Nikol Paşinyan: Ermənistan Dağlıq Qarabağın “işğaldan azad edilməsinə” nail olacaq

Xəbərin çap versiyası
Tarix: 14-04-2021, 15:00
Nikol Paşinyan: Ermənistan Dağlıq Qarabağın “işğaldan azad edilməsinə” nail olacaq


"Qarabağ münaqişəsinin nizamlanması yaxın gələcək üçün ən vacib vəzifədir".

CivilAzerbaijan.com
bildirir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan bu gün ölkə parlamentindəki çıxışında söyləyib.

“Biz gələcək haqqında danışmalıyıq, ən vacibi Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasıdır. Dağlıq Qarabağ muxtar vilayətinin ərazisinin işğaldan azad edilməsi məsələsini qaldırmalıyıq. Bunu hərbi məsələ kimi deyil, siyasi danışıqlar məsələsi kimi formalaşdırmalıyıq”, deyə baş nazir bildirib.

Daha sonra o deyib ki, “Dağlıq Qarabağın xilası naminə ayrılma” qətnaməsinin həyata keçirilməsini davam etdirməliyik, bu, “danışıqlar prosesinin əsasını təşkil etməlidir”. O, öz mövqeyini Bakıda Hərbi Qənimətlər Parkının açılması ilə əsaslandırıb, bunu ermənilərə qarşı “ədavətin” təzahürü kimi qiymətləndirib.

İkinci Qarabağ müharibəsinə toxunan Paşinyan deyib ki, atəşkəs qərarını Qarabağın “prezidenti” və Ermənistan silahlı qüvvələrinin baş qərargahı ilə məsləhətləşərək qəbul edib.

“Mən belə qənaətə gəldim ki, biz müəyyən, kifayət qədər ciddi güzəştlər vasitəsilə atəşkəsə nail olmalıyıq və bununla əlaqədar Təhlükəsizlik Şurasının iclasını çağırdım”, deyə Paşinyan qeyd edib.

Bundan sonra o, Rusiya prezidenti Vladimir Putinə zəng edib və Ermənistan tərəfin Azərbaycana ərazi güzəştləri etməyə, “5+2” formatı çərçivəsində əraziləri “qaytrmağa” hazır olduğunu bildirib. Onun sözlərinə görə, Yerevan ərazilərin azad edilməsini Dağlıq Qarabağın statusunun müəyyən edilməsi ilə əlaqələndirmək istəyirdi. Amma Bakı ərazilərin “5+2” formatında deyil, tam həcmdə və dərhal qaytarılmasını tələb edib. Bundan başqa, Azərbaycan Dağlıq Qarabağın statusunu hər hansı formada müzakirə etməkdən qəti imtina edib.

Ermənistanın təhlükəsizliyi məsələsinə toxunan Paşinyan bildirib ki, Yerevan birmənalı olaraq Rusiyaya arxalanır və Moskva ilə 102-ci hərbi bazanın genişləndirilməsi və onun bir hissəsinin Syunin vilayətində (Zəngəzur) yerləşdirilməsi mümkünlüyünü müzakirə edir.

Turanın məlumatına görə, o, həmçinin qeyd edib ki, Ermənistan bütün regional kommunikasiyaların açılmasının tərəfdarıdır, bu, Ermənistanın Rusiya və İranla ticari-iqtisadi əlaqələri üçün həyati əhəmiyyət kəsb edir.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz