Ərdoğandan Türkiyə-Amerika münasibətləri və Taliban haqqında AÇIQLAMA
Tarix: 24-09-2021, 16:08
"ABŞ-Türkiyə münasibətlərinin indiki durumunda “xeyir əlaməti görünmür”.
CivilAzerbaijan.com bildirir ki, Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan sentyabrın 23-də Nyu Yorkda BMT Baş Məclisini tərk edərkən deyib.
“The Associated Press” Ərdoğanın jurnalistlərlə söhbətində NATO müttəfiqi arasında müxtəlif fikir ayrılıqlarını dilə gətirdiyini yazır – Türkiyənin Rusiyadan havadan müdafiə sistemi almasından tutmuş, ABŞ-ın F-35 qırıcı proqramından çıxarılmasınadək.
“1.4 milyard dollar ödədik”
“Səmimi olaraq Türkiyə-Amerika münasibətlərində sağlam proses getdiyini deyə bilmərəm. Baxın, biz F-35-lər aldıq, 1.4 milyard dollar ödədik, amma F-35-ləri bizə çatdırmadılar”, – prezident vurğulayıb.
Ərdoğan ümidvar olduğunu bildirib ki, iki NATO ölkəsi bir-birinə ədavət deyil, dostluqla yanaşacaq. “Ancaq indiki trayektoriyada xeyirli əlamət yoxdur”, – o söyləyib.
Türkiyə lideri 19 ilik hakimiyyəti dövründə ABŞ prezidentləri ilə yaxşı işlədiyini deyərək, “cənab Bidenlə yaxşı başladığımı deyə bilmərəm”, sözlərini dilə gətirib.
Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə sentyabrın 29-da Soçidə keçiriləcək görüşündə Suriyada, özəlliklə üsyançıların sonuncu istehkamı olan İdlibdə qarşılıqlı münasibətləri müzakirə edəcəklərini vurğulayıb.
Əfqanıstan
Ərdoğan BMT-də islahatlar çağırışından, “radikal addım” təklifindən danışıb. O, “lazım gələrsə” Baş Məclisin fövqəladə iclasını çağırmaqla Təhlükəsizlik Şurasının beş daimi üzvünün veto hüququnu almağı təklif edir.
Əfqanıstanda Talibanın başçılıq etdiyi yeni hökumətlə bağlı Ərdoğan deyib ki, bu ayın əvvəlində inklüziv hökumətin qurulmaması məyusedicidir. Taliban ancaq kişilərdən ibarət hökumət açıqlayıb.
“Dəyişikliklər ola biləcəyinə dair siqnallar gəlir, amma administrasiyada daha inklüziv atmosfer ola bilərdi”, – o deyib.
Taliban ötən ay Kabili tutandan türkiyəli və qətərli texniklər paytaxt aeroportunun yenidən tam açılması üzərində işləyirlər, Azadlıq Radiosunun məlumatında qeyd olunur.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər