Kanada ukraynalı uşaqların deportasiyasına görə rusiyalı nazirə sanksiya tətbiq edib

Xəbərin çap versiyası
Tarix: Bu gün, 14:42


Kanada Rusiyanın fövqəladə hallar naziri Aleksandr Kurenkova, onun həyat yoldaşı Yelena Milskayaya və daha altı Rusiya vətəndaşına sanksiya tətbiq edib.

Civilazerbaijan.com
bildirir ki, bu barədə Kanada hökumətinin saytında məlumat verilib. Kanada hakimiyyətinin fikrincə, sanksiya siyahısına daxil edilən şəxslər ukraynalı uşaqların qanunsuz deportasiyası və məcburi köçürülməsində, eləcə də ideoloji təbliğata cəlb edilməsi və hərbiləşdirilməsində iştirak edib və ya etməkdədirlər.

Kurenkov və Milskayadan başqa, sanksiya siyahısına “Rosmolodyoj”un rəhbəri Qriqori Qurov, “Birincilərin Hərəkatı”nın rəsmiləri Artur Orlov və Denis Çernobay, Uşaq Hüquqları üzrə Müvəkkilin aparatının müşaviri Vladimir Xromov, Aleksandra Kulqina və Vitali Suk da düşüb. Onların bəzisi artıq Avropa İttifaqı (Aİ), Böyük Britaniya və digər ölkələrin sanksiya siyahılarındadır. Aİ-nin məlumatına görə, Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsi başlayandan bəri təxminən 20 min 500 ukraynalı uşaq deportasiya edilib və ya məcburi köçürülüb.

Aİ bildirir ki, ‘bu addımlar beynəlxalq hüququ və uşaqların əsas hüquqlarını pozur, Ukrayna kimliyinin məhv edilməsinə yönəlib’.

2023-cü ilin martında Beynəlxalq Cinayət Məhkəməsi Rusiya prezidenti Vladimir Putin və ölkənin uşaq hüquqları üzrə müvəkkili Mariya Lvova-Belovanın həbsi barədə order verib. Onlar Rusiyanın işğal etdiyi Ukrayna ərazilərindən uşaqların qanunsuz deportasiyasına görə məsuliyyət daşımaqda ittiham olunurlar.

Məhkəmə Putinin bu əməllərə görə şəxsi məsuliyyət daşıdığını düşünmək üçün “ağlabatan əsaslar”ın olduğunu bildirib.

Rusiya rəsmiləri ukraynalı uşaqların ölkədən qanunsuz çıxarılması ilə bağlı ittihamları rədd edir. Onlar bunu humanitar yardım və ya işğal olunmuş ərazilərdə infrastrukturla sosial xidmətlərin dağılması səbəbindən yaranmış zərurət kimi təqdim edirlər, Toplum TV-nin məlumatında qeyd olunur.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz