Dünyada nə qədər nüvə silahı var?
Tarix: 4-07-2017, 09:09
Beynəlxalq Sülh Tədqiqatları İnstitutunun (SIPRI) araşdırmalarına görə, dünyada nüvə silahlarının sayında azalma müşahidə olunub. İnstitutun əldə etdiyi məlumata əsasən, ötən bir il ərzində nüvə ölkələrində nüvə başlıqlarının sayı 460 ədəd azalıb. Belə ki, bu ilin əvvəlində dünyanın doqquz nüvə ölkəsində (ABŞ, Rusiya, Böyük Britaniya, Fransa, Çin, Hindistan, Pakistan, İsrail və Şimali Koreya) 14 min 935 nüvə başlığı mövcud olub. Müqayisə üçün qeyd edilməlidir ki, 2016-cı ildə nüvə dövlətlərinin arsenalındakı nüvə başlıqlarının sayı 15 min 395 olub.
SİVİL.AZ bildirir ki, nüvə başlıqlarının sayına görə dünyada lider ölkələr Rusiya (təxminən 7 min ədəd) və ABŞ-dır (təxminən 6800 ədəd). Dünyadakı bütün nüvə başlıqlarının 93 faizi bu iki dövlətin payına düşür. Nüvə sınaqları ilə tez-tez gündəmə gələn Şimali Koreyada isə 20-dək nüvə başlığının mövcud olması ehtimal edilir.
Bununla belə ekspertlər nüvə silahlarının sayının azalması ilə yanaşı, nüvə dövlətlərini öz arsenalında müasir texnologiyalar tətbiq etməkdə, eləcə də nüvə başlıqları, daşıyıcı sistemlər və istehsal müəssisələrinin müasirləşdirilməsinə böyük vəsaitlər ayırmaqda tənqid ediblər.
Qeyd edək ki, nüvə silahları ilə bağlı bəşəriyyətin ən gərgin dövrü ötən əsrin 70-80-ci illərinə təsadüf edir. “Soyuq müharibə” dövründə bütün dünyada 70 mindən artıq nüvə başlığı orduların sərəncamında olub. Ötən əsrin 90-cı illərindən etibarən nüvə silahlarının ləğv edilməsi barədə sazişlər sayəsində onların sayı və istehsalı azalıb. (Azərtac)
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər