Qiyas İbrahimov Türkiyədən deportasiya edilib
Tarix: 21-04-2021, 20:19
Siyasi fəal Qiyas İbrahimov Türkiyədən deportasiya edilib.
CivilAzerbaijan.com bildirir ki, bu barədə Qiyas İbrahimov özü məlumat yayıb.
O, aprelin 16-da Türkiyədən sərhədi keçəndə 1 saat saxlanıldığını bildirib: "Mənə dedilər ki, 1 illik icazən ləğv olunub, gedəndə konsulluğa baş vurmamış qayıtma. Bu gün, aprelin 21-də zəng vurdum, cavab verdilər ki, müddətsiz deportasiya olunmusan".
Türkiyənin Bakıdakı səfirliyindən Meydan TV-yə deyiblər ki, Qiyas İbrahimovun deportasiya olunmasından məlumatsızdırlar: "Hər halda adamın özü səbəbi bilməlidir, biz bilmirik".
Qiyas İbrahimov 2016-cı ilin mayında mərhum prezident Heydər Əliyevin heykəlinə “Qul bayramınız mübarək” şüarı yazandan bir gün sonra külli miqdarda narkotik ittihamıyla həbs olunaraq, 10 il azadlıqdan məhrum edilib.
O, 2019-cu ilin martında ölkə başçısının əfv sərəncamı ilə azadlığa buraxılıb.
Q.İbrahimov özünü təqsirli bilmir, heykələ şüar yazdığına görə həbs olunduğunu deyirdi.
Meydan TV-nin məlumatına görə, beynəlxalq insan haqları təşkilatı da onun həbsinin siyasi motivli olduğunu bəyan edərək, Q.İbrahimovu “vicdan məhbusu” adlandırmışdı.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər