Nobel mükafatçısı Aziz Sancar Bakı Dövlət Universitetində olub

Xəbərin çap versiyası
Tarix: 13-06-2017, 17:40
Nobel mükafatçısı Aziz Sancar Bakı Dövlət Universitetində olub


Kimya üzrə Nobel mükafatı laureatı, ABŞ-ın Şimali Karolina Universitetinin professoru və əslən türk olan Aziz Sancar Bakı Dövlət Universitetində (BDU) olub.

SİVİL.AZ-ın xəbərinə görə, BDU-dan bildirilib ki, təhsil naziri Mikayıl Cabbarovun dəvəti ilə ölkəmizə səfər edən Aziz Sancarın BDU-ya gəlişini yüksək qiymətləndirən rektor, akademik Abel Məhərrəmov ali məktəbin yaranma və inkişaf tarixindən, bu təhsil ocağının beynəlxalq əlaqələrindən, əməkdaşlıq etdiyi aparıcı universitetlərdən, tanınmış assosiasiyalar və qurumlarla əlaqələrindən, beynəlxalq qrant layihələrində iştirakından danışıb. Prezident İlham Əliyevin iqtisadi potensialı intellekt kapitalına çevirmək istiqamətində qarşıya qoyduğu vəzifələrdən bəhs edən rektor, eyni zamanda, elm və təhsil sahəsində aparılan islahatlara diqqət çəkib, universitetdə Nobel mükafatları laureatları, dünyanın tanınmış alimləri və mütəxəssisləri ilə keçirilən görüşlərdən bəhs edib.

Aziz Sancar elmin müxtəlif istiqamətləri, o cümlədən biokimya, molekulyar biologiya və nanotexnologiyalar sahəsində aparılan işlərlə maraqlanıb.

Qarşılıqlı maraq doğuran görüş BDU-nun Nanoaraşdırmalar mərkəzində kimya və fizika fakültəsinin professor-müəllim heyəti, magistr və tələbələrinin iştirakı ilə davam edib.

Rektor Abel Məhərrəmov bildirib ki, prezident İlham Əliyevin 2005-ci ildə Rumıniyaya rəsmi səfəri çərçivəsində imzalanmış əməkdaşlıq haqqında müqaviləyə əsasən yaradılan mərkəzdə ötən illər ərzində Nobel mükafatları laureatlarının, o cümlədən dünyanın tanınmış alimlərinin mühazirələri dinlənilib. 12 ildə bu sahədə görülən işlər, əldə edilən nailiyyətlər haqqında məlumat verən rektor onu da bildirib ki, mərkəz universitetin təbiət fakültələrində bu sahədə aparılan elmi tədqiqatların əlaqələndirilməsi və genişləndirilməsi işində xüsusi xidmət göstərir.

Aziz Sancar mərkəzdə yerinə yetirilən işlər, nanotexnologiya sahəsində aparılan araşdırmalar, digər elmi-tədqiqat işləri ilə bağlı görülən işləri yüksək qiymətləndirib.

Sonda Aziz Sancara BDU-nun xatirə hədiyyələri təqdim edilib. (APA)

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz