8 yaşlı uşaq küfr etməkdə günahlandırılaraq həbs edilib

Xəbərin çap versiyası
Tarix: 10-08-2021, 14:43


Pakistanın şərqində səkkiz yaşlı hindu oğlan küfranlıq ittihamıyla polis nəzarətinə alınıb.

CivilAzerbaijan.com
bildirir ki, o, indiyədək ölkədə küfrdə suçlanan ən gənc adamdır.

“The Guardian” qəzeti oğlanın ailəsinin hazırda gizləndiyini, Puncab vilayətinin mühafizəkar Rahim Yar Xan rayonunda hindu icmasının əksər üzvlərinin isə evlərini tərk etdiyini yazır. Oğlan ötən həftə zaminə buraxılandan sonra müsəlmanlar hindu məbədinə hücum ediblər. Əraziyə hərbçilər yerləşdirilib. Ötən şənbə məbədə hücumla əlaqədar 20 nəfər saxlanıb.

Oğlanın ötən ay dini kitabların saxlandığı mədrəsə kitabxanasında xalçanın üstünə sidik ifraz etdiyi bildirilir. Küfranlığa görə ölüm cəzası da kəsilə bilər.

Cinayətinin nə olduğunu anlamır

Qəzet oğlanın və ailə üzvlərinin adlarını bildiyini, amma onların təhlükəsizliyinə görə açıqlamadığını qeyd edir.

Oğlanın ailə üzvlərindən biri qəzetə deyib ki, uşağın heç küfranlıq məsələlərindən xəbəri belə yoxdur. “O, cinayətinin nədən ibarət olduğunu, bir həftə həbsdə niyə saxlandığını belə anlamır”, – o deyib.

Qəzet uşağa qarşı küfranlıq ittihamlarının hüquq ekspertlərini şok etdiyini yazır. Onlar bu addımı görünməmiş sayırlar. İndiyədək Pakistanda bu yaşda küfranlıqda suçlanan olmayıb.

1986-cı ildə Pakistanda bu cinayətə ölüm cəzası təyin olunsa da, indiyədək küfranlıq ittihamına görə edam gerçəkləşməyib. Amma şübhəlilər çox vaxt hücuma məruz qalır, bəzən kütlə tərəfindən öldürülürlər.

Pakistan Hindu Şurasının başçısı və deputat Rameş Kumar deyir ki, hindu icmasına məxsus yüzdən çox ev hücum qorxusundan dolayı boşalıb.

İttihamları ləğv etməyə çağırırlar

“Oğlana qarşı ittihamların dərhal ləğv olunmasını tələb edir, hökuməti ailənin və qaçmağa məcbur olanların təhlükəsizliyini təmin etməyə çağırıram”, – insan haqları fəalı Kapil Dev söyləyib.

“Amnesty International” hüquq-müdafiə təşkilatı da səkkiz yaşlı uşağa qarşı küfranlıq ittihamlarını ləğv etməyə çağırıb.

“Pakistanda küfranlıq qanunları uzun müddət azlıqlara qarşı istifadə olunub, amma bu hal sarsıdıcıdır. Bu gülünc ittihamları ləğv etməklə yanaşı, Pakistan hakimiyyəti oğlan, onun ailəsi və daha geniş hindu icması üçün gərəkən mühafizəni təmin etməlidir”, – təşkilatın Cənubi Asiya üzrə kampaniyaçısı Rimmel Mohidin deyib.

Azadlıq Radiosunun məlumatına görə, hindular Pakistanda ən böyük qeyri-müsəlman azlığı sayılır, əhalinin 2-4 faizini təşkil edirlər. 2020-ci ilin dekabrında ölkədə daha bir hindu məbədi yandırılmışdı.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz