I və IV ixtisas qruplarının abituriyentləri üçün qəbul imtahanı keçirilir
Tarix: 7-05-2017, 10:40
Dövlət İmtahan Mərkəzi (DİM) mayın 7-də 2017/2018-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirir.
SİVİL.AZ xəbər verir ki, imtahan respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 56 binada aparılacaq. İmtahanların idarə olunmasına 206 imtahan rəhbəri və orta ümumtəhsil müəssisələrindən 2 min 226 nəzarətçi-müəllim cəlb olunacaq.
İmtahanda 30 min 239 abituriyentin iştirakı nəzərdə tutulur. Onlardan 25 min 612 abituriyent I qrup üzrə, 4 min 627 abituriyent IV qrup üzrə imtahan verəcək.
Abituriyentlərdən 27 min 353 nəfəri Azərbaycan bölməsinin (I qrup üzrə 23 min 266, IV qrup üzrə 4 min 87 nəfər), 2 min 886 nəfəri isə rus bölməsinin (I qrup üzrə 2 min 346, IV qrup üzrə 540 nəfər) məzunudur. 163 abituriyent xarici ölkələrin vətəndaşıdır.
İmtahan saat 11.00-da başlanacaq və 3 saat davam edəcək.
İmtahan başa çatdıqdan dərhal sonra müstəqil ekspertlər tərəfindən test suallarının ekspertizası aparılacaq. İmtahanda istifadə olunmuş sualların düzgün cavabları DİM-in internet saytında və Facebook səhifəsində yerləşdiriləcək.
Abituriyentlərin cavab kartlarının emalı başa çatdıqdan sonra nəticələr və hər bir abituriyentin cavab kartının qrafik təsviri imtahandan 3-4 gün sonra DİM-in internet saytında yerləşdiriləcək.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər