Priqojinə məxsus təyyarənin qəzaya uğradığı bildirilir

Xəbərin çap versiyası
Tarix: 24-08-2023, 11:16


Avqustun 23-də saat 21 radələrində Rusiyanın Tver vilayətində “Embraer Legacy” şəxsi təyyarə qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 10 nəfər olub.

Civilazerbaijan.com
bildirir ki, avqustun 24-də səhər təhqiqatçılar Vaqner özəl hərbi şirkətinə məxsus təyyarənin qalıqları arasında axtarışı davam etdiriblər. Təyyarə bir gün öncə Sankt Peterburqdan Moskvaya uçarkən qəzaya uğrayıb, sərnişinlərdən sağ qalan olmadığı bildirilir. Sərnişin siyahısında düz iki ay öncə Rusiya hərbi rəhbərliyinə qarşı qısamüddətli qiyam qaldırmış qrup lideri Yevgeni Priqojinin də adı olub.

“Embraer 600” təyyarəsi avqustun 23-də axşam radardan itib. Bundan az sonra sosial mediada yayılan videoda təyyarənin itdiyi yerdə, Moskvadan təxminən 300 km şimalda bir təyyarənin yerə düşdüyü görüntülənib.

“RIA Novosti” fövqəladə xidmət rəsmilərinə istinadla səkkiz nəfərin meyitinin tapıldığını bildirir. Ancaq Priqojinin dəqiq həmin təyyarədə olması təsdiqlənməyib.

Vaqner komandiri və həmtəsisçisi Dmitri Utkinin adı da sərnişin siyahısında olub. Təyyarədəki 10 nəfərdən ikisi pilot, biri stüardessa idi. İstintaq aparıldığı bildirilir.

Rusiya Fövqəladə Hallar Nazirliyi təyyarədəki 10 nəfərin hamısının öldüyünü bildirir. “Rosaviasiya” isə sərnişin siyahısında Priqojinin də adının olduğunu açıqlamışdı.

Kreml, yaxud Müdafiə Nazirliyi Priqojin və Utkinin öldüyünü rəsmən təsdiqləməyib. Ancaq Vaqnerə bağlı Telegram kanalı onun öldüyünü elan edib.

İkinci təyyarə Moskva vilayətinə salamat enib

“Grey Zone” adlı kanal Priqojini qəhrəman və patriot elan edib, “Rusiyanın satqınları” adlandırdığı şəxslərin əlində öldüyünü bildirib.

Kanal onu da xəbər verib ki, Priqojinə məxsus başqa bir təyyarə Moskva vilayətinə salamat enib. Ancaq bu informasiyanı müstəqil təsdiqlətmək mümkün olmayıb.

Sankt Peterburqda Vaqnerin ofisinin yerləşdiyi binanın pəncərələrində nəhəng xaç görüntüsü işıqlandırılıb, bəzi şəxslər binaya gül qoyub, şam yandırıblar.

Prezident Vladimir Putinin müttəfiqi Priqojin iyunun 24-də qiyam qaldırdığını elan edib, Rostov-Don şəhərini tutub, Moskvanın 200 km-nə qədər yürüş edib. Qiyam vaxtı Rusiyanın hərbi təyyarəsi vurulub, Rusiya Hava Qüvvələrinin 13 heyət üzvü həlak olub.

Priqojin o zaman həbs olunmadı. Ancaq Putin bunu “arxadan zərbə” adlandırdı, bütün “satqınların” cəzalandırılacağını dedi.

“Putinin opponentləri təbii yolla ölmürlər”

“Kiminsə bunu təsadüf sayması inandırıcı deyil. Sadəcə elə olur ki, Vladimir Putinin hakimiyyətinə təhdid saydığı opponentləri təbii yolla ölmürlər”, – Polşanın Xarici işlər naziri Zbiqnev Rau deyib.

Priqojinin təyyarə qəzasında öldüyü təsdiqlənərsə, bu, Vaqner qrupuna ağır zərbə olar. Bu qrup Rusiyanın ilin əvvəlində Ukraynanın Baxmut şəhərinə ələ keçirməsində mühüm rol oynayıb.

İyun qiyamından sonra Priqojin çox gözə dəyməyib. Avqustun 21-də yayılmış videoda isə o, səhrada əynində kamuflyaj, əlində avtomat görüntülənib.

Azadlıq Radiosunun məlumatında qeyd olunur ki, ABŞ Prezidenti Co Bayden (Joe Biden) deyib ki, Priqojinin təyyarə qəzasında öldüyü ehtimal olunan xəbərdən “təəccüblənməyib”.

Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) başçısı Uilyam Börnz (William Burns) ötən ay deyirdi ki, Putin Priqojindən qisas alacaq. O, Priqojin qisasdan yayına bilərsə, buna təəcüblənəcəyini də sözlərinə əlavə edib.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz