Saytların bloklanması ictimaiyyətin məlumat almaq hüququna müdaxilədir - YALÇIN İMANOV
Tarix: Bu gün, 14:39
Bu il iyulun 14-də prezident İlham Əliyev “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna dəyişiklikləri təsdiqlədi.
Civilazerbaijan.com bildirir ki, dəyişikliyə əsasən, narkotik vasitələrin, qumarın və intiharın təbliğ edildiyi, pornoqrafik məzmunun, təhqir və əxlaqsız ifadələrin, eləcə də şəxsi həyatın toxunulmazlığını pozan məlumatların yerləşdirildiyi internet informasiya ehtiyatlarına giriş məhkəmə qərarı olmadan, müvafiq icra hakimiyyəti orqanının qərarı ilə müvəqqəti məhdudlaşdırıla biləcək.
Hüquqşünas Yalçın İmanov “Toplum TV”yə bildirib ki, internet informasiya ehtiyatlarına məhkəmə qərarı olmadan girişin məhdudlaşdırılması imkanı qanunun əvvəlki mətnində də mövcud olub. Onun sözlərinə görə, əvvəlki qaydalar buna yalnız dövlətin və cəmiyyətin qanunla qorunan maraqlarına təhdid yarandığı və ya insanların həyatı və sağlamlığı üçün real təhlükə olduğu təxirəsalınmaz hallarda yol verirdi.
Hüquqşünas hesab edir ki, yeni dəyişikliklərlə bu səlahiyyətin tətbiq dairəsi əhəmiyyətli şəkildə genişləndirilib.
“Hərçənd, qanunun əvvəlki mətni də kifayət qədər problemli idi. Dövlətin və cəmiyyətin qanunla qorunan maraqları anlayışının birmənalı izah edilməməsi, eləcə də insanların həyatı və sağlamlığı üçün real təhlükə meyarının vahid standartla müəyyənləşdirilməməsi dövlət orqanlarının bundan sui-istifadəsi üçün geniş imkanlar yaradırdı. Bundan əlavə, təxirəsalınmaz hal anlayışının nəyi ehtiva etdiyi və hansı hallarda mövcud sayıldığı ilə bağlı da vahid yanaşma yox idi. İndiki dəyişikliklərlə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin məhkəmə qərarı olmadan internet informasiya ehtiyatlarına girişi müstəqil şəkildə məhdudlaşdırmaq səlahiyyətinin genişləndirilməsi qanunun problemli tərəflərini daha da dərinləşdirir”, - o qeyd edib.
Y. İmanovun fikrincə, yeni dəyişikliklər Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) Azərbaycanla bağlı qərarları baxımından da problem yaradır. O, “Azadlıq Radiosu və başqaları Azərbaycana qarşı” işi üzrə qərara istinad edərək bildirib ki, AİHM yerli hakimiyyət orqanları və məhkəmələrin “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanunun müvafiq müddəalarını həddindən artıq geniş və özbaşına tətbiq etdiyini müəyyən edib.
Hüquqşünas qeyd edib ki, AİHM icra hakimiyyəti orqanının qərarı ilə saytın müvəqqəti bloklanmasını nəticələri baxımından məhkəmə qərarı ilə bloklanmaya bərabər müdaxilə hesab edib. Məhkəmənin mövqeyinə görə, media qurumlarının fəaliyyətinə əvvəlcədən məhdudiyyət qoyulduğu hallarda bunun aydın hüquqi çərçivəsi və effektiv məhkəmə nəzarəti təmin edilməlidir. AİHM saytların bloklanması prosesində hüquqi təminatların və özbaşına müdaxilədən müdafiə mexanizmlərinin yetərli olmadığı qənaətinə gələrək Konvensiyanın ifadə azadlığını nəzərdə tutan 10-cu maddəsinin pozulduğunu müəyyən edib.
Hüquqşünasın fikrincə, xüsusilə təhqir və şəxsi həyatın toxunulmazlığının pozulması ilə bağlı yeni əsaslar hüquqi suallar yaradır. Onun sözlərinə görə, təhqirə və ya böhtana məruz qaldığını düşünən şəxs qanunla internet resursundan məlumatın silinməsini tələb edə və ya məhkəməyə müraciət edə bilər. Lakin həmin şəxs heç bir hüquqi addım atmasa belə, nazirliyin onun adından həmin məlumatın bloklanmasına qərar vermək imkanının yaranması ifadə azadlığı baxımından problemli görünür.
“Azərbaycan məhkəmələri müstəqil olmadığından və icra hakimiyyətinin tapşırıqları əsasında fəaliyyət göstərdiyindən məhkəmə nəzarətinin effektiv olduğunu iddia etmək ciddi yanaşma olmaz. Avropa Məhkəməsinin Azərbaycanla bağlı qərarlarının icrasının monitorinqi də göstərir ki, yerli məhkəmələr səmərəli araşdırma meyarlarına cavab vermir, ədalətli məhkəmə araşdırmasının minimal təminatları belə təmin olunmur. Ona görə də məhkəmə nəzarətinin effektivliyindən danışmaq mümkün deyil”, - o vurğulayıb.
Y. İmanovun bildirir ki, dövlət orqanlarının özbaşına müdaxilələrinə qarşı qanunvericilikdə adekvat təminatlar nəzərdə tutulmadıqda, belə qanun “qanunun keyfiyyəti” meyarına cavab vermir. Hüquqşünasa görə, xüsusilə fundamental hüquqlara müdaxilə ilə bağlı icra hakimiyyətinə geniş və sərhədləri aydın müəyyənləşdirilməmiş səlahiyyətlərin verilməsi Konvensiyada nəzərdə tutulan qanunun aliliyi prinsipinə ziddir.
Hüquqşünas bildirib ki, AİHM-in presedentlərinə görə, internet saytlarına girişin məhdudlaşdırılması təkcə məlumat yaymaq hüququna deyil, ictimaiyyətin həmin məlumatı almaq hüququna da müdaxilədir. Bu isə dövlətin Konvensiyanın 10-cu maddəsi üzrə məsuliyyətinə səbəb ola bilər.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər













