ABŞ-Britaniya azad ticarət sazişi təhlükədədir

Xəbərin çap versiyası
Tarix: 15-08-2019, 16:53
ABŞ-Britaniya azad ticarət sazişi təhlükədədir


ABŞ Nümayəndələr Palatasının spikeri Nancy Pelosi avqustun 14-də deyib ki, Britaniyanın Avropa İttifaqından çıxması Şimali İrlandiyaya dair 1998-ci il Mübarək Cümə razılaşamasına xələl gətirərsə ABŞ-Britaniya ticarət sazişi heç bir vəchlə Konqresdən keçməyəcək.

CİVİL AZERBAİJAN bildirir ki, hazırda prezident Donald Trump administrasiyasının Britaniya ilə müzakirə etdiyi azad ticarət sazişi London Breksit prosesini başa çatdırdıqdan sonra qüvvəyə minəcək.

Hazırda Britaniyanın Avropa İttifaqından çıxması üçün son müddət olaraq oktyabrın 31-i müəyyən edilib.

ABŞ-Britaniya ticarət sazişi mütləq ABŞ Konqresindən keçməlidir.

Şimali İrlandiyaya dair Mübarək Cümə adı ilə tanınan sülh razılaşması Britaniyanın bu bölgəsində üç onillik davam edən zorakılıqlara son qoymuş, habelə Avropa İttifaqının üzvü olan İrlandiya Respublikası ilə Britaniyanın bir hissəsi olan Şimali İrlandiya arasında sərhəd məftillərinin sökülməsi ilə nəticələnmişdi.

Nancy Pelosi deyib ki, Breksit heç bir formasında, İrlandiya Respublikası ilə Şimali İrlandiya arasında açıq sərhəd də daxil, Mübarək Cümə razılaşmasına ziyan vurmamalıdır:

“Əgər Breksit Mübarək Cümə razılaşmasına ziyan vursa, ABŞ-Birləşmiş Krallıq ticarət razılaşmasının Konqresdən keçmək üçün heç bir şansı olmayacaq”.

Hazırda ABŞ Konqresinin Nümayəndələr Palatasında demokratlar, Senatda isə respublikaçılar çoxluğa malikdirlər.

Avropa İttifaqı ilə London arasında yaranmış pat vəziyyəti Britaniyanı ittifaqdan heç bir razılaşma olmadan çıxmaq təhlükəsi qarşısında qoyub.

London və Brüssel arasında razılaşmanın ən böyük əngəli Şimali İrlandiyanın Avropa İttifaqı ilə sərhədi məsələsidir.

Avropa İttifaqı Şimali İrlandiya ilə İrlandiya Respublikası arasında sərhədin bağlanması perspektivini heç cür qəbul etmir.

Britaniyanın yeni baş naziri Boris Johnson deyib ki, London lazım gələrsə, Avropa İttifaqından razılaşmasız çıxacaq.

Bu həftə Londona səfərdə olan ABŞ milli təhlükəsizlik müşaviri John Bolton deyib ki, Vaşinqton, əgər lazım gələrsə, Aİ-dən sazişsiz ayrılmaq qərarı qəbul etmiş Britaniya hökumətini dəstəkləyəcək və ABŞ-la azad ticarət sazişi Birləşmiş Krallığın mümkün böhrandan çıxmasına köməklik göstərəcək. (Azadlıq Radiosu)

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz