Azərbaycan qeyri-azad ölkədir - BEYNƏLXALQ HESABAT

Xəbərin çap versiyası
Tarix: 29-02-2024, 21:38


Fevralın 29-da "Freedom House" təşkilatı "Dünyada azadlıq 2024: Qüsurlu seçkilərin və silahlı münaqişələrin artan zərəri" adlı hesabatı açıqlayıb.

Civilazerbaijan.com
bildirir ki, hesabtda Azərbaycan qlobal azadlıq indeksində 100 mümkün baldan yalnız 7 bal toplayraq qeyri-azad ölkələr sırasında yer alıb. Dünyada Azadlıq hesabatı vasitəsilə 210 ölkə və ərazidə insanların siyasi hüquq və vətəndaş azadlıqlarına çıxışı qiymətləndirilib.

2023-cü ildə dünya əhalisinin beşdə birinin yaşadığı 52 ölkədə siyasi hüquqlar və mülki azadlıqların durumu pisləşib. Azadlıqların geriləməsinin səbəbi kimi müharibələr, seçkilərin qeyri-azad keçirilməsi, plüralizmi mühitnə basqılar göstərilib. Dünya əhalisinin 38 faizi azad olmayan, 42 faizi qismən azad, 20 faizi isə azad ölkələrdə yaşayır.

Azərbaycana aid bölmədə deyilir ki, avtoritar rejimdə güc hələ də 2003-cü ildən prezident vəzifəsini icra edən İlham Əliyevin, onun qohumlarının və ailəsinin əlində cəmləşib.

“Ölkədə korrupsiya tüğyan edir və formal siyasi müxalifət illərlə davam edən təqiblər nəticəsində zəiflədilib. Hakimiyyət son illərdə vətəndaş azadlıqlarına qarşı geniş basqılar həyata keçirərək, müstəqil ifadə və ya fəallıq üçün çox az yer qoyub.

Sənədin “2023-cü ildə əsas inkişaflar” bölməsində deyilir ki, noyabr ayında Azərbaycan hakimiyyəti ölkədə qalan müstəqil mediaya qarşı intensiv repressiyaya başlayıb.

“Bir neçə jurnalist və media rəhbəri qaçaqmalçılıq, qeyri-qanuni tikinti və polisə müqavimət kimi ittihamlarla məhkəməyə qədər həbs edilib”.

Siyasi partiyaların qeydiyyatı üçün ciddi şərtlər qoyan mübahisəli qanun qəbul edilib.

“Qanun etirazlara və beynəlxalq tənqidlərə səbəb olub, xüsusən də partiyaların əvvəlki 1000 üzvdən ən azı 5000 üzv olmasını tələbi tənqidlərlə qarşılanıb”.

“2023-cü ilin dekabrında növbədənkənar prezident seçkiləri bir il tez təyin edilərək 2024-cü ilin fevralında keçirlib. Müxalifətin əsas iki partiyası Azərbaycan Xalq Cəbhəsi Partiyası və Müsavat Partiyası seçkiləri imitasiya adlandıraraq boykot ediblər”.

Azərbaycanda siyasi mühit nə plüralist, nə də rəqabətə davamlıdır. Müxalifət partiyalarının fəaliyyət göstərməsi və ictimaiyyətlə əlaqəsi YAP-ın üstünlüyü ilə məhdudlaşır.

Bir sıra qanunlar namizədlərin mitinqlər təşkil etmək və keçirmək səylərini məhdudlaşdırır və müxalifətin televiziyada yayıma çıxışı faktiki olaraq yoxdur. Rejim milli şöhrət qazanan istənilən islami siyasi hərəkatı şiddətlə təqib edir.

2023-cü ilin iyulunda Azərbaycan Demokratiya və Rifah Hərəkatının lideri Qubad İbadoğlu həbs edilib. O həmçinin Fəthullah Gülən hərəkatı ilə əlaqədə olduğu iddiası ilə dini ekstremizmdə ittiham olunub. Vəziyyətinin ağır olmasına baxmayaraq, İbadoğlunu həbsxana xəstəxanasına yerləşdirmirlər.

Azərbaycanda avtoritar sistem ictimaiyyəti istənilən siyasi iştirakdan kənarda qoyur: “Rejim öz siyasi üstünlüyünü saxlamaq üçün dövlət resurslarından sui-istifadəyə, korrupsiyalaşmış himayədarlıq şəbəkələrinə, təhlükəsizlik qüvvələrinə və cinayət ədliyyə sisteminə nəzarətə arxalanır”.

“Hökumətin fəaliyyəti” bölümündə deyilir ki, ölkədə nə prezident azad və ədalətli şəkildə seçilir, nə də parlament üzvləri, parlament qüdrətli prezidentlik üzərində mənalı yoxlama rolunu oynaya bilmir.

“Korrupsiya geniş yayılıb. Azad mətbuatın və müstəqil məhkəmə sisteminin olmadığı bir şəraitdə məmurlar korrupsiyaya görə yalnız daha güclü və ya yaxşı əlaqələri olan şəxsin ehtiyaclarına uyğun gələndə məsuliyyət daşıyırlar”.

“Dövlət məmurlarından nominal olaraq maliyyə hesabatlarını təqdim etmələri tələb olunsa da, prosedurlar və uyğunluq aydın deyil və hesabatlar ictimaiyyət üçün açıq deyil”.

Mətbuat azadlığı üçün konstitusiya təminatları müntəzəm və sistematik şəkildə pozulur, çünki hökumət informasiya mənzərəsini sıx nəzarətdə saxlamağa çalışır.

“Diffamasiya cinayət məsuliyyəti olaraq qalır. 2017-ci ildə qəbul edilmiş qanunvericilik dəyişiklikləri onlayn media üzərində hökumət nəzarətini genişləndirərək, dövlət və ya cəmiyyət üçün təhlükə yaradan məzmunu ehtiva edən saytların məhkəmə qərarı olmadan bloklanmasına imkan verir. Müstəqil xəbər saytları mütəmadi olaraq bloklanır və ya kiberhücumlara məruz qalır”.

Jurnalistləri səyahət qadağaları ilə yanaşı saxta ittihamlarla həbs və ya həbs gözləyir. Jurnalistlər də nəzarət altındadır.

“2023-cü ilin noyabrında hakimiyyət qalan müstəqil mediaya qarşı intensiv repressiyaya başlayıb. “Abzas Media” və “Kanal 13” telekanallarının direktorları və redaksiya qrupları da daxil olmaqla, bir neçə jurnalist və media rəhbəri qaçaqmalçılıq, qanunsuz tikinti və polisə müqavimət kimi ittihamlarla məhkəməyə qədər həbs edilib”.

Rejim din üzərində nəzarəti Qafqaz Müsəlmanları İdarəsi kimi dövlətə bağlı qurumlar vasitəsilə həyata keçirir. Müstəqil dini təşkilatların çoxsaylı üzvləri təqiblərlə üzləşir.

“2023-cü ildə Azərbaycan hakimiyyəti yüzlərlə dindar şiə müsəlmanı həbs edib. Hökumətyönlü KİV bəzilərini İran üçün işləyən casuslar kimi qələmə verir, hətta əksəriyyəti narkotik maddələrlə əlaqəli ittihamlarla həbs olunur. Hüquq müdafiəçiləri 500-dən çox dindar şiənin həbs edildiyini, bəzilərinin isə həbsdə işgəncələrə məruz qaldığını bildirib”.

Hüquq-mühafizə orqanları məhkəmə qərarı olmadan, xüsusən də fəalların, siyasi xadimlərin və xarici vətəndaşların şəxsi telefon və onlayn kommunikasiyalarına nəzarət edir. Tənqidçilərə və onların ailələrinə qarşı hökumətin təqibinin artması adi sakinlər arasında şəxsi həyatın toxunulmazlığı ilə bağlı fərziyyəni sarsıdıb və şəxsi müzakirələrin açıqlığını pozub. Fəallar sosial mediada tənqidi yazılarına görə uydurma ittihamlarla həbs ediliblər. Vətəndaş fəalları casus proqramları vasitəsilə təqiblərə məruz qalıblar. Qadın fəallar seksual xarakter daşıyan təqiblərə məruz qalır.

Sərbəst toplaşmaq azadlığı əvvəlkitək məhdudlaşdırılıb. Qeyri-hökumət təşkilatları haqqında repressiv qanunlar həm yerli, həm də xarici təşkilatlara təzyiq göstərmək üçün istifadə edilib, onların bir çoxu Azərbaycanda fəaliyyətini dayandırıb. Demək olar ki, bütün insan hüquqları təşkilatları və ya şəbəkələri yarı-leqal fəaliyyət göstərməyə məcburdurlar.

Məhkəmələrin siyasi müstəqilliyinin olmaması müxalifət xadimlərinə, fəallara və tənqidçi jurnalistlərə qarşı qaldırılan bir çox qondarma və ya başqa cür qüsurlu işlərdə xüsusilə aydın görünür.

“Əsassız saxlanmalar və həbslər adi haldır və məhbuslar çox vaxt məhkəmədən əvvəl uzun müddət saxlanılır. Siyasi məhbuslar vəkil imkanlarının məhdudlaşdırılması, sübutların uydurma və gizlədilməsi, etirafları çıxarmaq üçün fiziki zorakılığa məruz qaldıqlarını bildiriblər”.

Beynəlxalq müşahidəçilər belə qənaətə gəliblər ki, həm işgəncə, həm də bu cür sui-istifadə edənlərin cəzasız qalması Azərbaycanın ədliyyə sistemində adi haldır.

“Polis şübhəliləri həbs zamanı və ya etirazları dağıdarkən müntəzəm olaraq döyür. Həbsxana şəraiti qeyri-standartdır. Tibbi yardım, ümumiyyətlə, qeyri-kafidir və həddindən artıq sıxlıq adi haldır”.

Təşkilat bu sırada misal kimi “Tərtər işi”ni və “Elxan Ağazadənin işgəncələr altında ölümünü” göstərir.

Eyni cinsdən olanların seksual əlaqələrinə qanunla icazə verilsə də, LGBT+ adamlar cəmiyyətdə ayrı-seçkiliyə və polis təqiblərinə məruz qalırlar. 2022-ci ildə açıq gey LGBT+ fəalı Əvəz Şıxməmmədov – Əvəz Hafizli kimi tanınan – əmisi oğlu Əmrulla Gülalıyev tərəfindən öldürülüb.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz