Belarus Ukraynadakı müharibəyə sürüklənir - ALEKSANDR LUKAŞENKO

Xəbərin çap versiyası
Tarix: 4-07-2022, 12:06


Belarus Prezidenti Aleksandr Lukaşenko iddia edir ki, Ukraynadan Belarusa raket atılıb. O bildirib ki, bununla Minski Ukraynadakı müharibəyə sürükləmək istəyirlər: “Onlar Rusiya və Belarusla eyni anda məşğul olmaq istəyirlər”.

Civilazerbaijan.com
bildirir ki, Aleksandr Lukaşenko bu iddiasını hər hansı fakt və ya sübutla əsaslandırmayıb. O, hadisənin bir neçə gen öncə olduğunu deyib.

Belarusun dövlət xəbər agentliyi BELTA Lukaşenkonun bu barədəki açıqlamasını yayımlayıb. Həmin açıqlamada bildirilir ki, Ukrayna ərazisindən Belarusdakı hərbi obyektlərə zərbələr endirməyə cəhd edilib:

“Ukrayna silahlı qüvvələrinin atdığı bütün raketlər hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib”.

Lukaşenkonun iddiasına görə, Minsk Ukraynada müharibəyə sürüklənir. Prezidentin fikrincə, Belarus Ukrayna ilə döyüşmək niyyətində deyil, lakin hücum olacağı təqdirdə buna gedəcək:

“NATO və Avropa İttifaqı Rusiya və Belarusa qarşı yeni təxribatlarda maraqlıdır”.

Ukrayna tərəfdən Lukaşenkonun bu iddialarına şərh verilməyib. CNN telekanalı bu barədə Ukrayna Müdafiə Nazirliyinə sorğu göndərib. Hələlik, cavab ala bilməyib.

Belarus Ukraynadakı müharibənin birbaşa iştirakçısı olmasa da, Rusiyanın bir nömrəli müttəfiqidir. İddia edilir ki, müharibədə Rusiyaya maddi-texniki dəstək verir. Həmçinin Rusiya qoşunlarının bir hissəsi Ukraynaya Belarus sərhədindən keçməklə daxil olub.

Odur ki, Qərb ölkələri Rusiya ilə yanaşı Belarusa qarşı da bir neçə ciddi maliyyə sanksiyaları paketi tətbiq edib.

ABŞ, Aİ ölkələri və bir sıra digər ölkələr 2020-ci ilin avqustunda Belarusda keçirilən prezident seçkilərindən sonra Aleksandr Lukaşenkonu legitim seçilmiş dövlət başçısı kimi tanımayıb.

Meydan TV-nin məlumatına görə, səsvermənin rəsmi nəticələrinə qarşı başlayan kütləvi etirazların yatırılması ilə əlaqədar ona və ətrafına qarşı sanksiyalar tətbiq edilib. Lukaşenko rejimi insan haqlarını kobud şəkildə pozmaqda və müxalifəti təqib etməkdə ittiham olunur.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz