ABŞ Nümayəndələr Palatası Rusiya və İrana qarşı “Cəhənnəm sanksiyaları” layihəsini qəbul edib
Tarix: Bu gün, 18:34
ABŞ Nümayəndələr Palatası Rusiya və İrana qarşı sanksiyaları sərtləşdirən qanun layihəsini qəbul edib. “Current Time” nəşri yazır ki, sənədin lehinə 262, əleyhinə 159 konqresmen səs verib.
Civilazerbaijan.com bildirir ki, ötən ay Senatda da qəbul olunan layihə imzalanmaq üçün prezident Donald Trampa göndərilib.
“Cəhənnəm sanksiyaları” adlandırılan sənəd Rusiyanın vəzifəli şəxslərinə, maliyyə institutlarına, enerji sektoruna və neft daşımalarında istifadə etdiyi “kölgə donanması”na qarşı məhdudiyyətlər nəzərdə tutur. Layihədə konkret şəxslərin və şirkətlərin adları göstərilmir.
Sənəd prezidentə Rusiya nefti və qazının iri alıcıları olan, həmçinin Moskvaya sanksiyalardan yayınmaqda kömək edən ölkələrə 100 faizədək gömrük rüsumu tətbiq etmək səlahiyyəti verir. Layihə ABŞ-nin İrana qarşı sanksiyalarının müddətini də uzadır.
Demokratların bir hissəsi prezidentin gömrük rüsumları ilə bağlı səlahiyyətlərinin genişləndirilməsinə etiraz edib. Nümayəndələr Palatasında demokratların lideri Hakim Ceffris Rusiyaya təzyiqi dəstəklədiyini, lakin Trampa bu qədər geniş səlahiyyət verilməsinə qarşı olduğunu bildirib.
Layihənin həmmüəllifi, senator Riçard Blumental Rusiya neftinin ən böyük alıcıları olan Hindistan və Çini neft və qazı başqa ölkələrdən almağa çağırıb.
Hindistan Xarici İşlər Nazirliyi isə ölkənin ticarət və iqtisadi maraqlarını qorumaq üçün zəruri tədbirlər görməyə hazır olduğunu açıqlayıb. Nazirlik enerji təhlükəsizliyinin təmin olunması üçün tədarük mənbələrinin şaxələndirilməsinin davam etdiriləcəyini bildirib.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər













