Nikol Paşınyandan demarkasiya, danışıqlar və dəhliz barədə BƏYANAT
Tarix: 24-08-2021, 14:24
Ermənistanın baş naziri Nikol Paşınyan əmindir ki, Azərbaycanla sərhədlərin demarkasiya və delimitasiyasını maksimal dərəcə də tez başlamaq lazımdır.
CivilAzerbaijan.com bildirir ki, bu barədə o, avqustun 24-də parlamentdəki çıxışında deyib.
“Təəssüf edirəm ki, siyasi səs-küyə görə yazda planlaşdırılan nəticəni əldə etmək mümkün olmadı. Ermənistan-Azərbaycan sərhəddinin bəzi sahələrində qeyri-stabil vəziyyət bu proseslərin başlaması üçün ciddi təhlükədir”, - Sputnik-Armenia Paşınyandan sitat gətirir.
O həmçinin Ermənistan və Azərbaycan qoşunlarının sovet xəritələri əsasında geri çəkilməsinin zəruriliyini qeyd edib: "Tex-Meqri sahəsində işlər məhz bu prinsiplə aparılırdı və erməni tərəfi bu istiqamətdə hərəkət etməyə hazırdır".
"Regionda kommunikasiyaların açılması ölkənin çoxillik blokadasına son qoymağa imkan verəcək, bu da Ermənistan ətrafında əlverişli mühitin formalaşması üçün vacib alət olacaq", deyə Paşınyan bildirib və üçtərəfli komissiyanın fəallaşmasına və kommunikasiyaların açılması üçün konkret nəticələrin əldə edilməsinə çağırıb.
O hesab edir ki, bu proses Azərbaycan tərəfinin hansısa “dəhlizlər” barədə “qeyri-konstruktiv və təxribatçı” bəyanatlarına görə gərginləşir. Eyni zamanda, o, etiraf edib ki, kommunikasiyaların açılması Yerevana Azərbaycan ərazisindən Rusiya və İranla, Bakıya isə Ermənistan ərazisindən Naxçıvana nəqliyyat əlaqəsi imkanı verir.
“Kommunikasiyaların açılması Ermənistanın və Dağlıq Qarabağın təhlükəsizliyi hesabına həyata keçirilə bilməz”, - deyə Paşınyan bəyan edib.
Turanını məlumatında qeyd olunur ki, Baş nazirin sözlərinə görə, Yerevan ATƏT-in Minsk Qrupunun həmsədrliyi çərçivəsində Dağlıq Qarabağla bağlı konstruktiv danışıqlara hazırdır.
“Həmsədrlər Dağlıq Qarabağ münaqişəsinin başa çatmadığını təsdiq edib, məsələnin əhatəli və uzunmüddətli həlli məlum prinsiplər əsasında qəbul edilməlidir: güc tətbiq edilməməsi, xalqın öz müqəddaratını təyin etmə hüququ, ərazi bütövlüyü”, - deyə Paşınyan bildirib və qeyd edib ki, Ermənistan yüksək səviyyədə danışıqlara hazırdır və konkret təkliflər gözləyir.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər