heç nə deyə bilmir. Ona görə ki, Vüsal Aslanov hər yerdə deyir ki, mən Cavid Qurbanovun oğlu Şəmşirlə dostam…”, - məlumatda qeyd olunur.
Bəs Vüsal Aslanov kimdir?
Aslanov Vüsal Yusif oğlu 1981-ci ildə Sumqayıt şəhərində anadan olub. 2003-cü ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib. 2007-ci ildə Bakı Dövlət Universitetinin Mülki və Təsərrüfat Hüquqi fakultəsini fərqlənmə diplomu ilə bitirərək, magistr dərəcəsini qazanıb. 2004-cü ildən "Azərinşaatservis” MMC-də hüquq müşaviri vəzifəsində, daha sonra Biznes İnkişafı Departamentinin direktoru vəzifəsində çalışıb. 2005-2006 illərdə Hərbi Xidmətdə olub. 2006-2013 illərdə "Azərinşaatservis” MMC-nin Korporativ əlaqələr və Hüquq Departamentinin direktoru, İdarəetmə və hüquqi işlər üzrə direktor müavini vəzifələrində fəaliyyət göstərib.
V.Aslanov 2010-2014 illərdə "Azərinteltek” QSC-nin idarə heyətinin üzvü olub. 2013-2015 illərdə "Azərcon” ASC-nin direktoru vəzifəsində çalışıb. 2014-2015 illərdə əlavə iş yeri olaraq, "Retro-Park” MTK-nin sədri vəzifəsində çalışıb. 09.10.2015-ci il tarixindən 20.07.2016-cı il tarixədək "Azərbaycan Dəmir Yolları” QSC-nin Sədrinin müşaviri kimi fəaliyyət göstərib. Prezident İlham Əliyevin sərəncamı ilə 2016-cı ilin sentyabrında "Azərbaycan Dəmir Yolları” QSC-nin Sədr müavini vəzifəsinə təyin edilib.
Əslən Kəlbəcər rayonundan olan Vüsal Aslanovun Cavid Qurbanovun ən çox etibar etdiyi şəxslərdən olduğu bildirilir.
May ayının 6-da İlham Əliyev keçirdiyi onlayn müşavirədə "Azərbaycan Dəmir Yolları” QSC-ni səmərəsizlikdə ittiham edib.
Yazıdakı iddialarla bağlı "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətindən münasibət öyrənmək mümkün olmayıb.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər