Azərbaycan-Ermənistan sərhədində baş verənlərə BEYNƏLXALQ REAKSİYA
Tarix: 14-05-2021, 15:07
“Ermənistan-Azərbaycan sərhədinin demarkasiya olunmamış hissəsində gərginliyin artması barədə xəbərləri diqqətlə izləyirik. Biz başa düşürük ki, tərəflər arasında kommunikasiya davam edir və onları gərginliyin sülh yolu ilə de-eskalasiyasına çağırırıq”.
CivilAzerbaijan.com bildirir ki, bu fikirləri ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays “Twitter” hesabında paylaşıb. O, tərəfləri təmkinli olmağa çağırıb.
Mayın 12-də Azərbaycan silahlı qüvvələrinin Ermənistanın Sünik vilayətinə bir neçə kilometr irəliləməsi haqda xəbərlər yayılıb. Rəsmi Bakı baş verənləri sərhədlərin dəqiqləşdirilməsi kimi izah edərək, hərbçilərinin Ermənistan ərazisinə girmədiyini vurğulayıb. Azərbaycan Xarici İşlər Nazirliyinin mayın 13-də yaydığı bəyanatında Rəsmi Yerevanın etirazlarından təəccübləndiyi vurğulanır: "Ermənistanın siyasi-hərbi dairələrinə təşvişə düşməməyi, Azərbaycanın Zəngilan, Qubadlı, Laçın və Kəlbəcər rayonları boyunca dövlətlərarası sərhəd rejimi reallığını qəbul etməyi və əsassız olaraq bölgədə vəziyyəti gərginləşdirməməyi tövsiyə edirik".
Fransa prezidenti Emmanuel Makron da Ermənistan-Azərbaycan sərhədində baş verənlərə “Facebook” hesabından reaksiya verib:
"Azərbaycan silahlı qüvvələri Ermənistan ərazisini işğal edib. Onlar dərhal geri çəkilməlidirlər. Bir daha erməni xalqına deyirəm, Fransa sizinlədir və belə də qalacaq".
E.Makron fikirlərini ermənicə paylaşıb.
E.Makronun açıqlaması
Fransa prezidentinin bəyanatdan öncə Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyanla telefonla danışdığı bildirilir.
Makronun idarəsinin bəyanatında deyilir ki, prezident BMT-nin Təhlükəsizlik Şurasının “regionda sabitlik və təhlükəsizliyin bərpasına” kömək edə biləcəyini vurğulayıb.
Meydan TV-nin məlumatına görə, Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan ilə Rusiya Prezidenti Vladimir Putin telefonla danışıblar. "Sputnik Armeniya"nın məlumatına görə, tərəflər Dağlıq Qarabağ ətrafındakı vəziyyəti də müzakirə ediblər. Rusiya prezidenti atəşkəsin ciddi şəkildə yerinə yetirilməli olduğunu söyləyib.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər