Ürək döyüntülərinin tənzimlənməsi üsulları

Xəbərin çap versiyası
Tarix: 14-10-2017, 07:00
Ürək döyüntülərinin tənzimlənməsi üsulları


Nəbz ürəyin bir dəqiqə ərzindəki döyüntülərinin sayıdır. Nəbz yaş, bədən çəkisi, fiziki quruluş və cins amillərindən asılı olaraq dəyişir. Ürək döyüntülərinin sayının 90-dan yuxarı qalxması taxikardiya adlanır. "Taxi"-sürətli, "kardiya "- ürək deməkdir.

SİVİL.AZ
AZƏRTAC-a istinadən bildirir ki, ürək döyüntülərinin sayının artması xəstəlik olmasa da, bir çox xəstəliklər zamanı baş verən əlamətdir.

Taxikardiya fizioloji və patoloji olmaqla iki qrupa bölünür. Patoloji taxikardiya əsasən ürək-damar sistemi xəstəliklərində müşahidə edilir. Fizioloji taxikardiya zamanı ürək-damar sistemində xəstəlik müşahidə edilmir, xarici mühit amillərinin təsiri nəticəsində yaranır və ürək döyüntülərinin artmasına səbəb olan amil aradan qalxdıqdan sonra nəbz normallaşır.

Stress və gərginlik, tərkibində alkoqol, kofein olan "enerji" və digər içkilərin qəbulu, azhərəkətli həyat tərzi və ya həddən artıq fiziki yüklənmə, siqaret çəkmə, həddən artıq tərləmə, hormonal və arıqlamaq üçün istifadə edilən iştahakəsici preparatların qəbulu ürək döyünməsinin artmasına səbəb olan amillər hesab edilir. Bədən hərarətinin artması da taxikardiyaya səbəb olur, temperaturun 1 dərəcə yüksəlməsi nəbzi 10 vurğu artırır.

Kardioloqlar taxikardiyanı qaydaya salmaq üçün nikotin və alkoqol, əlavə təsir göstərən preparat qəbulunu tam dayandırmağı, tünd dəmlənmiş çay, qəhvə, yağlı, duzlu, acı qidaların və şirniyyatların istifadəsini məhdudlaşdırmağı, az və kiçik porsiyalarla qida qəbul etməyi, gün ərzində minimum 1-2 saat gəzmək və düzgün nəfəs üçün gimnastik hərəkətlər etməyi, kişmiş, ərik qurusu, bal, meyvə, giləmeyvələr və lifli qidaların qəbulunu artırmağı məsləhət görürlər.

Ürək döyünmələrini normaya salmaq üçün bir sıra reseptlərdən istifadə etmək olar.

10 baş sarımsaq sürtgəcdən keçirilir, üzərinə 10 ədəd limonun şirəsi və 1 kiloqram bal əlavə edilir, 1 həftə şüşə qabda qaranlıq yerdə saxlanılır. Qarışıq qurtarana qədər fasilə vermədən gündə bir dəfə səhər acqarına 2 xörək qaşığı qəbul edilir.

Emallı qazana 1 stəkan su tökülüb qaynadılır və üzərinə 1 çay qaşığı xoruzgülü əlavə edilir, 3 dəqiqə qaynadılır, 20 dəqiqə dəmlənilir, süzülür, gündə 3 dəfə 1 xörək qaşığı qəbul edilir.

1 xörək qaşığı damotu bitkisi üzərinə 1 stəkan qaynar su əlavə edilərək 1 saat dəmlənir, süzülür. Üzərinə bir neçə damcı istiotlu nanə efiri və 1 çay qaşığı bal əlavə edilərək qurtumla içilir. Müalicə kursu 1 ay davam edir.

Hərəsindən yarım xörək qaşığı itburnu və yemişan meyvələri, damotu otu və yaşıl çay qarışdırılır, üzərinə 1 stəkan qaynar su əlavə edilərək dəmlənir. Alınan dəmləmə gün ərzində çay üçün dəm kimi istifadə edilir.

Eyni miqdarda xəşəmbül, yonca, ayıqulağı yarpağı və çobanyastığı çiçəkləri qarışdırılır. Qarışıqdan 1 xörək qaşı üzərinə 1 stəkan qaynar su əlavə edilir, 20 dəqiqə dəmlənir, soyudulur, süzülür, gün ərzində qəbul edilir.

Lavanda, evkalipt, kəklikotu, bədrənc, istiotlu nanə, adaçayı, şam, muskat qozu, mixək və cirə efir yağlarının hərəsindən 10 damcı götürülərək tünd rəngli şüşə qabda qarışdırılır. Qarışıqdan 3 damcı cib dəsmalına damızdırılır, tutmalar zamanı dəsmal buruna yaxınlaşdırılaraq nəfəs alınır. Nəfəsvermə müddəti nəfəsalmadan 3 dəfə az olmalıdır.

Sünbül bağlamamış vələmir yaşıl halda yığılır, yuyulur, ətçəkən maşından keçirilərək tənzif parçadan süzülür. Gündə 3 dəfə 0,5 stəkan qəbul edilir.

1 stəkan kasnı çiçəkləri üzərinə 2 stəkan su əlavə edilir, 2 həftə dəmlənir, süzülür. 15-20 damcı 30 ml su ilə qarışdırılaraq qəbul edilir. Müalicə kursu 1 aydır.

Hərəsindən 250 qram kişmiş, ərik qurusu, qara gavalı qurusu, qoz ləpəsi və 1 ədəd qabığı ilə bir yerdə çəkilmiş limon qarışdırılır, üzərinə 300 ml duru bal əlavə edilir. Gündə 3 dəfə 1 xörək qaşığı acqarına qəbul edilir.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz