Azərbaycandakı siyasi məhbuslardan Tramp Administrasiyasına MƏKTUB
Tarix: 9-02-2026, 19:29
Azərbaycanda siyasi məhbus sayılan şəxslərin bir qrupu ABŞ prezidenti Donald Tramp Administrasiyasına və bu ölkənin konqresmenlərinə müraciət edərək onların məsələlərinə diqqət göstərilməsini istəyiblər.
Civilazerbaijan.com həmin məktubu təqdim edir:
"Biz, Azərbaycandakı siyasi məhbuslar, Sizə müraciət edərək diqqətinizi ölkəmizdəki insan hüquqları ilə bağlı acınacaqlı duruma çəkmək istəyirik.
Cənubi Qafqazın ən avtoritar ölkəsi olan Azərbaycanda son illər insan hüquqları total şəkildə pozulur, bütün müstəqil media və vətəndaş cəmiyyəti fəalları, siyasi aktivistlər, tənqidçi akamediklər və müxalif siyasi liderlər əsassız ittihamlarla həbs edilib. Ölkədə media, ifadə və sərbəst toplaşma azadlıqları tam məhdudlaşdırılıb.
Qərarlar siyasi sifariş əsasında verildiyindən yerli məhkəmələrdə məhbusların elementar hüquqları təmin edilmir, həmçinin beynəlxalq məhkəmələrin qərarları icra olunmur. Bununla yanaşı, Azərbaycan hakimiyyəti beynəlxalq çağırışlara məhəl qoymur, insan hüquqları ilə bağlı üzərinə götürdüyü öhdəliklərə əməl etmir, əksinə, repressiv siyasətini hər gün daha da sərtləşdirir. Ölkə daxilində siyasi məhbusların hüquqlarını müdafiə edən şəxslər təyziqlərə məruz qalır. Bu da yeni həbslərə və ya fəalların ölkəni tərk etməsinə səbəb olur.
ABŞ-nin yaranma fəlsəfəsinin əsas prinsiplərindən və xarici siyasətinin prioritetlərindən biri də dünyada insan azadlıqlarını və demokratik dəyərləri müdafiə etməkdir. Ona görə də Belarus və Venasueladakı ABŞ-nin siyasi məhbuslarla bağlı təcrübəsinə istinad edərək Sizi Azərbaycandakı insan hüquqları ilə bağlı vəziyyəti diqqətdə saxlamağa və əməli addımlar atmağa çağırırıq!
Şəmşad Ağa – jurnalist
Aynur Elgünəş – jurnalist
Natiq Cavadlı -jurnalist
Aysel Umudova -jurnalist
Aytac Tapdıq – jurnalist
Ramin Deko ( Cəbrayılzadə) – jurnalist
Xəyalə Ağayeva – jurnalist
Ülviyyə Əli (Quliyeva) – jurnalist
Bəhruz Səmədov – akamedik
Tofiq Yaqublu – siyasətçi
İmran Əliyev – jurnalist
Fatimə Mövlamlı – jurnalist
Nurlan Libre (Qəhrəmanlı) – jurnalist
Niyaməddin Əhmədov – AXCP üzvü, siyasi fəal
Əhməd Muxtarov – jurnalist
Məmməd Məmmədzadə – vətəndaş Cəmiyyəti fəalı
Afiəddin Məmmədov – işçi hüquqları fəalı
Rüfət Səfərov – hüquq müdafiəçisi"
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər











