Daha bir QHT rəhbərinə şərti həbs cəzası verilib
Tarix: Bu gün, 14:06
Qeyri-hökumət təşkilatları (QHT) ilə bağlı cinayət işi üzrə təqsirləndirilən vətəndaş cəmiyyəti təmsilçilərindən daha birinə - "Qazax Regional İnkişaf Resursları" İctimai Birliyinin sədri Məhərrəm Göyüşoğluna hökm oxunub. Sentyabrın 4-də Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona 4 il sınaq müddəti təyin edilməklə, 8 il şərti cəza verilib.
Civilazerbaijan.com bildirir ki, "QHT işi" üzrə təqsirləndirilən başqa fəallar kimi, Göyüşoğlu da vəzifə səlahiyyətlərindən sui-istifadə, vəzifə saxtakarlığı, cinayət yoluyla əldə olunmuş vəsaitin leqallaşdırılması kimi əməllərdə ittiham olunur. İddia olunur ki, o, USAID-dən, German Marşall Fondundan aldığı vəsaitləri qrant kimi Ədliyyə Nazirliyində qeydiyyatdan keçirməyib, xidmət müqaviləsi ilə rəsmiləşdirib.
İxtisasca tarixçi olan 53 yaşlı Göyüşoğlu II qrup əlildir. O, 2002-ci ildən QHT sektorunda fəaliyyət göstərir. Rəhbərlik etdiyi "Qazax Regional İnkişaf Resursları" İB-ni 2006-cı ildə yaradıb. Məhkəmədə ifadəsində deyib ki, o vaxtdan bu təşkilatla bir çox layihələr həyata keçirib.
Göyüşoğlu vurğulayıb ki, hansısa layihəni icra edərkən bunun xidmət müqaviləsi ilə rəsmiləşdirilməsinin cinayət hesab olunacağını düşünmürdü. O, cinayət işində bəhs olunan hər iki layihə üzrə ayrılan vəsaitin tamamilə layihələrin icrasına xərcləndiyini əlavə edib.
Qeyd edək ki, Azərbaycanda QHT-lərlə bağlı 2014-cü ildə başlanmış cinayət işinin icraatı 2022-ci ildə dayandırılıb. 2025-ci ilin fevralında Baş Prokurorluq icraatı təzələyib, beynəlxalq donor təşkilatlarla əməkdaşlıq etmiş 20-yə yaxın vətəndaş cəmiyyəti fəalı cinayət məsuliyyətinə cəlb olunub. Onlardan beş nəfər həbs edilib, 10-a yaxın vətəndaş cəmiyyəti fəalı haqqında isə alternativ qətimkan tədbiri seçilib, daha iki nəfər isə axtarışa verilib.
Həbs olunanlar arasında Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı, "Ubuntu" Sosial İş Assosiasiyası təşəbbüs qrupunun rəhbəri Zamin Zəkiyev, Gəncə Regional İcma Mərkəzinin rəhbəri Asəf Əhmədov, Seçki Müşahidə Alyansının icraçı direktoru Məmməd Alpay (Məmmədzadə) və ictimai fəal Əhməd Məmmədzadə də vardı. Artıq QHT təmsilçilərindən bir neçəsinin məhkəməsi yekunlaşıb. A.Əhmədova 8 il, Z.Zəkiyevə isə 7 il 6 ay həbs cəzası kəsilib.
Barəsində alternativ qətimkan tədbiri seçilmiş fəallardan Aygül Pəncəliyeva, Asiman Qocayev, Qalib Bayramov, Nərgiz Muxtarova, Əhməd Məmmədzadəyə şərti cəza verilib. Digərlərinin mühakiməsi isə davam edir.
Təqsirləndirilən QHT təmsilçiləri ittihamları qəbul etmirlər, heç bir cinayət törətmədiklərini bildirirlər, AzadlıqRadiosunun məlumatında qeyd olunur.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər













