Qasem Soleimani öldürüldü, İran 'intiqamla' hədələyir - REAKSİYALAR
Tarix: 3-01-2020, 15:20
İranın Ali dini lideri Ayətulla Ali Khamenei Qüds Qüvvəsinin komandiri Qasem Soleimani-ni öldürmüş “kriminallar”ı “sərt cavab”la hədələyib. Soleimani yanvarın 3-də erkən saatlarda ABŞ-ın raket zərbəsində öldürülüb.
CivilAzerbaijan.com bildirir ki, Khamenei Soleimani-nin ölümünə görə ölkədə üçgünlük milli matəm elan edib.
Ali dini lider deyib ki, ABŞ-ın hərəkəti İran xalqının Birləşmiş Ştatlara müqaviməti üçün “motivasiyasını ikiqat artıracaq”.
***
İran Prezidenti Hassan Rohani televiziya ilə çıxışında deyib ki, bu qətl Tehranın qətiyyətini artıracaq. “Soleimani-nin şəhidliyi İranı Amerikanın ekspansionizminə müqavimətini, islam dəyərlərini müdafiəsini gücləndirəcək. Şübhəsiz ki, İran və regiondakı digər azadlıq istəyən ölkələr onun intiqamını alacaqlar”, – “Reuters”in məlumatına görə, Rohani deyib.
İran mediası yazır ki, Xarici İşlər Nazirliyi ABŞ-ın İranda maraqlarını təmsil edən İsveçrənin müvəqqəti işlər vəkilini çağıraraq ona “güclü etiraz” bildirib. “Ona bildirilib ki, Vaşinqtonun hərəkəti dövlət terrorçuluğuna biabırçı nümunədir və ABŞ rejimi bunun fəsadları üçün məsuliyyət daşıyır”, – Press TV bildirib.
1979-cu il islam inqilabından sonra Vaşinqton və Tehran arasında rəsmi diplomatik münasibət yoxdur.
***
İranın Qüds qüvvələrinin komandiri General Qasem Soleimani ABŞ-ın Bağdada endirdiyi raket zərbəsində öldürülüb. Birləşmiş Ştatlarla İran arasında ədavətin bu həddə çatması Tehranın cavab tədbiriylə nəticələnə bilər.
ABŞ və İran rəsmiləri İranda ən nüfuzlu şəxslərdən sayılan Soleimani-nin öldürüldüyünü təsdiqləyiblər. ABŞ yanvarın 3-də səhər erkən Bağdad beynəlxalq aeroportunda iki avtomobilə zərbə endirib.
Bu hücumdan dərhal sonra neftin qiymətində dörd faiz sıçrayış baş verib.
Prezident Donald Trump son 13 saat ərzində ilk Twitter postunda ABŞ bayrağı yerləşdirəndən az sonra ABŞ ordusu hücumu təsdiqləyib.
Pentaqon bildirib ki, Trump yanvarın 2-də səhər bu hücumu təsdiqləyib.
Respublikaçılar və demokratların reaksiyası
“Prezidentin göstərişilə ABŞ ordusu xaricdəki personalını qorumaq üçün qətiyyətli addım ataraq, ABŞ-ın Xarici Terrorçu Təşkilat hesab etdiyi İran İnqilab Korpusunun Qüds Qüvvələrinin başçısı Qasem Soleimani-ni qətlə yetirib”, – ABŞ ordusu bəyanatında bildirib.
“Hücumda məqsəd İranın gələcək hücum planlarını önləmək olub”, – ordu əlavə edir.
Bəyanatda qeyd olunur ki, Soleimani son aylar İraqdakı ABŞ-ın başçılıq etdiyi koalisiya qüvvələrinə hücumlar təşkil edib. Dekabrın 27-də belə hücumlardan birində ABŞ-ın silahlı qüvvələrində kontraktla çalışan hərbçi öldürülüb.
Respublikaçılar Trump-ın qərarını alqışlayıb, demokratların çoxu isə hücumu tənqid edib, onun ABŞ qüvvələrinə təhlükə yaradacağını deyib.
Bu ilin prezident seçkisində Trump-ın əsas rəqibi sayılan Joe Biden deyib ki, Qüds qüvvələri liderinə “heç bir amerikalı yas saxlamayacaq”.
Ancaq əlavə edib ki, “Prezident Trump barıt çəlləyinə dinamit atıb və Amerika xalqına bu strategiyanı, əsgərlərimiz və səfirlik personalımızın təhlükəsizlik planını izah etməlidir”.
İranın təhlükəsizlik orqanı yığışacaq
İranın yarırəsmi Fars xəbər agentliyi ölkənin ali təhlükəsizlik orqanı sözçüsünə istinadla yazıb ki, qurum üzvləri Soleimani və digərlərinə “kriminaı hücum”u müzakirə etməyə yığışacaqlar.
Xarici İşlər naziri Mohammad Javad Zarif tvitində yazıb ki, General Soleimani-nin qətli “beynəlxalq terrorçuluq aktı”dır, “aşırı təhlükəli və durumun səfehcəsinə eskalasiyası”dır. O, Qüds qüvvələrini İslam Dövləti, Al Nusrah, Al Qaeda qruplaşmaları ilə mübarizədə ən effektiv qüvvə adlandırıb.
Şiə qruplaşmasının komandir müavini də öldürülüb
İraqın dövlət televiziyası İranın dəstəklədiyi Hashd Shaabi (Xalq Səfərbərlik Qüvvələri) şiə qruplaşmasından mənbələrə istinadla yazır ki, hücumda bu qruplaşmanın komandir müavini Abu Mahdi al-Muhandis də öldürülüb. İranın İslam Korpusu bu xəbəri təsdiqləyib.
İranın dövlət televiziyası onun aeroport yaxınlığında ABŞ vertolyotları tərəfindən qətlə yetirildiyini bildirsə də, detalları açıqlamayıb.
Təsdiqlənməmiş məlumatlara görə, hücumda Livanın Hizbullah hərəkatının azı bir üzvü də öldürülüb.
Soleimani 2018-ci ilin iyulunda demişdi ki, Prezident Donald Trump Tehranla bağlı xəbərdarlığını həyata keçirərsə, onun qüvvələri ABŞ ordusunu qarşı dayanmağa hazırdır.
“Cənab Trump, bizi nə cürətlə hədələyirsiz?” – Soleimani deyirdi.
Dekabrın 31-də İraqdakı şiə qruplaşmasının minlərlə tərəfdarı Bağdadda ABŞ səfirliyinə girib. Onlar ABŞ-ın raket zərbələrinə etiraz etdiklərini bildiriblər. Həmin zərbələrdə qruplaşmanın azı 25 üzvü öldürülmüşdü.
Yanvarın 2-də isə İranın hərbi liderləri Vaşinqtonun ata biləcəyi hər hansı hərbi addımlar bağlı xəbərdarlıq edib. Trump bundan qabaq demişdi ki, İraqda ABŞ-a qarşı etirazlar, səfirliyin tutulmasına görə Tehran məsuliyyət daşıyacaq. (AzadlıqRadiosu)
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər