İran öz gəmisini vurub: yaralılar və ölənlər var

Xəbərin çap versiyası
Tarix: 11-05-2020, 14:53
İran öz gəmisini vurub: yaralılar və ölənlər var


İranın hərbi gəmisi Oman körfəzində keçirilən təlim zamanı təsadüfən raketlə vurulub.

CivilAzerbaijan.com
bildirir ki, bu haqda məlumatı dövlət televiziyası mayın 11-də yayıb.

Məlumata görə, “dost atəşi” mayın 10-da Tehrandan 1270 km cənub-şərqə yerləşən Cask limanı yaxınlığında qeydə alınıb.

İran donanması təlim zamanı öz raketlərindən birinin yardımçı gəmiyə düşdüyünü, 19 dənizçinin öldüyünü, 15 nəfərin yaralandığını bildirir.

Daha öncə dövlət mediası azı bir dənizçinin öldürüldüyünü xəbər vermişdi. Yarırəsmi ISNA xəbər agentliyi Konarak gəmisinin regionda bir bəndə aparıldığını bildirir.

Hadisə zamanı gəmidə neçə heyət üzvünün olduğu bəlli deyil. Bəzi məlumatlara görə, Konarak Camaran freqatından atılmış raketlə vurulub.

Ordu isə “hərtərəfli” istintaq aparılmadan, “spekulyasiya”ya yol verməməyə çağırıb.

Yanvarda Ukraynanın sərnişin təyyarəsinin İslam İnqilab Keşikçiləri Korpusu (İİKK) tərəfindən “təsadüfən” vurulduğu deyilmişdi. Bu insident İİKK-nın əsas komandirlərindən olan Qassem Soleimani Bağdadda ABŞ dronuyla vurulandan sonra baş vermişdi. Həmin qətldən sonra İran tərəf İraqda ABŞ əsgərləri olan bazaya raket atmışdı, CivilAzerbaijan.com-un məlumatında deyilir.

“Bu, İranla vəziyyətin hələ də təhlükəli olduğunu göstərir, belə ki qəzalar və yanlış hesablamalar ola bilər. Bu, Fars Körfəzində sabitliklə bağlı inam yaratmır”, – Midlberi Beynəlxalq Araşdırmalar İnstitutunun İran ordusu üzrə eksperti Fabian Hinz “The New York Times” qəzetinə deyib.

Niderlandda hazırlanmış 47 metrlik Konarak gəmisi 1988-ci ildən istifadədədir. Onun heyətin adətən 20 dənizçidən ibarət olur.

İran strateji Hörmüz boğazına yaxın olan regionda mütəmadi təlimlər keçir. Fars Körfəzindəki Hörmüz boğazından dünya neftinin beşdə bir hissəsi nəql olunur.

ABŞ Prezidenti Donald Trump 2018-ci ildə İranla 2015-ci il nüvə sazişindən çıxaraq Tehrana sanksiyaları bərpa edib. O vaxtdan Tehranla Vaşinqtonun münasibətlərində gərginlik səngimir. (AzadlıqRadiosu)

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz