Azərbaycanda müsbət istiqamətdə heç bir dəyişiklik görmürəm - PETRA BAYR
Tarix: Bu gün, 14:50
pace.coe.int
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Petra Bayrın AzadlıqRadiosuna müsahibəsində Avropa Şurası ilə Azərbaycan arasındakı münasibətlər, insan haqları, Assambleyanın qətnamələri və Azərbaycanın təşkilata qayıdış perspektivləri müzakirə olunub.
Civilazerbaijan.com AzadlıqRadiosuna istinadla həmin müsahibəni təqdim edir:
- Bəzi müşahidəçilər iddia edir ki, Avropa İttifaqı Azərbaycanla münasibətlərində iqtisadi və geosiyasi maraqlarını insan haqları və demokratik dəyərlərdən üstün tutur. Siz bu fikirlə razılaşırsınızmı? Sizcə, Avropa İttifaqı öz prinsiplərini iqtisadi və geosiyasi maraqlara qurban verirmi?
- Hesab edirəm ki, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti kimi Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasındakı əlaqələri şərh etmək mənim səlahiyyətim xaricindədir. Bu iki tərəf arasında aparılan danışıqlarda iştirak etmirəm və onların qarşılıqlı gözləntilərindən də xəbərdar deyiləm. Aİ və ya Avropa Komissiyasından fərqli olaraq, Avropa Şurası fəaliyyətini yalnız insan haqları, qanunun aliliyi və demokratiya məsələlərinə yönəldir. Əlbəttə ki, Avropa İttifaqının fəaliyyət dairəsi daha genişdir – enerji və iqtisadiyyat kimi sahələr də bura daxildir ki, bunlar bizim birbaşa mandatımıza aid deyil. Məhz buna görə də dövlətlərə yanaşma tərzimiz fərqlənir.
- Avropa Şurasının baş katibi ilə Azərbaycan hakimiyyəti arasında aparılan danışıqlarla bağlı ictimaiyyətdə kifayət qədər məlumat yoxdur. Bəs siz özünüz bu danışıqlar barədə məlumatlandırılırsınızmı? Xüsusilə, Azərbaycanda siyasi məhbus kimi tanınan şəxslər və ümumilikdə insan haqlarının vəziyyəti ilə bağlı məsələlər danışıqlarda hansı mərhələdədir?
- Mən danışıqların təfərrüatlarından tam məlumatlı deyiləm, sadəcə belə bir görüşün baş tutduğunu bilirəm. Biz Avropa Şurasının daxilində fərqli strukturlarıq. Hesab edirəm ki, baş katib bu məsələləri mütləq gündəmə gətirib, amma hər hansı bir nəticə barədə məlumatım yoxdur. Ümumiyyətlə, son bir neçə ayda Azərbaycandakı vəziyyətə nəzər saldıqda, müsbət istiqamətdə heç bir dəyişiklik görmürəm.
- Amma Baş Katiblik AŞPA-nı müntəzəm olaraq məlumatlandırmalıdır. Elə deyilmi?
- Onlar mənə məlumat verirlər. Əlbəttə ki, baş katiblə mütəmadi olaraq fikir mübadiləsi aparırıq və hesab edirəm ki, bu, kifayət qədər açıq, səmimi bir prosesdir. Amma, təbii ki, baş katiblə müzakirə etdiyimiz və ya onun mənimlə paylaşdığı hər bir mövzu ictimaiyyət üçün nəzərdə tutulmayıb – bəzi məsələlər konfidensial qalır. Ümumilikdə isə deyə bilərəm ki, Parlament Assambleyasının ölkələrə yanaşması, məsələn, Nazirlər Komitəsinin mövqeyindən xeyli fərqlənir. Bu da anlaşılandır, çünki biz prosesləri fərqli prizmalardan qiymətləndiririk.
- AŞPA-nın Azərbaycana qarşı qəbul etdiyi qətnamədə baş katibə Avropa İnsan Hüquqları Konvensiyasının 52-ci maddəsi çərçivəsində araşdırma başlatmaq çağırışı da yer alır. Sizcə, bu təşəbbüs nəyə görə əhəmiyyətlidir və bu addımdan hansı nəticələr gözləmək olar?
- Əlbəttə, mən çox istərdim ki, Azərbaycan yenidən Avropa Şurasının dəyər və standartları istiqamətində irəliləsin, amma hazırda vəziyyət qətiyyən belə deyil. Hesab edirəm ki, sözügedən hesabat mətbuat azadlığı, akademik azadlıqlar və digər obyektiv meyarlar baxımından olduqca əhəmiyyətlidir və real faktlara əsaslanır. Məlumdur ki, Azərbaycan tərəfi sonuncu dəfə bizə nümayəndə heyəti təqdim etməyib. Bu səbəbdən də bizim onun səlahiyyətlərini tanımaq və ya tanımamaq imkanımız olmayıb. İndi isə bu boşluqdan, məsələn, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarını icra etməmək üçün bir bəhanə kimi yararlanırlar. Amma məsələyə daha diqqətlə nəzər salsanız, aydın görərsiniz ki, onlar Assambleyada nümayəndə heyəti ilə təmsil olunduqları dövrdə də Avropa Məhkəməsinin qərarlarını icra etmirdilər. Yəni, əslində bu status heç nəyi dəyişməyib. Sadəcə hazırda AŞPA-da təmsil olunmamalarını bəhanə gətirərək deyirlər: "Bax, buna görə qərarları icra etmirik", "məhz bu səbəbdən Avropa Məhkəməsində hakimliyə namizəd kimi azərbaycanlıların yeni siyahısını göndərmirik". Məncə, onlar nümayəndə heyəti təqdim etməmələrini hər bir məsələdə bəhanəyə çeviriblər. Bu da "artıq öhdəliklərə əməl etməyə ehtiyacımız yoxdur" deməyə hesablanmış bir strategiya ola bilər. Amma xeyr. Konvensiyanın qaydalarını bilən hər kəs anlayır ki, təkcə Avropa Şurasının üzvü olmaq faktı belə bütün bu öhdəlikləri qeyd-şərtsiz yerinə yetirməyi tələb edir
- Sizcə, baş katib Azərbaycan öhdəliklərini yerinə yetirməsə, 52-ci maddəni işə salacaqmı? Bunu nə qədər real sayırsız?
- Bunun real olduğunu düşünmürəm. Çünki mən baş katib olsaydım – hansı ki, deyiləm – belə bir məsələni ancaq Avropa Şurasının hər iki əsas qurumunun dəstəyini tam hiss etdiyim halda gündəmə gətirərdim. Hazırda isə açıq-aşkar görünür ki, bunu yalnız bir qurum istəyir. Nazirlər Komitəsi isə bu mövqeyi bölüşmür. Onlar bizim Azərbaycanı yenidən Parlament Assambleyasına qaytarmağımızı istəyirlər. Amma Azərbaycan bizə hələ də nümayəndə heyəti təqdim etmədiyi üçün bu, sadəcə qeyri-mümkündür. Hətta təqdim etsələr belə, fikrimcə, hər hansı müzakirəyə başlamazdan əvvəl rəsmi Bakı konkret addımlar atmalıdır.
- Hansı şərtlər altında Azərbaycan AŞPA-ya qayıda bilər?
- Hesab edirəm ki, bu, mərhələli bir proses olmalıdır. İlk addım kimi yerinə yetirilməli olan bir sıra konkret tədbirlər var. Məsələn, AŞPA-nın azı 70 deputatının yer aldığı qara siyahıdan, heç olmasa, bəzi adlar çıxarılmalıdır. Mən də daxil olmaqla, həmin siyahıda olan şəxslərin – o cümlədən iki həmməruzəçidən birinin – Azərbaycana girişi qadağandır. Bu səbəbdən də, hətta dialoq və əməkdaşlıq istəsək belə, fiziki olaraq hərəkət etmək imkanımız yoxdur. Bildiyimə görə, bu problemi həll etmək üçün xeyli "səssiz diplomatiya" cəhdləri olub, amma bunların heç biri nəticə verməyib. Məncə, əgər Azərbaycan bu prosesi ciddiyə alırsa və Avropa Şurasının tamhüquqlu üzvü kimi qayıtmaq niyyətini nümayiş etdirmək istəyirsə, ən azından tanınmış bəzi siyasi məhbusları azadlığa buraxmalıdır. Biz bilirik ki, onlardan bəziləri, demək olar ki, heç bir əsas olmadan həbs olunublar. Ona görə də Azərbaycanın ilk növbədə bir neçə aydın siqnal verməsi və ümumi dəyərlərimizə qayıtmaq niyyətini ortaya qoyması vacibdir.
- Hansısa siqnallar göndərilirmi?
- Hazırda, təəssüf ki, heç bir siqnal görmürəm. "Təəssüf ki" sözünü Avropa Şurasını natamam hesab etdiyimə görə və ya buna bənzər bir səbəbdən işlətmirəm. Bunu sırf Azərbaycan xalqının özünə görə deyirəm – çünki onlar hüquqi cəhətdən mümkün ola biləcəyindən daha az qorunurlar.
- Əgər Azərbaycan öhdəliklərinə əməl etməsə, əlavə tədbirlər və ya sanksiyalar mümkündürmü? Mümkündürsə, nə kimi?
- Əlbəttə, nəzəri baxımdan əlavə tədbirlərin görülməsi də mümkündür. Bir tərəfdən, Nazirlər Komitəsi Azərbaycan nümayəndə heyətini yenidən müzakirələrə – xüsusilə də Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının icrası ilə bağlı proseslərə – aktiv şəkildə cəlb etməyə çalışa bilər. Artıq uzun müddətdir ki, Azərbaycan bu qərarların icrasını təmin etmir. Digər tərəfdən, birgə əlavə prosedurların tətbiqi də nəzərdən keçirilə bilər. Lakin mən belə bir cəhdin effektiv və ya müsbət nəticə verəcəyinə inanmıram. Bu, nəzəri cəhətdən mümkün olsa da, reallıqdan uzaq görünür. Belə bir gedişat son mərhələdə Azərbaycanın qurumdan xaric edilməsi ilə də nəticələnə bilər, amma mən bunu arzulamıram. Mən Rusiyanın da geri qayıtmasının tərəfdarıyam; onun demokratik, insan hüquqlarına hörmət edən və hüququn aliliyinin bərqərar olduğu bir ölkəyə çevrilməsini istəyirəm. Təəssüf ki, hazırda bu, sadəcə bir xəyaldır. Ona görə də ümid edirəm ki, Azərbaycan öz mövqeyinə yenidən baxacaq, beynəlxalq hüquqdan və konvensiyadan irəli gələn öhdəliklərinə münasibətini dəyişəcək. Onda hər şey yaxşılığa doğru dəyişə bilər.
- AŞPA-nın Azərbaycana dair son qətnamə müzakirələrində sanksiyalar da xüsusi vurğulanırdı. Sizcə, bu sanksiyaların tətbiqi nə dərəcədə realdır?
- Əgər nümayəndə heyəti burada olsaydı, əlbəttə, onun üzvlərinə qarşı sanksiyalar barədə düşünmək olardı. Amma hazırda bu, mümkün deyil. Doğrudur, nəzəri olaraq tamamlayıcı birgə prosedur və ya digər addımlar üçün imza toplamağa başlaya bilərik. Amma bu, mənim üçün irəliyə doğru addım kimi görünmür və reallıqda nəyəsə kömək edəcəyinə inanmıram.
- AŞPA-nın öz nüfuzunu və qərarlarının real təsirini itirməsi ilə bağlı fikirlər də səslənir. Siz bu fikirlərlə razısınızmı? Məsələn, Azərbaycanda insan haqları vəziyyətinə təsir edə biləcək hansı mexanizmlər var?
- Müşahidələrimə görə, qanunun aliliyi, demokratiya və parlamentarizm prinsiplərinin real olaraq işlədiyi ölkələrdə hesabatlarımız həqiqətən də böyük təsir gücünə malikdir. Məsələn, İstanbul Konvensiyasında olduğu kimi, AŞPA-nın hesabatları çox vaxt mühüm beynəlxalq sənədlərin formalaşmasında başlanğıc nöqtəsi rolunu oynayır. Sözsüz ki, hər hansı bir konvensiya yalnız dövlət tərəfindən ratifikasiya edildikdən sonra məcburi hüquqi qüvvə qazanır. Bu baxımdan, bəli, hesabatların real təsiri danılmazdır. Digər tərəfdən, əgər bir ölkə Avropa ailəsindən uzaqlaşmaq yolunu seçibsə, onun məhkəmə qərarlarını necə yerinə yetirəcəyi, Assambleya tövsiyələrinə necə əməl edəcəyi və ya istər Nazirlər Komitəsində, istərsə də digər platformalarda aparılan müzakirələrə nə dərəcədə önəm verəcəyi sualı artıq öz aktuallığını itirir. Buna baxmayaraq, bu təsirin tamamilə məhdud olduğunu düşünmürəm. Beynəlxalq hüquqda qarşılıqlı dialoq həmişə önəmlidir. Təsir vasitələrinin gücü və onların tətbiq mexanizmləri həmişə müzakirə mövzusu olsa da, bu təsiri yox saymaq olmaz.
- Azərbaycanda AŞPA-nın son qətnaməsini "kağız parçası" adlandıranlar oldu. Sizcə, belə bir şəraitdə bu qətnamənin nə təsiri ola bilər?
- Keçən həftə sözügedən hesabatın gündəliyə salınması və böyük səs çoxluğu ilə qəbul edilməsi real fəaliyyətin bariz göstəricisidir. Bu sənədə bu qədər zəhmət qoyulduğu halda, azərbaycanlı deputatın onu "sadəcə kağız parçası" adlandırması təəccüblü deyil. Başqa nə deməli idi ki? "Bəli, tamamilə haqlıdırlar, biz indi bu tələbləri yerinə yetirməliyik" deyəcəkdi? Xeyr, məhz bu cür yanaşma çıxış yolu deyil, problemin özüdür. Məncə, parlament diplomatiyasının əsas missiyası tərəfləri masa ətrafına toplamaq və problemləri birgə həll etməyə çalışmaqdır. Ancaq onlar görüşlərdən yayınır, xüsusilə Nazirlər Komitəsinin işçi qrupunda məhkəmə qərarlarının icrası ilə bağlı dialoqdan qaçaraq prosesi faktiki olaraq boykot edirlərsə, biz yenə də irəli getməli və Azərbaycanı diqqət mərkəzində saxlamalıyıq. Hesab edirəm ki, Azərbaycanda çətin şəraitdə yaşayan, əziyyət çəkən insanları unutmamaq olduqca vacibdir.
- Azərbaycanda bu qətnaməni qərəzli sayanlar və AŞPA-nı ikili standartlarda günahlandıranlar oldu.
- Eşitdiyimə görə, mediada ciddi reaksiyalar olub; məni bir sıra məsələlərə görə qınayıblar, təşkilatı isə ikili standartlarda ittiham ediblər. Amma düzünü desəm, siyasi müxalifətə, müstəqil jurnalistlərə, azad mediaya və vətəndaş cəmiyyətinə qarşı Azərbaycan qədər sərt siyasət yürüdən çox az ölkə tanıyıram. İkili standartlar iddialarına gəlincə, burada əsas sual budur: müqayisəni kiminlə aparırsınız və hansı meyarları əsas götürürsünüz?Azərbaycanın daxili siyasi müzakirələrini birbaşa və dərindən izləmədiyim üçün proseslərin hansı istiqamətdə inkişaf edəcəyini, yəni bunun daxildə müsbət, yoxsa mənfi təsir yaradacağını dəqiq proqnozlaşdıra bilmərəm. Mənə verilən məlumata görə, hökumətyönümlü mediada bu hesabat "çox uğursuz" və "yalan" sənəd kimi təqdim olunub. Amma şübhəsiz ki, məsələyə fərqli baxanlar da var. Bildiyim qədərilə, hesabatın işıqlandırılması yalnız rəsmi medianın tənqidi mövqeyi ilə məhdudlaşmayıb; eyni zamanda, insan hüquqlarını müdafiə edən tərəflər də sənədi çox müsbət qarşılayıb.
- Azərbaycan mediasında Sizin adınız da tez-tez çəkilir. İşğal altındakı ərazilərə qanunsuz səfər etmək, Azərbaycan rəhbərliyinə qarşı çıxışlar və "Laçın dəhlizi" ilə bağlı mövqeyiniz səbəbilə tənqid olunursunuz. Bu tənqidlərə cavabınız nədir?
- Qətiyyən. Mən belə bir ittihamla heç vaxt qarşılaşmamışam, yəni heç kim bunu birbaşa mənim üzümə deməyib. Ola bilsin ki, mediada bu barədə müəyyən iddialar yer alıb, amma mənim həmin mənbələrə çıxışım olmadığı üçün bundan xəbərsizəm. Mənə birbaşa heç vaxt bu məzmunda sual ünvanlanmayıb. Doğrudan da, "Laçın dəhlizi" ilə bağlı məsələ bizim bir çox qətnamələrimizdə öz əksini tapıb və mən də şəxsən həmin sənədlərin lehinə səs vermişəm. Bəli, bu mövqeyi tamamilə dəstəkləyirəm və qəbul etdiyim qərarların sonuna qədər arxasındayam. Amma qeyd etdiyim kimi, bugünə qədər bu ittihamlarla heç vaxt birbaşa qarşılaşmamışam.
- Siz heç vaxt Azərbaycanın işğal altında olan ərazilərində olmamısınız?
- Xeyr, mən orada heç vaxt olmamışam. Ümumiyyətlə, Ermənistana da həyatımda heç vaxt getməmişəm. AŞPA-da 2018-ci ildən bəri təmsil olunuram. Yalnız bir dəfə, səhv etmirəmsə, 90-cı illərdə Azərbaycandakı seçkiləri müşahidəçi qismində izləmişəm.
- Sizin də ölkəniz - Avstriya 2026-cı ilin yanvarından Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) təbii qaz idxalına başlayıb. Bununla da Azərbaycan qazı alan Avropa İttifaqı ölkələrinin sayı 10-a çatıb. Sizcə, Azərbaycanı AŞPA qarşısındakı öhdəliklərini yerinə yetirməyə məcbur etmək nə qədər realdır?
- Bu, olduqca yerində verilmiş bir sualdır. Gələn həftə evə qayıtdıqdan sonra bu məsələni mütləq dərindən araşdıracağam. Amma mənim üçün indidən aydın olan ilk nəticə və əsas mesaj budur: biz, coğrafi mənşəyindən asılı olmayaraq — istər Rusiya Federasiyası, istər Azərbaycan, istərsə də digər mənbələr olsun — enerji asılılığına tamamilə son qoymalıyıq. Enerji müstəqilliyimizin təmin olunması üzərində ciddi işləməli, bərpaolunan enerji sahəsini inkişaf etdirməli və həm milli, həm də Avropa İttifaqı səviyyəsində enerji təchizatı baxımından suverenliyimizi gücləndirməliyik.
- Sizcə, Azərbaycanın Avropa Şurasından gözləntisi nədir? Hansı şərtlər altında AŞPA-ya qayıda bilər?
- Azərbaycanın təşkilata qayıtmaq üçün hansı addımları atmağa hazır olduğunu bilsəydik, işimiz daha da asanlaşardı. O zaman müzakirə edə biləcəyimiz ortaq bir zəmin yaranardı. Hazırda mən məhz belə bir zəminin ciddi şəkildə çatışmadığını görürəm. Mənə elə gəlir ki, Azərbaycan hakimiyyəti siyasətində heç bir dəyişiklik etmədən Avropa qurumlarının onları yenidən qucaq açıb qarşılayacağını gözləyir. Amma bu, baş verməyəcək. Hazırda onların bizim dəyərlərimizə və tələblərimizə doğru addım atmağa hazır olduğunu göstərən heç bir real siqnal görmürəm. Onlar heç bir ilkin şərt olmadan birbaşa AŞPA-ya bərpa olunmaqlarını tələb edirlər. Yalnız bundan sonra, bəlkə də, qara siyahının ləğvini və ya digər addımları nəzərdən keçirəcəklərini düşünürlər. Amma qorxuram ki, bu cür yanaşma işə yaramayacaq.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər













