Bidendən Rusiyadan neft və qaz idxalına tam qadağayla bağlı AÇIQLAMA

Xəbərin çap versiyası
Tarix: 8-03-2022, 22:16


ABŞ prezidenti Joe Biden ABŞ-ın Rusiyadan neft və qaz idxalını dayandıracağını rəsmən bəyan edib.

CivilAzerbaijan.com
bildirir ki, Biden çərşənbə axşamı Rusiyaya qarşı Ukraynaya fevralın 24-də başladığı hərbi müdaxilə ilə əlaqədar növbəti addımların atılması məsələsi ilə bağlı Amerika xalqına müraciət edib.

"Biz Rusiya neftinin və qazının bütün idxalına qadağa qoyuruq", Amerika lideri bildirib.

O həmçinin vurğulayıb ki, ABŞ Avropadakı müttəfiqlərinin Rusiyadan enerji idxalına qoyulan qadağaya qoşula bilməyəcəklərini başa düşür. Onun sözlərinə görə, Rusiyadan neft və qazının alınmasını dayandırmaq qərarı "ABŞ-a da öz təsirini göstərəcək, lakin Vaşinqton bu addımı atmalı olduğuna inanır."

"Putinin müharibəsinin bizim üçün təsiri olacaq. Amma indi gəlir əldə etmək vaxtı deyil. Bizdən asılı olanı etməliyik" – deyə Biden qeyd edib.

O vurğulayıb ki, ABŞ mümkün qədər tez zamanda elektromobillərin tətbiqi və s. kimi “təmiz enerji”yə keçməlidir. Onun sözlərinə görə, bu, “gələcəkdə benzinin qiymətindən narahat olmamağa” imkan verəcək.

ABŞ prezidenti bildirib ki, Birləşmiş Ştatlar və müttəfiqləri gündəlik olaraq Ukraynaya silah çatdırmaqda və humanitar yardımı artırmaqda davam edirlər.

Bu arada, Böyük Britaniya rəsmiləri ölkənin 2022-ci ilin sonuna qədər Rusiya nefti və neft məhsullarının idxalını dayandıracağını bildirib.

Rusiyanın ABŞ-a əsas ixracatı neft, metal və gübrədir. ABŞ-da istehlak edilən neftin təxminən 7 faizi Rusiyadan idxal edilir.

Avropa İttifaqında da Rusiya neftinin, eləcə də qazın tədarükündən imtina məsələsi də müzakirə olunur, lakin hazırda birliyin bir çox ölkələri yanacağın qiymətinin kəskin artması və onun qıtlığından çəkinərək bu tədbirə qarşı çıxır.

Amerikanın Səsinin məlumatına görə, bundan əvvəl Shell neft-qaz şirkəti Rusiya nefti və qazından imtina etdiyini açıqlamışdı. Onun ardınca British Petroleum da Rusiya neft və qazını almağı dayandıracağını açıqlayıb.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz