Robert Koçaryan seçkidəki məğlubiyyətinin səbəblərini AÇIQLAYIB

Xəbərin çap versiyası
Tarix: 22-06-2021, 13:14
Robert Koçaryan seçkidəki məğlubiyyətinin səbəblərini


""Ermənistan" bloku qısa müddət ərzində ölkənin kəndlərində kifayət qədər görüş keçirməyə vaxt çatdırmadı".

CivilAzerbaijan.com
bildirir ki, bunu iyunun 22-də keçirdiyi mətbuat konfransında ölkənin ikinci prezidenti Robert Koçaryan deyib.

"Sputnik Ermənistan"ın verdiyi məlumata görə, iyunun 20-də keçirilən növbədənkənar parlament seçkilərində "Ermənistan" blokunun rəhbəri kimi mübarizə aparan Koçaryan təşviqat üçün vaxt azlığından şikayətlənib.

"Təşviqat müddəti çox qısaydı, biz bir çox şeyləri çatdırmadıq, xüsusilə kənd yerlərində çox az görüşlərimiz oldu. Əgər diqqət etsəniz, görərsiniz ki, hakimiyyətdəkilər əsas nəticələri məhz kəndlərdə qazanıblar. İnsanlar, çox güman, son anda yekun qərara gəliblər və gedib hakimiyyətə səs veriblər", - deyə Koçaryan qeyd edib.

Hazırkı hakimiyyətə etimad mandatının verilməsi məsələsinə şərh verərkən Koçaryan bildirib ki, burada, çox güman, köhnə hakimiyyət nümayəndələrinin qayıtması böyük rol oynayıb, çünki seçkilərdə Ermənistanın bütün prezidentləri iştirak edbirlər.

"Biz bu vəziyyəti heç cür dəyişdirə bilmədik. Çox güman, bu, inqilabın son gülləsiydi", - deyə ölkənin ikinci prezidenti vurğulayıb.

Onun sözlərinə görə, Paşinyanın keçirdiyi dünənki mitinqdən sonra onda belə bir təəssürat əmələ gəlib ki, onların ritorikaları və davranışları dəyişməyib:

"Əgər iqtidar indi də əvvəlki kimi hərəkət etməyə davam etsə, başqalarını repressiyalarla və qisasla qorxutmağa davam etsə, onda biz çox tezliklə növbəti növbədənkənar seçkilərə getməli olacağıq".

Koçaryan seçkilərin nəticəsindən təəccübləndiyini deyib, çünki sorğular başqa şeyi göstərirdi. O, həmçinin bəyan edib ki, "Ermənistan" bloku parlamentdə oturub-oturmayacağını hələ bilmir:

"Mən qanunvericidən daha çox icraedici hakimiyyət nümayəndəsiyəm. Ona görə də özümü parlamentdə görmürəm. Amma hələlik yekun qərarımı verməmişəm".

Koçaryan çıxışı zamanı onu da qeyd edib ki, bütün bunlara baxmayaraq o və tərəfdarları hakimiyyət uğrunda həm parlamentdə, həm də küçələrdə mübarizə aparmağa davam edəcəklər.

Keçmiş prezident seçkilərdə bir çox qanun pozuntularının baş verdiyini, ona görə də Konstitusiya Məhkəməsinə müraciət etmək üçün material topladıqlarını da sözlərinə əlavə edib.

Ermənistanda iyunun 20-də növbədənkənar parlament seçkiləri keçirilib. Yekun nəticələr belədir:

1. Vətəndaş Müqaviləsi Partiyası (Nikol Paşinyan) - 53,92% (687 251 seçici)

2. “Ermənistan” bloku (Robert Koçaryan) - 21,04% (268 165 seçici)

3. “Mənim şərəfim var” bloku (Serj Sarqsyan) - 5,23% (66 633 seçici)

4. Çiçəklənən Ermənistan Partiyası (Qaqik Tsarukyan) - 3,96% (50 416 seçici)

5. Aydınlanmış Ermənistan (Edmon Marukyan) – 1,22% (15 557 seçici)

6. Erməni Milli Konqresi (Levon Ter-Petrosyan) – 1,54% (19 647 seçici)


MSK səsvermədə respublika səviyyəsində 49,4% aktivlik qeydə alındığını bildirib.

Növbədənkənar parlament seçkilərində 25 siyasi qüvvə - 21 partiya və 4 blok mübarizə aparıb. Parlamentdə düşə bilmək üçün partiyalar 5%, bloklar isə 7%-lik həddi aşmalı idi.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz