"Sərhədsiz Reportyorlar" təşkilatı Ülvi Həsənlini dərhal azad etməyə çağırıb
Tarix: 20-11-2023, 16:51
Bu gün - bazar ertəsi noyabrın 20-də səhər saatlarında "AbzasMedia" saytının direktoru Ülvi Həsənlinin Bakı hava limanında xarici ölkəyə səfərə getmək istəyərkən saxlanılıb.
Civilazerbaijan.com bildirir ki, "Sərhədsiz Reportyorlar" beynəlxalq mətbuatı müdafiə təşkilatı Azərbaycanda müstəqil "AbzasMedia" nəşrinin direktoru Ülvi Həsənlini dərhal azad etməyə çağırıb.
"Ülvi Həsənzadə Azərbaycan hakimiyyətinin yüksək eşelonlarında korrupsiya faktlarını araşdırırdı. "Sərhədsiz Reportyorlar" müstəqil KİV-ə qarşı bu qəbuledilməz təzyiqə etiraz edir və onu dərhal azad etməyə çağırır", deyə təşkilatın X sosial platformandakı səhifəsində qeyd edilib.
Sərhədsiz Reportyorlarla yanaşı Avropa Jurnalistlər Federasiyası və bir sıra digər beynəlxalq jurnalist təşkilatları da Ülvi Həsənlinin saxlanılması ilə bağlı narahatlıq ifadə ediblər.
“Jurnalist Ülvi Həsənli Baş Polis İdarəsində saxlanılır. Polis Abzas Medianın ofisində axtarış aparıb. Biz Azərbaycan hakimiyyətini jurnalistlərə qarşı təqibləri dayandırmağa çağırırıq”, Avropa Jurnalistlər Federasiyasının baş katibi Rikardo Qutierrez X səhifəsində yazıb.
“Forbidden Stories” beynəlxalq araşdırmaçı jurnalistlər təşkilatının direktoru Loran Rişar Həsənlinin saxlanılmasının, Abzas Medianın ofisində axtarış aparılmasının “utanverici və qəbuledilməz” olduğunu deyib. Fransalı jurnalist qeyd edib ki, Abzas Medianın araşdırmaları “onilliklər boyu hakimiyyətdə olan Əliyevlər klanının irimiqyaslı korrupsiyasına” yönəlib.
Qeyd edək ki, Ülvi Həsənlinin vəkili Zibeydə Sadıqova bildirib ki, ofisdə beş saat davam edən axtarış zamanı polis əməkdaşları 40 min avro pul “aşkarlayıblar”.
“AbzasMedia” isə açıqlama yayaraq bildirib ki, ofidə aşkarlandığı iddia edilən vəsait onlara aid deyil və istintaq orqanlarının məqsədli şəkildə fəaliyyətlərini dayandırmaq, Ülvi Həsənliyə qarşı ittiham irəli sürmək üçün uydurduğu ssenaridir.
Ülvi Həsənlinin nə səbəblə saxlanılması ilə bağlı Daxili İşlər Nazirliyindən (DİN) məlumat almaq mümkün olmayıb.
“AbzasMedia” son zamanlar daha çox araşdırma materialları ilə tanınır. Media qurum Prezident ailəsinin və Prezidentin tabeçiliyində olan məmurların biznesi, eləcə də Qarabağda gedən tikinti, burada çalışan şirkətlərlə bağlı tez-tez araşdırmalar dərc edir.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər