Brüsseldə keçirilən NATO-Rusiya Şurası görüşü başa çatıb - NƏTİCƏ
Tarix: 12-01-2022, 20:12
Bu gün Brüsseldə Ukraynanın şərq sahillərində böhranı yoluna qoymağı hədəfləyən Rusiya-NATO danışıqları keçirilib.NATO-Rusiya Şurası iki ildən çox idi ki, bir araya gəlmirdi. Bugünkü müzakirələrdə Rusiyanı Xarici işlər nazirinin müavini Aleksandr Qruşko və Müdafiə nazirinin müavini Aleksandr Fomin təmsil ediblər.
CivilAzerbaijan.com bildirir ki, NATO-nun baş katibi Yens Stoltenberq deyib ki, alyans və Rusiya rəsmiləri arasında Ukrayna məsələsinə dair “ciddi və birbabaşa” fikir mübadiləsi olub.
Baş katib deyib ki, o danışıqların davam etdiriləcəyinə ümid edir.
NATO-Rusiya Şurası çərçivəsində yanvarın 12-də 4 saat davam edən danışıqlardan sonra Stoltenberq deyib ki, məsələlərin geniş çevrəsinin faydalı müzakirəsi olub və Qərbin təhlükəsizlik alyansı Avropada təhlükəsizlik məsələsinin siyası həlli üçün səylərini əsirgəməyəcək.
Stoltenberq deyib ki, NATO Rusiyanın Ukrayna sərhədləri yaxınlığına və Ukraynadan ilhaq etdiyi Krıma 100 mindən çox hərbçi toplaması ilə bağlı “ciddi narahatlığını” bildirib:
"NATO üzvləri Rusiya ilə dialoqa hazırdırlar, amma Avropada hər bir ölkənin suverenliyi və ərazi bütövlüyü məsələsindəki əsas prinsiplərində kompromisə getməyəcəklər. NATO müttəfiqləri bugün Rusiyanı öz qoşunlarını Gürcüstandan, Ukrayna və Moldovadan çıxarmağa çağırıblar”.
Rusiyanın Ukrayna tələbi rədd edilib
Stoltenberq Ukrayna barədə Rusiyanın tələbinin rədd edildiyini bildirib:
"Əgər Rusiya yenidən Ukraynaya qarşı gücdən istifadə edərək, onun ərazisinə daha çox soxularsa, biz şərq istiqamətindıə mövqeyimizin daha da möhkəmləndirilməsini nəzərdən keçirməli olacağıq”.
Stoltenberq deyib ki, Avropada yeni silahlı münaqişə təhlükəsi qalır, lakin NATO bu ssenarinin baş verməməsi üçün əlindən gələni edəcək.
ABŞ hesab edir ki, bu qoşun cəmləşdirilməsi Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin prelüdüdür.
Şimal alyansının rəhbəri daha sonra deyib:
"NATO müttəfiqləri ilə Rusiya arasında bu məsələdə əhəmiyyətli fikir ayrılıqları var. Bu fikir ayrılıqlarını aradan qaldırmaq asan olmayacaq, lakin bütün NATO müttəfiqləri ilə Rusiyanın eyni masa arxasında oturması və substantiv məsələlər barəsində müzakirə aparması pozitiv siqnaldır”.
Stoltenberq bir daha bəyan edib ki, Ukrayna özünün gələcək təhlükəsizliyini necə təşkil edəcəyi barədə qərarlar qəbul etmək hüququna malikdir, NATO isə öz qapılarını mümkün yeni üzvlərin üzünə bağlamayacaq.
O əlavə edib ki, bu məsələdə Rusiyanın heç bir veto hüququ yoxdur.
“Həqiqət anı”
Brüsseldə keçirilmiş bu danışıqlar bu həftə Qərb və Rusiya arasında keçirilməli olan silsilə danışıqların ikinci dövrəsi idi.
ABŞ və Rusiya arasında danışıqlar yanvarın 10-da Cenevrədə başlanıb. Bu da xəbər verilir ki, Rusiya nümayəndə heyətinə xarici işlər nazirinin müavini Aleksandr Qruşko və müdafiə nazirinin müavini Aleksandr Fomin başçılıq edirdilər.
Bu danışıqlarda ABŞ dövlət katibinin müavini və Cenevrə danışıqlarında əsas danışıqçı olmuş Uendi Şerman da iştirak edirdi.
Qruşko bu görüşü Rusiya-NATO münasibətlərində “həqiqət anı” adlandırıb.
Kremlin sözçüsü Dmitri Peskov isə deyib ki, Rusiya ultimatumlar verməsə də, NATO-nun mümkün genişlənməsindən narahat olaraq qalır.
Azadlıq Radiosunun məlumatında qeyd olunur ki, sabah – yanvarın 13-də isə Rusiya ilə ATƏT arasında müzakirələr olmalıdır.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər