İranın yeganə qadın Olimpiya medalçısı ölkəni TƏRK EDİB

Xəbərin çap versiyası
Tarix: 13-01-2020, 12:40
İranın yeganə qadın Olimpiya medalçısı ölkəni


İranın Olimpiya oyunlarında medal alan yeganə qadın idmançısı Kimiya Əlizadə İranın idmançılardan siyasi məqsədlərlə istifadə edən sistemində “ədalətsizlik” və “riyakarlığı” qınayaraq, ölkəni həmişəlik tərk etdiyini bildirib. “Nədən başlayım bilmirəm-salamlamadan, sağoldan, yoxsa başsağlığından?” – deyə, Kimiya Əlizadə yanvarın 11-də Instagram səhifəsində yazıb.

CivilAzerbaijan.com
xəbər verir ki, 2016-cı ildə Rio de Janeyroda keçirilən Yay Olimpiya Oyunlarında Taekvando üzrə yarışlarda bürünc medala layiq görülən 21 yaşlı idmançı mesajı haradan yazdığını qeyd etməyib, lakin bundan öncə o, Niderlandda məskunlaşmaq istədiyini bildirib.

Kimiya Əlizadə açıqlamasında bildirib ki, o, “taekvondo, təhlükəsizlik və xoşbəxt və sağlam həyatdan başqa” heç bir şey istəmir.

Bununla yanaşı o bundan sonra “riyakarlıq, yalanlar, ədalətsizlik və yaltaqlıq masasında” oturmaq istəmədiyini deyib.

“Mən İranda milyonlarla məzlum qadından biriyəm. Onlar mənə nə deyiblərsə, onu geymişəm. Mənə nə söyləyiblərsə, onu təkrar etmişəm. Biz yalnız alətlərik. Onları yalnız bizim medallarımız maraqlandırır, çünki bunlardan siyasi məqsədlərlə istifadə etmək olar” – deyə, Kimiya Əlizadə yazıb.

İdmançı əlavə edib ki, bu qərarın verilməsi Olimpiya medalını qazanmaqdan daha çətin olub.

Kimiya Əlizadənin ölkəni tərk etməsi İranın özündə narahatlıqlarla qarşılanıb. Yarı-rəsmi İSNA agentliyi bunu ölkədə Taekvondo idmanı üçün “bir şok” adlandırıb.

İdmançı gələcək planlarını açıqlamasa da, “əziz İran xalqına” hər zaman “İranın övladı” olaraq qalacağını deyib.

Kimiya Əlizadə keçən ilin oktyabr ayında BBC-nin dünyanın “ən ruhlandırıcı və nüfuzlu 100 qadını” siyahısında göstərilib.

Qərb mediası o zaman Kimiya Əlizadənin qələbəsi ilə “İranlı qız və qadınları öz hüquqları uğrunda sədləri aşmağa təşviq etdiyini” yazmışdı.

ABŞ Dövlət Departamentinin sözçüsü Morqan Ortagus Twitter səhifəsində Kimiya Əlizadənin atdığı addıma münasibət bildirib.

“İranın yeganə qadın Olimpiya medalisti rejimin qadınlara qarşı basqılarını rədd edib. O, təhlükəsiz, xoşbəxt və azad həyat naminə ölkədən gedib. İran onların imkanlarını genişləndirməyi və dəstəkləməyi öyrənməyənə qədər, daha çox güclü qadını itirməyə davam edəcək”, Morqan Ortaqus yazıb. (AmerikanınSəsi)

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz