Bu xəstələrə dərmanların pulsuz verilməsi təklif edilir
Tarix: 14-09-2017, 18:00
Azərbaycanda qaraciyər köçürülən insanlara transplantasiya əməliyyatından sonrakı müddətdə dərmanların pulsuz verilməsi təklif edilir.
SİVİL.AZ xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini Musa Quliyev komitənin bu gün keçirilən iclasında deyib.
Onun sözlərinə görə, böyrək transplantasiyası həyata keçirilən xəstələr üçün belə bir proqram qəbul edilib. Həmin vətəndaşlara dərmanlar əməliyyatdan sonra pulsuz verilir: “Qaraciyər köçürülən insanlara isə müalicədən sonra pulsuz dərmanlar verilmir. Bununla bağlı proqram qəbul edə bilərik”.
M. Quliyev onu da qeyd edib ki, son dövrlərdə təcili tibbi yardım işçilərinin döyülməsi və təhqir edilməsi halları artıb: “Təcili tibbi yardımda çalışan tibb işçilərinin sosial və hüquqi müdafiəsi aparılmalıdır. Bunları həll etmək üçün hüquqi yollar varmı? Bəzi ölkələrdə təcili tibbi yardımda çalışanların hüquqi statusları polis işçilərinin hüquqi statusuna bərabərdir”.
Deputat hesab edir ki, gələcəkdə “Pasiyentlərin və tibb işçilərinin hüquqları” haqqında qanun layihəsi qəbul edilməlidir: “Deputat həmkarlar təşəbbüs göstərərsə, işçi qrup yaradılmalıdır və bu qanun da qəbul edilməlidir. Çünki icbari tibbi sığorta daha geniş ərazidə tətbiq olunduqda, bu məsələ mütləq tələb olunacaq”. (Trend)
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər