Təklif olunan evdən imtina edənlər məcburi köçkün statusunu itirəcək
Tarix: Bu gün, 18:20
İyunun 30-da Milli Məclis məcburi köçkünlərin statusu ilə bağlı qanuna dəyişiklik edib. Yeni qaydalara görə, onlara təklif olunan yaşayış sahələrindən imtina edənlər məcburi köçkün statuslarını itirəcəklər.
Civilazerbaijan.com bildirir ki, söhbət “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” qanuna təklif edilən dəyişiklikdən gedir.
Hazırda qüvvədə olan qanunvericiliyə görə, məcburi köçkün şəxs əvvəl yaşadığı əraziyə qayıtdıqda və ya həmin yaşayış yerinin əvəzinə dövlət tərəfindən mənzillə təmin edildikdə statusunu itirir.
Sənəddə keçid müddəası da nəzərdə tutulub. Həmin müddəaya əsasən, qanun qüvvəyə minənədək işğaldan azad edilmiş ərazilərdə əvvəlki yaşayış yerinin əvəzinə yeni mənzillə təmin olunmuş məcburi köçkünlərin statusuna qanunun qüvvəyə mindiyi tarixdən xitam veriləcək.
Dəyişikliyin əsaslandırılmasında bildirilir ki, vətəndaşın yeni yaşayış sahəsi ilə təmin olunması onun mülkiyyət hüququnun bərpası hesab edilir.
Rəsmi məlumata görə, 2026-cı ilin sonunadək Qarabağ və Şərqi Zəngəzurda 34 min 500 ailənin, ümumilikdə isə 140 min nəfərin məskunlaşdırılması planlaşdırılır. Azərbaycanda hazırda təxminən 650 min məcburi köçkünün olduğu nəzərə alınarsa, bu, 2026-cı ilədək onların təxminən dörddə birinin, yəni 25 faizinin doğma yurdlarına qayıtmış olacağı mənasına gəlir.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər











