Əli Kərimli “Ramiz Mehdiyev işi” üzrə istintaqa ifadə verməyib - AXCP
Tarix: Bu gün, 17:20
Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) həbsdə olan sədri Əli Kərimlinin sabiq Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin cinayət işi üzrə şahid qismində dindirilməsi barədə yayılan məlumatları təkzib edib.
Civilazerbaijan.com bildirir ki, son günlər hökumətyönlü media orqanlarında “Ramiz Mehdiyev işi” üzrə istintaqın başa çatdığı və cinayət işinin məhkəməyə göndərildiyi barədə xəbərlər yayılıb. Həmin məlumatlarda Əli Kərimlinin də iş üzrə şahid qismində dindirildiyi bildirilib. AXCP Mətbuat Xidməti sentyabrın 17-də yaydığı açıqlamada bu məlumatın həqiqətə uyğun olmadığını bəyan edib.
“Bu xəbər tamamilə yalandır. Əli Kərimli ilk gündən istintaqa heç bir ifadə verməyəcəyini bildirib və indiyə kimi bu mövqeyində qalır”, – deyə açıqlamada qeyd olunub.
Partiyanın bildirdiyinə görə, Əli Kərimli vəkilləri vasitəsilə Ramiz Mehdiyevlə əməkdaşlıq etməsi barədə iddiaları da rədd edib:
“O, vəkilləri vasitəsilə açıq şəkildə ictimaiyyətə bəyan edib ki, onu Əliyevlər hakimiyyətinin ən önəmli fiqurlarından olan Ramiz Mehdiyevlə işbirliyində əlaqələndirmək qurama, absurd və gülünc ittihamdır. Bu, açıq şərləmə və qondarma iş olduğuna görə, onun bu proseslə bağlı ifadə verəcəyi heç nə yoxdur”.
AXCP-nin mətbuat xidməti Əli Kərimlinin həbsindən bu yana istintaqa ifadə vermədiyini bir daha vurğulayıb:
“Son günlər yayılan yalan xəbərlərlə bağlı açıq şəkildə bildiririk ki, Əli Kərimli həbsə girdiyi gündən bəri istintaqa heç bir ifadə verməyib”.
Açıqlamada Əli Kərimlinin həbsdə olarkən də siyasi mövqeyini ictimaiyyətə çatdırmağa davam etdiyi bildirilib. AXCP onun saxlanılması zamanı və sonrakı dövrdə təzyiqlərə məruz qaldığını iddia edib.
“Əli Kərimlinin mövqeyi və mesajı açıqdır, onu heç nə susdura bilməz və sona kimi mübarizə aparmağa davam edəcək”, -deyə partiyanın açıqlamasında bildirilib.
AXCP həmçinin Əli Kərimliyə qarşı irəli sürülən cinayət işinə xitam verilməsini və onun azadlığa buraxılmasını tələb edib.
Əli Kərimli Cinayət Məcəlləsinin 278.1-ci maddəsi ilə – hakimiyyəti zorla ələ keçirməyə və ya dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlərdə ittiham olunur. O, ötən il noyabrın 29-da saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib. Eyni cinayət işi üzrə AXCP Ali Məclisinin katibi Məmməd İbrahim də həbs olunub. Ona da Cinayət Məcəlləsinin 278.1-ci maddəsi ilə ittiham irəli sürülüb.
Hökumətyönlü media Əli Kərimli və Məmməd İbrahimin həbslərini Dövlət Təhlükəsizliyi Xidmətində istintaqı aparılan “Ramiz Mehdiyev işi” ilə əlaqələndirib. Ramiz Mehdiyev isə həmin iş üzrə təqsirləndirilən şəxsdir.
Ramiz Mehdiyev 1995–2019-cu illərdə Azərbaycan Prezident Administrasiyasının rəhbəri, 2019–2022-ci illərdə isə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti olub. Onun barəsində cinayət təqibinə 2025-ci ilin oktyabrında başlanılıb. Ramiz Mehdiyev hakimiyyətin zorla ələ keçirilməsinə yönələn hərəkətlər, dövlətə xəyanət və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması ilə bağlı ittihamlarla üzləşib və barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib. İş üzrə DTX bir sıra siyasi və ictimai şəxslərin də adlarını çəkib və onların Azərbaycanda hakimiyyətin zorla dəyişdirilməsinə yönəlmiş fəaliyyətdə iştirak etdiyini iddia edib. Mehdiyev və digər şəxslərlə bağlı bu iddiaların hüquqi qiyməti məhkəmə araşdırması çərçivəsində müəyyənləşməlidir.
Son yayılan məlumatlara görə, “Ramiz Mehdiyevin işi” məhkəməyə göndərilib. İş üzrə Ramiz Mehdiyevin keçmiş köməkçisi Eldar Əmirov da təqsirləndirilən şəxsdir. DTX-nin daha əvvəl açıqladığı məlumata görə, Əmirov hakimiyyətin zorla ələ keçirilməsinə və ya konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlərə kömək etmədə ittiham olunur.
Yerli medianın məlumatında Ramiz Mehdiyevin oğlu Timur Mehdiyevin və kürəkəni İlham Əliyevin də cinayət işində şahid qismində yer aldığı bildirilir. Onların məhkəmə istintaqı zamanı ifadələrinin dinləniləcəyi gözlənilir.
Eyni zamanda qeyd edilir ki, hazırda həbsdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin və partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin haqqında açılan cinayət işi bu işdən ayrılıb.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər













