''Öldü'' xəbəri yayılan Türkmənbaşı dirildi və konfransda çıxış etdi
Tarix: 12-08-2019, 23:52
CİVİL AZERBAİJAN xəbər verir ki, "Türkmənistanın prezidenti Qurbanqulu Berdimuhammedov iyul ayının 5-dən bəri öldü və ya komaya düşdü" xəbərlərindən sonra ilk dəfə olaraq ölkədə keçirilən Xəzər İqtisadi Forumunda ictimaiyyət qarşısında çıxıb, açılış nitqi söyləyib.
Avqustun 12-də Berdimuhammedov Türkmənbaşı şəhəri yaxınlığındakı Avaza turizm zonasında keçirilən konfransdan canlı yayımlanan çıxışı üçün 20 dəqiqədən çox kürsüdə dayanıb.
Berdimuhammedov sağlam və gümrah görünüb və aydın səlis nitqiylə yaddaşlarda qalıb.
Avqustun 12-də keçirilən konfransdakı digər qısa videolarda Berdimuhammedovun Rusiya, Azərbaycan və Qazaxıstan baş nazirləri, o cümlədən İranın Birinci vitse-prezidenti Eşaq Cahangiri ilə ayrıca görüşü göstərilib.
Konfrans salonundakı fotolarda Berdimuhammedov Rusiyanın Baş naziri Dmitri Medvedevin yanında oturub.
Berdimuhammedovun ölümü ilə bağlı təsdiqlənməmiş xəbərlər Rusiya mediası tərəfindən iyulun 20-də yayılıb. Türkmənbaşı bu xəbərlərdən iki həftə öncə ictimaiyyət qarşısına çıxmışdı. Bu səbəbdən 62 yaşlı avtoritar liderin ölümünə inam artmışdı.
Avrasiya Problemləri Monitorinq Mərkəzinin direktoru Aslan Rubayev Rusiya radiostansiyasına və "govoritmoskva.ru” internet xəbər portalına Berdimuhammedovun kəskin böyrək çatışmazlığından öldüyü xəbərini verəndə Türkmənbaşı bir həftə idi rəsmi olaraq tətildəydi.
Rubayevin dedikləri bir sıra başqa rus media qurumları tərəfindən istinad edildikdən sonra Rubayev ikinci dəfə çıxış edərək dediklərinin əsassız olduğunu dilə gətirmişdi.
Ancaq Berdimuhammedovun ictimai olaraq görünməməsi onun sağlığı ilə bağlı spekulyasiyaları artırmışdı. Türkmən liderinin xəstəxanada komaya düşdüyü və ya öldüyü qeyd edilirdi. (Azadlıq Radiosu)
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər