Çexiya prezidenti Milos Zeman xəstəxanaya yerləşdirilib
Tarix: 10-10-2021, 23:18
Son günlər mətbuatda səhhətinin pisləşdiyi bildirilən Çexiya prezidenti Milos Zeman bazar günü xəstəxanaya yerləşdirilib. Onun hazırda reanimasiya şöbəsində olduğu bildirilir. Bu, müxalifətin parlamentdə çoxluq qazandığı parlament seçkilərinin nəticələrinin elan edilməsindən bir gün sonra baş verir.
CivilAzerbaijan.com bildirir ki, Zeman təcili yardım maşını ilə yaşadığı evdən Praqaya aparılıb. Videoya görə o xəstəxanaya gələndə huşunu itirmiş halda olub. Həm də xəstəxananın baş həkimi olan Zemanın müalicə həkimi, prezidentin reanimasiyada olduğunu jurnalistlərə təsdiqləsə də, diaqnozunu açıqlamaqdan imtina edib.
Daha əvvəl mənbələrə istinadən mətbuat 77 yaşlı prezidentin qaraciyər problemi olduğunu yazmışdı. Sentyabrın ortalarında o, artıq xəstəxanaya yerləşdirilmişdi və xəstəxanadan çıxandan sonra ictimaiyyət qarşısına çıxmamışdı.
Zeman, siyasi müttəfiqi Baş nazir Andrey Babiş tərəfindən ziyarət edildikdən dərhal sonra xəstəxanaya yerləşdirilib. Babişin partiyası, seçkilərin nəticələrindən sonra parlamentdə ən böyük fraksiyaya sahib olacağına baxmayaraq, müstəqil olaraq yeni bir kabinet qura bilməz.
Yeni hökumətlə bağlı danışıqları iki müxalifət koalisiyasının nümayəndələri aparırlar.
Siyasi məsləhətləşmələrdə fəal iştirak etməsi gözlənildiyi bir vaxtda prezidentin xəstəxanaya düşməsi vəziyyəti xeyli dəyişmiş olur. Beləki yeni baş naziri təyin edən prezidentdir və yalnız parlament ona etibar etməkdən iki dəfə imtina edərsə, bu hüquq parlamentin başçısına keçir.
Azadlıq Radiosunun məlumatına görə, Prezidentin öz vəzifələrini uzun müddət yerinə yetirə bilməməsi halında, parlament onu vəzifəsindən uzaqlaşdıra bilər. Daha sonra, ölüm halında olduğu kimi, prezident səlahiyyətləri yeni seçkilərə qədər parlament palatalarının başçıları ilə baş nazir arasında bölüşdürülə bilər.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər