Azərbaycanın pullarını Ermənistana kimlər və necə axıdır?
Tarix: 5-04-2021, 16:09
Azərbaycan dünyada iqtisadiyyatı monopoliyaya alınmış öncül ölkələrdəndir. Əlbəttə ki, tualet kağızından tutmuş dərman ləvazimatlarına, pereparatlarına, siqaretə, hətta uşaq qidasına qədər "diqqətdən yayınmayaraq" uzanan monopoliya sahəsinin arxasında on illərlə hakimiyyətin yüksək eşalonunda kök atmış məmurların dayanması heç kimə sirr deyil. Ancaq Azərbaycan iqtisadiyyatında son illər baş verənləri dərindən müşahidə etdikdə ortaya daha dəhşətli faktlar çıxır. Aparılan kiçik müşahidə və analizlər ölkənin iqtisadiyyatının, daha doğrusu ölkənin əhalisinin monopoliya hesabına talanmasının arxasında daha ciddi qüvvələrin dayandığını göstərir.
Burada dəhşətli məqam odur ki, Azərbaycanda bütün sahələrə monopoliyanı 30 ildən artıq müharibə vəziyyətində olduğumuz, torpaqlarımızı işğal edən düşmən ölkənin nümayəndələri, onlarla qohum olan şəxslər həyata keçirib.
Əlbəttə ki, neft pullarının sürətlə axdığı, hər bir qarış torpağı qızıl olan Azərbaycanın iqtisadiyyatına xərçəng kimi sarılan bu monopolistlərin əldə etdikləri milyardların hara axdığını təxmin etməmək olmur. Sən demə, bu şəbəkə on illərdir ki, Azərbaycanın işğal altında olan torpaqlarını bizim elə öz pulumuzla saxlayıblar. Bəs, adlarını, soyadlarını, nəsil-şəcərələrini dəyişərək içimizə yeridilən bu düşmənlər kimdir?
Manukyan Mənuçöhrə necə, yaxud niyə çevrildi?
Əhədpur Xangah (Manukyan) və Elçin Quliyev
Azərbaycanın müstəqilliyini əldə etdiyi 90-cı illərdə ölkəyə xarici iş adamlarının böyük axını başladı. Əsasən də qonşu ölkələrdən axın edən bu iş adamlarının içərisində xüsusi xidmət orqanlarının, kiçik dövlətlərdən böyük pullar qazanan beynəlxalq iqtisadi "çete"lərin nümayəndələri yer alırdı. Bu şəxslərdən biri də qonşu İrandan Azərbaycana gələn "böyük missiya" ilə yüklənmiş o zamanların xırda sahibkarı milliyətini gizlədən, Manukyan soyadını Mənuçehr soyadına dəyişən Əhədpur Xangah idi.
Çox maraqlıdır ki, Manukyanın, yəni, Əhədpur Xangah Mənuçöhrün Azərbaycana gəlişi ölkəyə böyük arzularla üz tutan digər iş adamlarından fərqləndi. Belə ki, əslən erməni olan iş adamı o zamanlar Azərbaycan Gömrük Komitəsinə rəhbərliyə yeni başlamış Kəmaləddin Heydərovla görüşüb anlaşa bildi. O zamandan sonra uzun illər Azərbaycan iqtisadiyyatının idarə edilməsi, ölkəyə gətirilən bütün malların monopoliyaya alınmasına start verildi.
Düzdür, əslən erməni olan, illərlər millətin qanını soran şəbəkənin əsas üzvlərindən biri Əhədpur Xangah Mənuçöhr haqqında ilk dəfə Azərbaycan oxucusu "Wekaleaks qalmaqalı"ndan sonra məlumat ala bildi.
Belə ki, Azərbaycanda, eləcə də, dünyada böyük rezonans yaratmış "Wekaleaks"-ın açıqlanan sənədlərində yazılırdı: "Kəmaləddin Heydərovun oğlanlarının 20 milyon dollarlıq “Gulfstream” almaq istəyib və buna görə də adıçəkilən şirkətə müraciət edib. Müraciətdə göstərilir ki, “Gulfstream” təyyarəsi üçün ödəniş və sahiblik haqqı "Al-Sahra Shams FSCO" şirkəti (hansı ki sənəddə qeyd olunur ki, Dubayda Taleh və Nicat Heydərovların adına qeydiyyatdadır) və cənab Manuçöhr Əhədpur Xangah arasında, hər birinə 50 faiz olmaqla bölünəcək. Əldə etdiyimiz ilk fakt isə "Al-Sahra Shams FSCO" şirkəti haqqında oldu. Şirkətin əlaqə üzrə məsul şəxsi Manuçöhr Əhədpurun qardaşı Behzad Əhədpur göstərilirdi. Yəni sadəcə idaredicisi kimi. Bundan əlavə Dubayda və ABŞ-ın San Diyeqo şəhərində də Behzad Əhədpurun adına rəsmiləşmiş şirkətləri var"-deyə, qeyd edilirdi.
On illərdir ki, Azərbaycanda monopoliya zəncirinin bir həlqəsi, daha doğrusu əsas həlqələrindən olan Manukyanın, yəni, Mənuçöhrün milyardlarla dollar qazandığı sirr deyil. Əlbəttə, orta şərqdən Rusiyaya, qərbi Avropaya qədər uzanan tranzit xəttin hesabına qazanılan bu pullar heç də böyük rəqəmlər olmaya bilər. Ancaq əsas məsələ Azərbaycanda monopoliya hesabına qazanılan pulların dolayısı ilə bəzən isə birbaşa torpaqlarımızı işğal edən Ermənistana, oradakı qruplara ötürülməsidir. Bəs, bu "zəncir"in ortasında kim dayanır?
Əbülfəz Məlikov: Ermənilərin kürəkəni, Azərbaycanın monopoliya kralı
Əbülfəz Məlikov
Azərbaycanda monopoliya deyiləndə ağıla ilk olaraq yüksək vəzifəli məmurlar gəlir. Amma hər gün tv-lərdə gördüyümüz, bəzən nə danışdıqlarını heç özləri də anlamayan bu məmurlarla yanaşı, monopoliya sözünə görə göz önünə gələn şəxslərdən biri də heç kimin görmədiyi, haqqında heç nə bilmədiyi Əbülfəz Məlikov adlı şəxsdir. Əbülfəz Məlikov kimdir, nəçidir, hardan gəlib çıxıb Azərbaycan iqtisadiyyatında tüğyan edən monopoliyanın başına? Bu suala yəqin ki, böyük əksəriyyət cavab verə bilməz. Çünki on illərdir xalqı soyan, onun hər bir qəpiyini əlindən qapan, ümidlərini puç edən, ölkədə orta təbəqənin formalaşmasının qarşısını qətiyyətlə alan monopoliyaya rəhbərlik edən bu şəxsin - Əbülfəz Məlikovun adı üzərində himayədarları böyük bir sirr pərdəsi yarada biliblər.
Amma ötən ilin sentyabr ayında başlayan Vətən müharibəsindən sonra artıq bu sirr pərdəsi də qalxmaqdadır.
On illərdir ki, "güclü əllərin" himayə etdiyi Əbülfəz Məlikov adı artıq orta statistik azərbaycanlıya aydındır. Əbülfəz Məlikov haqqında ən sensasion fikirləri isə bu yaxınlarda mətbuata açıqlamasında Dövlət Gömrük Komitəsinin sabiq sədr müavini, deputat, politoloq Cümşüd Nuriyev deyib. C.Nuriyevin iddialarına görə Əbülfəz Məlikov Rusiyada böyük biznesi olan, milyarder, əslən erməni olan Ara Abramyanın bacısının əridir. Sabiq deputatın bu açıqlamasından xeyli vaxt keçməsinə baxmayaraq, qarşı tərəf bu iddia ilə bağlı hər hansı bir fikir səsləndirilməyib, münasibət bildirməyib.
Məlumdur ki, Azərbaycanın müstəqillik əldə etdiyi ilk günlərdən ictimai-siyasi proseslərin içərisində olan, yüksək vəzifələrdə çalışmış Cümşüd Nuriyev ölkədə kifayət qədər informasiyalı şəxs hesab edilir. Cümşüd Nuriyev həm də Kəmaləddin Heydərovun xəttində olan siyasətçilərdəndir. Onun bu cür açıqlama verməsinin arxasında hansı niyyətin dayandığı barədə çox fikirlər söyləmək olar. Amma vacib olan həqiqətin səsləndirilməsidir. Həqiqət isə Azərbaycan iqtisadiyyatının monopoliyanın əsirinə çevrilməsi, ölkə vətəndaşlarının qanının sorulmasıdır.
Əbülfəz Məlikov barəsində son zamanlar dövriyyəyə buraxılan məlumatlardan biri də onun daha monopoliyaya rəhbərlik etməməsi, Azərbaycanın gömrük sistemində islahatların aparılması barədə məlumatların müntəzəm olaraq mediaya ötürülməsidir. Amma proseslərin gedişatı heç də deyilənlərin doğru olmadığını göstərir. Yəni, uzun illərdir monopoliyaya "uğurla" rəhbərlik edən Ə.Məlikov üçün əslində daha geniş imkanlar yaradılıb.
Məlumdur ki, 2015-2016-cı illərdə baş verən devalvasiyalardan sonra ölkədə inkişafına yüksək səviyyədə start verilən sahələrdən biri də aqrar sektor oldu. Dövlətin kənd təsərrüfatı sahəsində həyata keçirdiyi layihələr, yeni qanunlar tezliklə dövlət büdcəsindən buraya fantastik vəsaitlərin axacağını anons edirdi. Əlbəttə, bütün bunlar illərlə dövlət büdcəsinə qənim kəsilən, monopoliyaya rəhbərlik edən qrupların diqqətindən kənarda qala bilməzdi. Aqrar sektora büdcədən ayrılan yüz milyonlarla vəsaiti isə müxtəlif layihələrlə yalnız bir şəxs mənimsəyə bilərdi: Əbülfəz Məlikov.
Məlumata görə Ə.Məlikov illərlə sınanmış "sistemini" kənd təsərrüfatı sahəsində də yarada bilib.
Ən acınaqlı məqamlardan biri isə Abramyanın yeznəsinin Kənd Təsərrüfatı Nazirinin 12 müşavirindən biri olmasıdır. Düzdür, bu barədə rəsmi məlumatlar olmasa da, ortada xəbəri inkar edəcək açıqlamalar da yoxdur. Hətta Ə.Məlikovun kabinetinin Kənd Təsərrüfatı Nazirinin kabinetinin olduğu mərtəbə ilə üzbəüz olduğu, qapısının üzərində heç bir ad-soyadın yazılmadığı iddia edilir.
Məlikovun kənd təsərrüfatı sistemində sığorta sahəsini də monopoliyaya aldığı deyilir. Aqrar sığorta sahəsində tətbiq edilən qiymətlərin çox baha olduğu, kəndçiyə və fermerlərə sərf etmədiyi deyilir. Belə ki, bir iribuynuzlu heyvanın sığortalanmasının orta rəqəmlə 500-700 manata başa gəldiyi deyilir. Əlbəttə ki, əldə edilən pulların kiçik hissəsi dövlət büdcəsinə, böyük hissəsi isə Ə.Məlikovu uzun illərdir müdafiə edən, qoruyan qrupun - Abramyanın kassasına gedir.
Ara Abramyan kimdir?
Vladimir Putin və Ara Abramyan
1957-ci il doğumlu Ara Abramyan Rusiya erməniləri İttifaqının rəhbəridir. Qatı millətçi olan Abramyan qazandığı pulların mühüm hissəsini Ermənistana göndərir. İkinci Qarabağ müharibəsindən sonra isə Abramyan daha da aktivləşərək Ermənistan siyasətinin əsas fiqurlarından birinə çevrilib. İddialara görə Ermənistanda yaxın zamanlarda baş verəcək seçkilərdə kimin qalib gələcəyi Ara Abramyanın hansı qanada dəstək verəcəyindən asılıdır.
Rusiya prezidenti Vladimir Putinlə yaxın münasibəti olan Abramyanın Ermənistanda rusiyameylli ictimai-siyasi təşkilatları maliyyələşdirdiyi də deyilir.
İkinci Qarabağ savaşında Abramyanın öz pulu ilə (dolayısı ilə həm də Əbülfəz Məlikovun pulları, daha doğrusu Azərbaycan xalqından oğurlanan pullar ilə) Ermənistana dəyəri yüz milyonlarla ölçülən silah-sursat, hərbi ləvazimat alıb göndərdiyi barədə Azərbaycan tərəfi məlumatlar əldə etmişdi.
Belə bir şəxsin bacısının ərinin Azərbaycan iqtisadiyyatında at oynatması iddiası isə bir sıra suallara yol açır...
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər