ABŞ və Rusiya arasında tarixi məhbus MÜBADİLƏSİ

Xəbərin çap versiyası
Tarix: 2-08-2024, 12:36


ABŞ cümə axşamı Rusiya ilə tarixi məhbus mübadiləsini təsdiqləyib.

Civilazerbaijan.com
bildirir ki, mübadilə edilən məhbuslar arasında amerikalı jurnalistlər Evan Gerşkoviç və Alsu Kurmaşeva, keçmiş ABŞ dəniz piyadası Pol Uilan və ABŞ-ın daimi sakini Vladimir Kara-Murzanın adları var.

Ümumilikdə beş alman və yeddi Rusiya vətəndaşı daxil olmaqla, 16 nəfərin müqabilində ABŞ-da, Almaniyada, Polşada, Norveçdə və Slovaniyada saxlanılan 8 nəfərin mübadiləsi həyata keçirilib.

Bu, ABŞ və Rusiya arasında Soyuq Müharibədən bəri ən böyük məhbus mübadiləsidir.

“Bugünkü mübadilə tarixi olacaq. Soyuq Müharibədən bəri bu qədər insan mübadiləsi olmayıb” - deyə, milli təhlükəsizlik müşaviri Ceyk Sallivan jurnalistlərə bildirib. “Bu, bir çox aylar ərzində aparılan mürəkkəb, əziyyətli danışıqların bir çox raundlarının kulminasiya nöqtəsidir.”

Sallivan deyib ki, bu razılaşma ilk dəfə olaraq bir çox ölkə və müttəfiqlərin haqsız yerə həbs edilmiş şəxslərin azad edilməsi uğrunda əməkdaşlığının nəticəsidir.

Razılaşmaya əsasən Rusiya tərəfindən azad edilənlərin sırasında Gerşkoviç, Kurmaşeva, Uilan və Kara-Murza ilə bərabər, aralarında Almaniya vətədaşları və rusiyalı siyasi məhbuslar olan Dieter Voronin, Kevin Lik, Riko Kriger, Patrik Şobel, Herman Moyzes, İlya Yaşin, Liliya Çanişeva, Kseniya Fadeyeva, Vadim Ostanin, Andrey Pivovarov, Oler Orlov və Saşa Skoçilenkonun adları da var.

Amerikalılar arasında Rusiyada ən uzun müddət həbsdə olan şəxs 2018-ci ildə Moskvada saxlanılan Pol Uilandır. 2020-ci ildə o, casusluq ittihamı ilə 16 il həbs cəzasına məhkum edilib. Uilan və ABŞ hökuməti bu ittihamları rədd edir.

"Wall Street Journal"-ın müxbiri Gerşkoviç 2023-cü ildə saxlanılıb və iyulun 19-da qapalı məhkəmədə mühakimə olunub.

Rusiyanın isə Almaniyada ömürlük həbsdə olan rusiyalı Vadim Krasikovun azadlığa buraxılması üçün danışıqlar apardığı bildirilir.

Krasikov 2019-cu ildə Berlində çeçen dissidentin qətlində təqsirli bilinib. Onun əvvəllər 2024-cü ilin fevralında vəfat edən müxalifət lideri Aleksey Navalnı ilə mübadilə edilməsi ilə bağlı müzakirələrin getdiyi deyilirdi.

Bənzər mübadilə 2022-ci ildə amerikalı basketbolçu Brittni Graynerlə ABŞ-da 25 il həbs cəzası çəkən rusiyalı silah satıcısı Viktor Bout arasında keçirilmişdi, Amerikanın Səsinin məlumatında qeyd olunur.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz