Lavrov: Münaqişənin həllinin əsaslanmalı olduğu prinsipləri təsdiqlədik
Tarix: 8-12-2017, 15:28
"Qəbul etdiyimiz bəyanatda Dağlıq Qarabağ münaqişəsinin həllinin əsaslanmalı olduğu prinsipləri təsdiqlədik".
SİVİL.AZ APA-ya istinadən xəbər verir ki, bu sözləri Rusiya xarici işlər naziri Sergey Lavrov Vyanda ATƏT Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, bəyanat digər həmsədr ölkələrin nümayəndə heyətlərinin rəhbərləri ilə birlikdə qəbul edilib.
Qeyd edək ki, ATƏT-in Minsk qrupunun həmsədri olan ölkələrin Vyanada Nazirlər Şurasında iştirak edən nümayəndə heyətlərinin rəhbərləri, Rusiya xarici işlər naziri Sergey Lavrov, ABŞ dövlət katibi Reks Tillerson və Fransanın ATƏT yanında daimi nümayəndəsi Veronika Roger Lacan dekabrın 7-də birgə bəyanat yayıblar.
Bəyanatda deyilir ki, həmsədr ölkələr Helsinki Yekun Aktı və orada göstərilən güc tətbiq etməmə, güc tətbiqi ilə təhdid etməmə, ərazi bütövlüyü, bərabər hüquqluluq və xalqların öz müqəddəratını təyinetmə prinsiplərini əsas götürərək Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün vasitəçilik missiyasında birgə mövqedən çıxış etdiklərini bir daha təsdiq edir.
Lavrov həmçinin əlavə edib ki, bu il Azərbaycan və Ermənistan prezidentlər arasında bir, nazirlər arasında isə bir neçə dəfə baş tutan dialoq pozitiv haldır:
“Biz amerikalı və fransalı həmkarlarla birlikdə kollektiv yanaşmanın olduğu bu istiqamətdə işləməyə davam edəcəyik. Bu sessiyada biz bunu bir daha təsdiq etdik. Verdiyimiz bəyanatda həll üçün nəzərdə tutulan əsas prinsiplər öz əksini tapıb. Tərəflər bunu qəbul edib, lakin hələ addım atılmayıb. Bu asan məsələ deyil, amma bu istiqamətdə işləyəcəyik”.
Sonda Sergey Lavrov bildirib ki, Rusiya Georgi Zuyevin səfir təyin olunması üçün Azərbaycan hökumətinə heç vaxt aqremanla bağlı müraciət etməyib.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər