2023-cü ildə vəfat edən şəxsə iki il sonra 40 manat cərimə yazılıb
Tarix: Bu gün, 14:40
2023-cü ildə vəfat edən şəxsə iki il sonra - 2025-ci ildə inzibati xəta törətdiyi əsas gətirilərək 40 manat cərimə yazılıb. Daha sonra cərimə ödənilmədiyi üçün həmin şəxsin barəsində yenidən inzibati protokol tərtib edilərək iş məhkəməyə göndərilib.
Civilazerbaijan.com bildirir ki, “Abzas Media”nın əldə etdiyi məlumata görə, şəxs 2025-ci ildə İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat cərimə edilib.
Məlumata görə, cərimə müəyyən edilmiş müddətdə ödənilmədiyindən onun üzərinə dəbbə pulu da hesablanıb. Daha sonra cərimənin qərar qüvvəyə mindikdən sonra üç ay ərzində ödənilməməsi əsas gətirilərək şəxsin barəsində İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə protokol tərtib olunub və material Ağstafa Rayon Məhkəməsinə göndərilib.
İşə sentyabrın 8-də hakim Natiq Abbasovun sədrliyi ilə baxılıb. Araşdırma zamanı isə məlum olub ki, barəsində icraat aparılan şəxs hələ 2023-cü ildə vəfat edib. Yəni, ona inzibati cərimə ölümündən təxminən iki il sonra yazılıb.
İnzibati Xətalar Məcəlləsinin 53.1.8-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs öldükdə belə icraat başlana bilməz, başlanmış icraata isə xitam verilməlidir.
Məhkəmə də həmin şəxsin vəfat etdiyini nəzərə alaraq onun barəsində başlanmış inzibati icraata xitam verib.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər













