Tural Sadıqlının valideynlərinin ölkədən çıxışına qadağa qoyulduğu deyilir

Xəbərin çap versiyası
Tarix: Dünən, 20:22


Azərbaycandan kənarda yaşayan bloger və hökumət tənqidçisi Tural Sadıqlının valideynlərinin ölkədən çıxışına məhdudiyyət qoyulduğu bildirilir.

Civilazerbaijan.com
bildirir ki, bu barədə bloger sosial mediada məlumat yayıb.

Məlumata görə, onun atası Əlövsət Sadıqlı və anası Mətanət Sadıqlı mayın 15-i səhər saatlarında oğulları ilə görüşmək üçün səfərə çıxmaq istəyərkən Bakı Beynəlxalq Hava Limanında barələrində “stop” qərarı olduğunu öyrəniblər. Onlara bildirilib ki, məhdudiyyət Daxili İşlər Nazirliyi tərəfindən tətbiq edilib.

T.Sadıqlı valideynlərinə qarşı heç bir cinayət işinin olmadığını, buna görə də onların ölkədən çıxışının məhdudlaşdırılmasının qanunsuz olduğunu bildirib.

"Mənim yaşlı ata-anamdan nə istəyirlər?! Heç bir cinayət əməllləri yox, hansısa cinayət işində şahid kimi də adları keçmir, heç bir günahın sahibi deyillər. Sadəcə övladlarını görüb geri qayıdacaqdılar. Dəfələrlə Avropaya gəlib övladlarını görüb qayıdıblar. Sağlıq olsaydı, bu dəfə də niyyətləri bu idi. Heç vaxt başqa ölkədə yaşamaq istəməyiblər. Son istədikləri Ağdama köçüb həyatlarının qalan illərini orada yaşamaqdır. Bu diləklərini mənə neçə dəfə deyiblər. Hakimiyyətin valideynlərimə qarşı etdiyi bu mənfur əməl sadəcə məndən qisas almaqdır", - o qeyd edib.

Ötən ilin oktyabrında T.Sadıqovun Azərbaycanda yaşayan əmisi Elmir Sadıqova 2 il yarım azadlıqdan məhrumetmə cəzası verilib. O, Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz silah-sursat saxlama) maddəsi ilə təqsirli bilinsə də, T.Sadıqlı əmisinin həbsini siyasi motivli hesab edir.

Dekabrda isə T.Sadıqlının özünə qiyabi hökm oxunub. O, Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən 14 il həbs cəzası alıb.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz