Fazil Qasımov məhkəməyə aparılmadığı üçün quru aclığa başlayıb
Tarix: Bu gün, 17:02
Həbsdə olan iqtisadçı-alim Fazil Qasımov şikayətinə baxılan Nərimanov Rayon Məhkəməsinin iclaslarına aparılmamasına etiraz olaraq sentyabrın 19-da quru aclığa başladığını bildirib.
Civilazerbaijan.com bildirir ki, bu barədə onun yaxınları “Toplum TV”yə məlumat veriblər. Qasımov iddia edir ki, ibtidai istintaq zamanı müdafiəsinə qoşulmaq istəyən vəkillərdən imtina ərizəsi onun adından müstəntiq Yusif Yusifov tərəfindən yazılıb və imzası saxtalaşdırılıb. O, bununla bağlı Nərimanov Rayon Məhkəməsinə müraciət edib. Yaxınlarının sözlərinə görə, şikayət dörd aydır məhkəmənin icraatında olsa da, Qasımov iclaslara aparılmır. O, Penitensiar Xidmətin və konvoy əməkdaşlarının müxtəlif bəhanələrlə məhkəmədə iştirakına qəsdən mane olduğunu bildirir.
Məlumata görə, avqustun 21-də Qasımovun həm apellyasiya, həm də Nərimanov Rayon Məhkəməsinə aparılması nəzərdə tutulub. Lakin konvoy əməkdaşının ikinci iclasa aparılması barədə sənədin üzərindən xətt çəkdiyi və onun həmin məhkəməyə çatdırılmadığı iddia olunur. Sentyabrın 4-də də oxşar halın yaşandığı bildirilir.
Sentyabrın 16-da isə Qasımovun həm Nərimanov, həm də Nəsimi rayon məhkəmələrində iclasları təyin olunub. Yaxınları deyirlər ki, o, şikayətinə baxılan iclasda iştirak etmək üçün Nəsimi Rayon Məhkəməsinə getməkdən imtina edib. İddiaya görə, konvoy əməkdaşı Qasımova zor tətbiq edərək onu avtomobilə mindirib. O, Nəsimi Rayon Məhkəməsinə, oradan isə cəzaçəkmə müəssisəsinə aparılıb.
İmzanın saxtalaşdırılması iddiası ilə bağlı Baş Prokurorluğun hərəkətsizliyindən verilən şikayətə Səbail Rayon Məhkəməsində də baxılıb. Məhkəmə iyulun 30-da şikayəti təmin edərək qurumun hərəkətsizliyini qanunsuz sayıb, sənədin saxtalaşdırılması və müdafiə hüququnun pozulması barədə iddiaların tam və obyektiv araşdırılmasına qərar verib.
İş materiallarına əlavə edilmiş Alternativ Ekspertiza Mərkəzinin 14 aprel 2026-cı il tarixli rəyində ərizədəki mübahisəli imzanın Qasımov tərəfindən deyil, başqa şəxs tərəfindən atıldığı göstərilib.
Qasımov bildirir ki, vəkilləri Eldar Qədimi və Araz Allahverdiyev həmin ərizə əsasında prosesdən kənarlaşdırılıblar. O, müstəntiq Yusif Yusifovun və keçmiş vəkili Anar Qasımlının hərəkətlərinə hüquqi qiymət verilməsini tələb edir.
İqtisadçı Qubad İbadoğlunun işi üzrə 2023-cü ildə Türkiyədə saxlanılaraq Azərbaycana gətirilən Fazil Qasımov ötən ilin martında 9 il müddətinə azadlıqdan məhrum edilib. O, Cinayət Məcəlləsinin saxta pul və ya xarici valyutanı satış məqsədilə hazırlama, əldə etmə və ya satma, həmin əməllərin mütəşəkkil dəstə tərəfindən törədilməsi maddəsi ilə ittiham olunub.
Qubad İbadoğlu 2023-cü ilin iyulunda həbs olunub. O, saxta pul və ya xarici valyutanı satış məqsədilə hazırlama, əldə etmə və ya satma, habelə dini ekstremist materialları hazırlama, saxlama və ya yayma maddələri ilə ittiham olunur. İbadoğlu ittihamları rədd edir.
2024-cü ilin aprelində Qubad İbadoğlu ev dustaqlığına buraxılıb, mayda isə bu qətimkan tədbiri polis nəzarəti ilə əvəzlənib.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər












